1964-cü ilin mart ayında Kremldə, Siyasi Büronun iclasında Mərkəzi Komitənin katibi olan Leonid İliç Brejnev Nikita Xruşova və büro üzvlərinə müraciət edir:
- Mən bugünkü iclasda gündəlikdə olmayan bir məsələni sizin diqqətinizə çatdırmaq istəyirəm.
Büro üzvü Nikolay Podqornı ilk olaraq Brejnevin təklifinə reaksiya verir:
- Leonid İliç, biz əvvəlcə gündəlikdə olan məsələlərin müzakirəsini aparmalıyıq. Ona görə də qaldıracağınız məsələ haqqında əvvəlcədən katibliyə rəsmi olaraq yazılı təklif verməliydiniz.
Brejnev təkid edir:
- Nikita Sergeyeviç, bu vacib məsələdir, onu təxirə salsaq, ictimaiyyət qanun pozuntusuna görə bizi sərt tənqid edəcək.
Nəhayət, büro üzvləri Brejnevə təklifini səsləndirməsinə razılıq verirlər.
- Mənim sizin diqqətinizə çatdırmaq istədiyim məsələ haqqında hamınız məlumatlısınız. Söhbət Leninqradda yetkinlik yaşına çatmayan Arkadi Neylandın tərətdiyi cinayətdən gedir. Nəzərinizə çatdırım ki, artıq istintaq sona çatıb, məhkəmə Neyland haqqında ölüm hökmü çıxarıb. Biz bu hökmün dəyişdirilməsi haqqında təcili tədbirlər görməliyik. Məhkəmənin bu hökmü cəmisi dörd il bundan əvvəl qəbul etdiyimiz qanuna tam ziddir. Mövcud qanunlara görə, ölüm hökmü 18-60 yaş arasında olan şəxslərə tətbiq edilə bilər. Neyland cinayət törədəndə isə, onun heç 15 yaşı da tamam olmayıb.
Brejnevin bu kiçik nitqi Xruşovun qəzəbinə səbəb olur və o, səsinin tonunu qaldıraraq məsələyə münasibət bildirir:
- Leonid İliç, Neylandın törətdiyi cinayətlə bağlı bütün proseslər mənə məruzə olunub. Onun haqqında çıxarılan hökm də mənim razılığımla olub. 1960-cı ildə dediyiniz qanunun təşəbbüskarı mən olmuşam, hazırda onun pozulmasının təşəbbüskarı da mənəm. Bu məsələni əlavə müzakirəyə çıxarmağa ehtiyac yoxdur. O ki qaldı ictimaiyyətə, ictimaiyyət bu hökmə görə bizə sağ ol deyəcək.
Bununla da Brejnevin qaldırdığı məsələyə birdəfəlik son qoyulub.
Arkadi Neyland kim olub? O, hansı cinayəti törədib?
Neyland 1949-cu ildə Leninqradda anadan olub. Hələ körpə yaşlarında atası ilə anası ayrılıblar və anası başqa bir kişi ilə ailə həyatı qurub. Atalığı zavodda çilingər, anası xəstəxanada sanitar işləyib. Neyland atalığından həmişə sərt münasibət görüb. Evdə adət halına çevrilən içki məclislərindən sonra Neyland döyülüb, atalığı onu evdə artıq adam kimi qəbul edib. Bu cür münasibət dəfələrlə Neylandın evdən qaçmasına səbəb olub. Artıq yeddi yaşı olanda, o, milis şöbəsində çətin tərbiyə olunan uşaq kimi qeydiyyata alınıb. Amma onun bu vəziyyətə hansı səbəbdən düşməsi ilə heç kim maraqlanmayıb.
Bu cür həyat tərzi Neylandı kiçik cinayətlərə, məhəllə davalarına, oğurluq etməyə sürükləyib. 12 yaşında onu məktəbdən çıxararaq internat məktəbinə göndəriblər. O, bu məktəbdən də qaçıb. Oğurluğa görə bir neçə dəfə milis şöbəsinə düşən Neyland üçün cinayət törətmək adi hala çevrilib və o, daha böyük cinayətlər haqqında düşünüb, planlar cızıb.
Neyland yaşadıqları bina ilə üzbəüz binada imkanlı bir ailənin mənzilini hədəf seçib. O, ailəyə məxsus avtomobildən, ailə üzvlərinin geyimindən bilib ki, ailə kifayət qədər zəngin yaşayır. Onda Neylandın 14 yaşı olub. 1964-cü ilin yanvarın 27-də, ad gününə bir gün qalmış o, bir-neçə ay düşündüyü planı həyata keçirib. Səhər saat 10-11 radələrində Neyland seçdiyi mənzilin qapısını döyüb. Qapının arxasından onun kim olduğunu soruşanda, Neyland özünü poçtalyon kimi təqdim edib və teleqram gətirdiyini söyləyib. Qapını orta yaşlı bir qadın açıb. Neyland evdən götürdüyü turist baltası ilə qadına zərbə endirib və qapını bağlayıb. Qadının səs-küyü eşidilməsin deyə o, evdəki maqnitafonu işə salıb. Qadın müqavimət göstərəndə, Neyland ikinci dəfə balta ilə onun baş nahiyəsinə vurub. Bu zərbə 37 yaşlı Larisa Kuprevanın ölümü ilə nəticələnib. Daha sonra Neyland ona “mane” olan 3 yaşı oğlan uşağını da bir zərbə ilə birdəflik susdurub. Mənzildə tam sakitlik yarandıqdan sonra Neyland mətbəxə keçib, yenicə bişirilmiş xörəkdən doyunca yeyib. Sonra isə axtarışa başlayıb. O, mənzildən 57 rubl pul, 100 ədəd 3 faizli istiqraz, fotoaparat və bir ərzaq səbəti meyvə götürüb. Arxayınlıqla işini görən Neyland qadını soyundurub şəkillərini çəkib. Sonralar istintaq zamanı bildirib ki, qadını soyundurub şəkillərini çəkməkdə məəqsədi lüt qadın fotolarını satmaqla pul qazanmaq olub.
Neyland bütün izləri itirmək üçün mənzildən çıxanda qonaq otağının taxta döşəməsini yandırıb və mətbəxdəki qaz plitəsini açıq qoyub. Ancaq öz evlərindən gətirdiyi baltanı götürməyi unudub.
Neyland qazanc əldə etdikdən sonra nə edəcəyini də əvvəlcədən düşünüb. O, Suxumiyə gəzməyə getməyi planlaşdırıb. Bu məqsədlə Neyland əvvəlcə Moskvaya, oradan isə Gürcüstana istiqamət alıb.
Neyland mənzili tərk etdikdən sonra qonşular blokda yanıq iyisini hiss ediblər və təcili yanğınsöndürmə xidmətinə zəng vurublar. Yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğın vaxtında söndürülüb və mənzildə qaz partlayışı baş verməyib. Yanğının vaxtında söndürülməsi sayəsində cinayət baş verən otaqda cinayət elementlərini, əl izlərini, cinayətdə istifadə olunan baltanı aşkar etmək mümkün olub.
Bir neçə saat ərzində Arkadi Neylandın cinayəti törətməkdə şübhəli şəxs qismində adı hallanıb. Belə ki, həyətin süpürgəçisi Lyuba Serafimova milis əməkdaşlarına Neylandın binanın blokuna nə vaxt girib-çıxması haqqında dəqiq vaxtı söyləyib. Çinayətdə istifadə olunan baltanın da Neylandın ailəsinə məxsus olduğu aydınlaşanda, təcili axtarış tədbirləri başlanıb. Yanvarın 30-da Arkadi Neyland Suxumi şəhərində həbs olunub.
İstintaq zamanı Neyland törətdiyi cinayəti etiraf edib. O, bu cinayətə görə maksimum 10 il cəza alacağını düşünüb və qeyd edib ki, yaşına görə ona ölüm hökmü verilməyəcəyi haqqında qanundan xəbərdardır.
Məhkəmə isə Xruşovun razılığı ilə Neylandı güllələnmə cəzasına məhkum edib. Bu hadisə ictimaiyyət arasında böyük səs-küyə səbəb olub. Bəziləri Neylandın cəzasını qanun pozuntusu, bəziləri “humanist” sovet dövlətinin görünməyən vəhşiliyi, bəziləri isə haqlı cəza kimi qiymətləndirib.
Arkadi Neyland haqqında güllələnmə hökmü 11 avqust 1964-cü ildə Leninqradda icra edilib. O, SSRİ-də müharibədən sonrakı dövrdə güllələnmə cəzasına məhkum olunan yeganə yetkinlik yaşına çatmayan şəxs olub.