ABŞ hərbçiləri İrana qarşı mümkün zərbələrin müxtəlif variantlarını hazırlayırlar. Bu addım Yaxın Şərqdə hərbi gərginliyin yenidən artması ehtimalını gücləndirir.
HİT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda Yaxın Şərqdə ABŞ-nin iki aviadaşıyıcı zərbə qrupu yerləşir. Sakit okeandan isə üçüncü qrup bölgəyə doğru hərəkət edir. Bununla belə, hər üç zərbə qrupunun Yaxın Şərqdə qalıb-qalmayacağı hələ məlum deyil.
Nəşrin yazdığına görə, ABŞ bölgəyə əlavə desant gəmisi də göndərir. Eyni zamanda, İran və Yəməndəki husilərin Fars körfəzi ölkələrindəki Amerika müttəfiqlərinə qarşı təhdidləri fonunda ABŞ qüvvələrinin bir hissəsi risk altında olan hərbi bazalardan çıxarılır.
Oktyabrın 21-də “Financial Times” qəzeti İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ ilə apardığı məsləhətləşmələr zamanı İrana qarşı hərbi əməliyyatların yenidən başlanmasını təkid etdiyini yazmışdı.
Rusiya prezidenti Vladimir Putin isə daha əvvəl Vaşinqtonla Tehran arasında iyunda əldə olunan atəşkəs razılaşmasını “çox kövrək” adlandırmışdı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da tərəfləri “ədalətli razılaşma” əldə etmək üçün danışıqlara qayıtmağa çağırmışdı.
Hazırda ABŞ-nin İrana qarşı mümkün zərbələrə dair hansı qərarı verəcəyi və bölgədəki hərbi qüvvələrin yerləşdirilməsinin konkret əməliyyata hazırlıq olub-olmadığı açıqlanmayıb.
Samir


