Məmməd SÜLEYMANOV
Minneapolis şəhərində yerli supermarketi qarət edəndən sonra onun divarında bu cümləni yazırlar: “Bizim növbəmiz gələndə terrora görə bəraət istəməyəcəyik”.
Bu, Karl Marksın cümləsidir. Avropada “Xalqların baharı” bitəndə və uduzmuş inqilab yerini dövlət terroruna verəndə Marksın “Yeni Reyn qəzeti” də qapadılır, özü isə Prussiyadan sürgün olunur. 1849-cu ilin 19 mayında qəzetin son nömrəsi işıq üzü görür. O, tarixə qırmızı şriftlə çıxan yeganə qəzet kimi düşür. Köln şəhərini tərk etməzdən əvvəl çıxardığı o son nömrədə Marks yazır: “Bizdə mərhəmət hissi yoxdur və sizdən də mərhəmət gözləmirik. Bizim növbəmiz gələndə, terrora görə bəraət istəməyəcəyik”.
Və nə qəribə ki, 21-ci əsrin ABŞ-ında qiyamçılar Marksdan sitatlar gətirirlər. Elə bu da baş verən hadisələrin sinfi mahiyyətinə işarədir.
Təkcə Marksdanmı? Ağ Evin həndəvərində “Zənginləri ye!” şüarı peyda olur. Bu isə anarxist simvollarından biridir.
Ağ Evi mühasirəyə alan etirazçılardan qaçırılaraq bunkerə yerləşdirilən Tramp yerin altından tvit atır: “Zorakılığın və vandalizmin önündə "Antifa" və digər Sol radikal qruplaşmalar dayanır”. Tramp “Antifa”nı” terror təşkilatları siyahısına daxil edəcəyi ilə hədələyir.
Əcəbdir, antifaşistlər - terrorçu kimi. Üstəlik, 21-ci əsrin ABŞ-ında Sol radikalları təhlükə kimi göstərirlər. Bu, heç 1960-larda indiki isteriyanı doğurmamışdı. Antifaşistləri terrorçu təşkilat elan etmək isə növbəti absurddur. Həm də ona görə ki, “Antifa” dəqiq strukturlardan məhrumdur və şəbəkə tiplidir. Üstəlik, ABŞ-da qanunlara görə yalnız əcnəbi təşkilatlar terror siyahısına daxil edilə bilər. “Antifa” isə yerlidir.
Elə bu fakt da təsdiqləyir - baş verənlər sinfi müharibə xarakteri daşıyır. Hakim siniflərin gözünə hər yerdə radikal Solçular görünür.
Tramp hadisələri “daxili terrorizm” adlandırır, “Qiyam haqda Akt”a müraciət edərək ordunu etirazçılara qarşı göndərəcəyi ilə hədələyir, iştirakçıları uzun müddətli həbs gözlədiyini anons edir. Ancaq bütün bu terminlərin arxasında əsl həqiqət dilə gətirilmir - ABŞ-da əsl sinfi müharibə gedir. Bu, əzilənlərin əzənlərə qarşı klassik qiyamıdır. Bütün əlamətləri və uğursuzluğa düçar olacaq sonluğu ilə.
***
ABŞ tarixən ağların aborigenlər və afrikalı kölələr üzərində üstünlüyü ideyası əsasında təşəkkül tapıb. Bu cəhətdən onu nasist layihəsinə bənzətmək olar.
Üstəlik, Amerika poliinin yaranma tarixində də bu layihənin təsdiqini tapa bilərik. Cənub ştatlarında ağ milislərdən formalaşan polisin əsas vəzifəsi zənciləri ovlamaq, Şimal ştatlarında isə kapitalistlərin və latifundistlərin xüsusi ordusu rolunu oynamaq olub. Bu ikincilərin funksiyasına fəhlə hərəkatının nümayəndələrini, immiqrantları, sonralar isə həm də hüquq müdafiəçilərini sistematik təqib etmək aid idi.
20-ci əsrdə köləlik yazılmamış qanun kimi qalmaqda davam etdi, müəyyən hünuq bərabərliyinə 1960-larda nail olundu, ancaq neoliberalizmin zəfəri ilə bu uğur da əriyib getdi. Polis isə özündə həm Cənub, həm Şimal ştatlarında olmuş funksiyaları birləşdirərək monolit funksiya qazandı - həm irqi, həm də sinfi terror alətinə çevrildi. Bu cəhətdən ABŞ ənənələrin saxlandığı ölkədir. Və irqi, sinfi terror - Amerika polisinin mövcudluq tarixidir.
Amerika cəmiyyəti təkcə irqi yox, həm də sinfi əlamətlərə görə təbəqələşib (“Uoll-striti işğal et!” aksiyasındakı “Biz 99 faizik!” şüarını xatırlayaq). Əksəriyyəti ağlardan ibarət olan orta təbəqənin nümayəndələri polis zorakılığı ilə nisbətən az qarşılaşır. Amerika xırda burjuaziyasının və fəhlə aristokratiyasının nümayəndələrini bütün dünyada TV, kino, media və sosial şəbəkələrin sayəsində yaxşı tanıyırlar. Onlar öz daimi saxta təbəssümləri ilə ABŞ-ın fasadını təşkil edirlər.
Ancaq onlarla bərabər bu ölkədə həyatı üzdə olmayan və afişa edilməyən on milyonlarla digərləri də yaşayır. Proletariata və prekariata məxsus o insanlar hər gün kapitalizmin realıqları ilə toqquşur, ərzaqla kirayə pulu arasında əzablı seçim edir, ac qalmamaq üçün eyni vaxtda bir neçə işdə çalışır, küçədə və maşında yatır. Onlar gündəlik olaraq kapitalist sisteminin zorakılığına məruz qalır. Və hakim sinif onlara yalnız bir halda diqqət edir - onlar etiraz və qiyamın dili ilə danışmağa başlayanda.
Və bu əzilənlər arasında zəncilər daha çox əzilir. 2016-cı ildə rejissor Ava DyüVerney “13-cü” filmini çəkərək tarixi materiallar və çoxsaylı müsahibələr əsasında gəldiyi nəticələri paylaşır: ABŞ-da zəncilərin həbsə düşmək ehtimalı ağlardan 6 dəfə çoxdur. Onlar polis və türmə zorakılığına qat-qat çox məruz qalırlar. Və Konstitusiyanın köləliyin ləğvini nəzərdə tutan 13-cü əlavəsi mifdir.
Minneapolisdəki qətl də buna qısa təsdiq oldu. Corc Floydu 8 dəqiqə dizi ilə sıxıb boğan polis Derek Şoven daha əvvəl də 3 zəncini qətlə yetirib, daha 5 zəncinin isə öldürülməsində iştirak edib. Və bu “Polişinel sirri”dir - barəsində 17 şikayət olub. Ancaq faydasız.
Qətldən sonra da ona qarşı ittiham irəli sürmək istəmirdilər - etirazların miqyası qarşısında güzəştə getdilər. Həbs etmək də istəmirdilər - yenə məcbur oldular.
Etirazlar isə böyüməkdə davam edir. Bir çox konfederatın və köləlik tərəfdarının heykəlləri yıxılır və ya üzərinə antirasist qraffitilər yazılır. Polis üzərində ictimai nəzarət tələb olunur. Hətta polisi işçilərin milis dəstələri ilə əvəzləməyi təklif edənlər də var.
***
Baş verənlərin kədərli tərəfi isə ondadır ki, Amerika qiyamı öz miqyasına, habelə sinfi və antirasist mahiyyətinə baxmayaraq, sonunda radikal dəyişikliklər doğurmağa qadir deyil. Etirazçılar Sistemin əleyhinə yox, Sistem daxilində islahatların lehinə küçələrə çıxıblar. İdeologiyasız, avanqardsız, struktursuz və pozitiv köklü proqramsız istənilən kütləvi etiraz məğlubiyyətə məhkumdur. Hakim siniflərin cəbbəxanasında da onun öhdəsindən gəlməyin çoxlu sayda üsulları var (və təkcə güc tətbiq etməklə yox).
İstər-istəməz sevimli Maks Voloşinin dörd misrası xatırlanır: “Yeni qiyamların vədəsi gəldi. Fəlakətlərin, enmələrin və dəliliklərin. Xoşniyyətlilərə: sürüyə qayıdın. Qiyamçıya: özünü yenidən yarat”.
Xoşniyyətlilərin variantı təkrarlanacaq...