Siyasi rəqabətin iqtisadi cəzası - Türkiyə Rusiya qazına “yox” deyir

DÜNYA
15:52 / 01.06.2020
1684

Rusiya daha Türkiyənin əsas təbii qaz təminatçısı deyil.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, 2020-ci ilin martında Türkiyəyə tədarük olunan qazın həcminə görə, Azərbaycan, Qətər, İran və Əlcəzair Rusiyanı qabaqlayıb.

2019-cu ilin martında Türkiyənin qaza olan tələbatının 33%-ni ödəyən Rusiya ötən 1 ildə qaz ixracını 72% azaltmağa məcbur olub. Belə ki, 2020-ci ilin martında Türkiyə Rusiyadan cəmi 389,7 milyon kubmetr qaz alıb ki, bu onun ehtiyaclarının 9,9%-ni ödəyib. Ötən ilin martında bu göstərici müvafiq olaraq, 1,4 milyard kubmetr və 33% olub. Azərbaycanda martda Türkiyənin satın aldığı qazın 23,45%-ni ödəməklə əsas təbii qaz təminatçısı olub. Növbəti yerlərdə Qətər (19,95%), İran (14,15%), Əlcəzair (13,69%) yer alıb.

Paralel olaraq, martda ilk dəfə Türkiyənin aldığı sıxılmış təbii qaz (CNG), adi qazdan çox olub. ABŞ CNG tədarükünü rəsmi Ankaranın istəyi ilə 300% artırıb.

Bu ilin martında Rusiyanın “Qazprom” şirkətinin maliyyələşdirdiyi “Türk axını” qaz kəmərinin istifadəyə verildiyini nəzərə aldıqda, hazırkı şərtlər altında kəmərin yarıya qədərinin boş qalması proqnozlaşdırılır. 2017-ci ildə əgər Rusiya Türkiyəyə 30 milyard kub metr qaz satırdısa, 2019-cu ilin yekununda bu göstərici 50% azalıb.  

Ekspertlər bunu bir tərəfdən, Türkiyəyə təbii qaz almaqdansa, sıxılmış təbii qaz (CNG) almağın daha ucuz başa gəldiyini, Türkiyə iqtisadiyyatının inkişaf tempinin azalması və siyasi amillərlə əlaqələndirib.

“Türkiyə artıq bir neçə ildir ki, ciddi böhran altındadır. Ölkədə istehsal azalır, işsizlik isə artır. Bu isə istehlak olunan qazın həcminin azalmasına rəvac verir. Pandemiya isə bu mənfi tendensiyanı daha da ağırlaşdırdı”-deyə Rusiyanın Milli Energetik Təhlükəsizlik Fondunun eksperti Aleksandr Perov deyib.

Türkiyənin Azərbaycanla TANAP layihəsini işə salması da Rusiyanın bazarda payının azalmasına yol açıb. Əgər “Qazprom”un satdığı min kub metr təbii qaz Türkiyə üçün ortalama 227 dollara başa gəlirsə, sıxılmış qazın min kub metri 53-70 dollar arasında dəyişir.

Amma məsələnin əsas məqamlarından biri Ankara və Moskva arasındakı siyasi dialoqla bağlıdır. Sirr deyil ki, Liviya və Suriyadakı vətgəndaş müharibələrində hər iki ölkə fərqli tərəflərə dəstək verir. Bundan başqa, Krımın Rusiya tərəfindən ilhaqını dəstəkləməyən Türkiyə Ukrayna ilə hərbi və iqtisadi sahədə sıx əməkdaşlıq edir.

Rusiya Türkiyəyə qazı BOTAS şirkəti vasitəsilə satır. Dövlətə məxsus BOTAS şirkəti ilə müqavilə 2025-ci ilə qədər qüvvədə qalcaq. Bu müddətdə Ankara hər il 20 milyard kubmetr rsu qazını almalıdır. Buna baxmayaraq, Ankara bu həcmi azaltmağa və hər vəchlə digər ölkələrdən CNG qazı almağa səy göstərir.

0