Britaniyanın Arktikada hərbi imkanlarında ciddi çatışmazlıqlar var

DÜNYA
17:12 / 22.10.2026
57

Böyük Britaniyanın Arktikada hərbi əməliyyatlar aparmaq imkanları sualtı qayıqların və döyüşə hazır hərbi gəmilərin çatışmazlığı səbəbindən sual altına düşüb.

HİT.az xəbər verir ki, bu barədə Britaniya parlamentinin Müdafiə Komitəsinin sədri Tan Dhesi BBC-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, esmineslərin, freqatların və zərbə sualtı qayıqlarının döyüş hazırlığının aşağı olması ilə bağlı açıq məlumatlar ölkənin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək qabiliyyəti ilə bağlı ciddi suallar yaradır.

Britaniya parlamentinin üzvləri hökuməti 2030-cu ilədək hərbi donanmanın sayını təcili artırmağa çağırıblar. Onlar bu məsələdə ABŞ-ın dəstəyinə arxalanmağın düzgün olmadığını vurğulayıblar. Parlament üzvlərinin fikrincə, Rusiyanın bölgədə hərbi mövcudluğunu gücləndirməsi Arktikanın strateji əhəmiyyətini daha da artırır.

Məlumata görə, Britaniyanın “Astute” sinfinə aid beş atom sualtı qayığının hamısı hazırda təmirdədir. Ölkənin yeganə buzqıran gəmisi olan “HMS Protector” da sıradan çıxıb.

Bu arada Avropa İttifaqı Arktika strategiyasını yeniləməyə hazırlaşır. Yeni plan çərçivəsində Rusiyanın sualtı qayıqlarını və “kölgə donanması”nı izləmək üçün müşahidə mərkəzinin yaradılması, hərbi liman və aerodromların dəstəklənməsi, eləcə də sualtı məlumat kabellərində baş verə biləcək təxribatların monitorinqi və təmiri üçün mərkəzin qurulması nəzərdə tutulur.

Nəşrin məlumatına əsasən, strategiyanın məqsədlərindən biri Rusiyanın və Çinin Arktikada üstünlük əldə etmək cəhdlərinə qarşı tədbirlər görməkdir.

Samir

0