Yaxın günlərdə Avropanın bir sıra bölgələrində havanın temperaturu kəskin aşağı düşəcək. Ən güclü şaxtanın Alp dağları və ətraf ərazilərdə müşahidə olunacağı, bəzi yerlərdə temperaturun mənfi 17 dərəcəyədək enəcəyi gözlənilir.
HİT.az xəbər verir ki, bu barədə “Dobra Pogoda 24” portalı məlumat yayıb.
Soyuq hava dalğası qitə üzərində atmosfer təzyiqi sahələrinin dəyişməsi ilə əlaqələndirilir. Mərkəzi, qərbi və şimali Avropanı əhatə edən antisiklon şərqə doğru hərəkət edəcək. Nəticədə Atlantik okeanından gələn atmosfer cəbhələri və siklonlar üçün yol açılacaq, bölgəyə Arktikadan soyuq hava kütlələri daxil olacaq.
ALADIN hava proqnozu modelinin hesablamalarına əsasən, oktyabrın 22-dən 26-dək Avropanın ən soyuq bölgəsi şimal ərazilərindən Alp dağlarına doğru dəyişəcək. Dağların əsas silsiləsi və yaxınlıqdakı vadilərdə temperaturun mənfi 8-17 dərəcə arasında olacağı proqnozlaşdırılır. Aydın hava şəraitində dağ zirvələrində və vadilərdə şaxta daha güclü ola bilər.
Soyuq hava Fransa və İtaliyanın sərhəd bölgələrini, İsveçrənin cənub və cənub-şərqini, eləcə də Avstriyanın cənub-qərbini əhatə edəcək. Temperaturun normadan aşağı düşməsinə Arktikadan soyuq hava axını, səmanın açılması və qar yağması təsir göstərəcək.
Soyuq hava Polşada da hiss olunacaq. Son günlər 17-23 dərəcə isti qeydə alınan ölkədə gündüz temperaturunun əsasən 9-16 dərəcəyədək enəcəyi gözlənilir. Oktyabrın 23-dən 29-dək gecələr temperatur 0-6 dərəcə isti arasında dəyişəcək. Ölkənin cənubunda isə bəzi ərazilərdə 1-6 dərəcə şaxta proqnozlaşdırılır. Ayrı-ayrı çökəkliklərdə temperatur daha aşağı düşə bilər.
Samir


