Putini hiddətləndirən olay: hakimiyyət bu haqda niyə 2 gün sonra eşidir?

DÜNYA
12:54 / 04.06.2020
1723

Rusiyanın Norilsk şimal şəhərindək istilik-elektrik stansiyasında baş vermiş qəza prezident Vladimir Putinin yerli məmurları bərk danlamasına səbəb olub.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putini hiddətləndirən məmurların qəza barədə iki gün sonra xəbər tutmasıdır.

Norilsk istilik-elektrik stansiyasının yanacaq rezervuarında mayın 29-da hermetiklik pozulub və böyük həcmdə dizel yanacağı ətrafa sızıb. Nəticədə stansiya ətrafında çirklənmə on min dəfələrlə artıb, dizel yanacağı qrunt sularına qarışıb və oradan çaylara sızıb.

TASS bildirir ki, Putin ötən gün iyunun 3-də videokonfrans rejimində keçirdiyi müşavirədə səlahiyyətli şəxslərə bərk qəzəblənib. Müşavirədə dövlət başçısına məruzə ediblər ki, fövqəladə hadisə haqda ancaq iki gün sonra məlum olub.

“Nəyə görə hakimiyyət orqanları bu haqda iki gün sonra eşidiblər? Nədir, biz indi fövqəladə hadisələr barədə sosial şəbəkələrdən öyrənməliyik? Sizin orada sağlamlığınızla bağlı hər şey qaydasındadır?”,- Rusiya prezidenti deyib.

Norilsk qubernatoru Aleksandr Ussanın məruzəsini dinləyən Putin onun situasiyanın nizamlanması üçün konkret təkliflərinin olmamasından hiddətlənib. “Bu nə deməkdir “məruzəni bitirmişəm?” Bəs sonra nə edəcəksiniz? Siz axı qubernatorsunuz!”, - Putin ona reaksiya verib.

Rusiya rəhbəri FHN-in Norilskdə fövqəladə vəziyyət rejimi elan etmək təklifi ilə razılaşıb. O, dərhal dizel yanacağının sızmasının nəticələrini aradan qaldırmağı tələb edib. Habelə hüquq-mühafizə orqanlarına hadisə barədə məlumatın rəsmi orqanlara niyə iki gün sonra çatmasını araşdırmağı tapşırıb.

İlkin məlumatlara görə, rezervuarda çat Norilskdə əbədi buzlaqların əriməsi nəticəsində yarana bilərdi.

1