Ermənistanda müstəntiqlər əsgərin işgəncələrə məruz qalma faktlarını gizlədirlər - FAKT

DÜNYA
15:27 / 06.06.2020
1219

2019-cu ilin iyununda Ermənistanın işğal altında olan Qarabağda yerləşdirdiyi qanunsuz “hərbi birləşmə”nin hərbi hissələrindən birində ölən Volodya Qaloyanın işi çirkin şəkildə araşdırılıb. Belə təəssürat yaranır ki, müstəntiqlər heç kimin onların hərəkətlərinə nəzarət etməyəcəyinə əmin olaraq, istədiklərini ediblər. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Forrights” nəşri yazır.


Nəşr qeyd edir ki, məsələn, əsgərin hərbi geyimlərini, kitel və corabını müayinə üçün ekspertizaya göndərməyiblər.


Qaloyanın qohumlarını təmsil edən vəkil Xanum Mkrtçyanın sözlərinə görə, müstəntiqlər kitel və corabların tapılması və müayinə üçün ekspertizaya göndərilməsi barədə vəsatətləri təmin etməyiblər. Onlar kitelin və corabların olduğunu, lakin bunları ekspertizaya göndərməyin məqsədəuyğun hesab etmədiklərinə cavab veriblər.


Ölən hərbi qulluqçunun hüquqi varisi addım-addım bir il əvvəl, 29 iyun tarixində hərbi hissənin ön xətt mövqeyində nə baş verdiyini öyrənməyə çalışır.


Xatırladaq ki, 2000-ci il təvəllüdlü Qaloyan, 2019-cu ilin iyul ayında başından aldığı güllə yarasından ölüb. Müstəntiqlər intihar ehtimalını irəli sürürlər, baxmayaraq ki, ötən bir il ərzində bunu inkar etmək üçün əsas verən kifayət qədər sübutlar var.


Hər yeni ekspertiza müayinəsi intihar fərziyyəsini alt-üst edir. Şübhə yaradan ilk sənəd, Volodya Qaloyanın bədənində 22 bədən xəsarətinin qeyd olunduğu məhkəmə ekspertizasının rəyidir, cəsədi müayinə edən mütəxəssis isə yalnız üç xəsarət yazmışdı.


Müstəntiqlərin dediyinə görə, Qaloyan post başçısı Roland Stepanyan ilə mübahisə edib və ona atəş açıb. Guya, Stepanyan bu hadisədən yayınmağı bacarıb, Qaloyanın isə bu hadisəni ağır qəbul edərək, neytral zonaya getdiyi və intihar etdiyi iddia edilib. Məhkəmə hakimi Şavarş Qorqyanın dediyinə görə, Qaloyan bəzi xəsarətləri ölümündən iki-üç gün əvvəl almışdı və əksəriyyəti ölümündən dərhal əvvəl meydana gəlmişdi. Bu günə qədər istintaq, əsgərə yetirilən 22 bədən xəsarətinin haradan gəldiyini, mənbəyi izah edilməyib.


“Deyirlər ki, o intihar edib, vəssalam. Mənə heç bir izahat vermədikləri bir yana, əlavə olaraq psixoloji təzyiq də göstərirlər. Onun intihar etmək üçün heç bir səbəbi olmayıb. Oğlumun döyüldüyü və öldürüldüyü aydındır”, - deyə Volodya Qaloyanın anası Elmira Svaryan bildirib. O, oğlu haqqında danışanda çox stress keçirir və son vaxtlar qeyri-sabit psixoloji vəziyyətdədir.
Məhkəmə tibbi ekspertiza həkimi Şavarş Qevorkyan bildirib ki, xəsarətlər Qaloyanın ölümündən 2-3 gün öncə, böyük əksəriyyəti isə ölümqabağı baş verib.


Qaloyan işi üzrə ekspertizaların cavabları gecikmələrlə daxil olur. 8 aydır gözlənilən silah və paltarların ekspertizasının nəticəsinə görə sensasion bir fakt qeydə alınıb. Qaloyanın silahından 16 patron atılıb, ancaq Qaloyanın guya atəş etdiyi qazmanın yaxınlığında isə cəmi 5 patron tapılıb.


Erməni kriminoloq, hüquq müdafiəçisi Ruben Martirosyanın sözlərinə görə, bu hadisənin saxtalaşdırıldığı anlamına gəlir.


“Məhkəmə ekspertizasının rəyinə görə, Qaloyanın silahına aid təhkim edilmiş patron darağında 13 patron aşkarlanıb. Əlavə bir patronda silahın lüləsindən çıxarılıb, yəni Qaloyan silahından cəmi 16 patron atılıb, çünki patron qutusunun tutumu 30 güllə olduğu üçün əsgərlər müvafiq sayda patron alırlar.


Hadisə yerinə baxış keçirilərkən 5 giliz aşkar edilmiş, müsadirə olunmuş və müayinə edilmişdir. Silahdan atılan qalan 11 patron haradadır? Ümumiyyətlə gilizlər atıcının ayağına və ya atıcıdan ən azı 1 metr məsafədə yerə düşürlər. Bu fakt, bu günə qədər əsl hadisə baş verdiyi yerin real mənzərəsini əks etdirən məlumata sahib deyilik, çox güman ki, bu faktlar Qaloyanın atışma nəticəsində öldürüldüyünü göstərir”, - deyə Martirosyan bildirib.


İbtidai istintaq orqanı hadisənin baş vermə yeri olaraq 2 məkanı qeyd edirlər. Bunlardan birincisi post başçısına atəş edildiyi iddia edilən qazmanın qarşısı, digəri isə meyitin aşkarlandığı neytral ərazidir. Qazmanın önündə 5 giliz aşkarlansa da, intihar etdiyi deyilən neytral ərazidən heç bir giliz aşkarlanmayıb.


Neytral ərazidə meyitin yanında yalnız ona təhkim edilmiş silah və çadıra bükülmüş meyit aşkarlanıb. Neytral zonada ölübsə, gilizlər haradadır? Qaloyanın cəsədindən az uzaqda zirehli jilet aşkarlanıb. Bir çox qaranlıq məsələlərin cavabı hələ də yoxdur.


Hadisə yerinin saxtalaşdırıldığına dair dəfələrlə məlumat verilib. Meyitin çevrəsində heç bir qan topası izi olmayıb. Bu o deməkdir ki, Qaloyan başqa bir yerdə qətlə yetirilib, daha sonra bura gətirilib.


“Beləliklə, ehtimal etmək olar ki, Qaloyan 23 iyun 2019-cu ildə ilk növbədə döyülüb, işgəncəyə məruz qalıb, qətlə yetirilb, daha sonra meyit çadıra bükülərək, gətirilib neytral zonaya atılıb, guya bununla da Qaloyanın intihar etdiyi təsəvvür yaradılıb. Qaloyana qarşı isə post başçısını qətlə yetirmə məqsədilə, ona atəş açması ilə bağlı cinayət işi açılıb”, - deyə Martirosyan bildirib.


Qaloyanın cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin maraqlarını həyata keçirən “İnsan Hüquqları naminə Jurnalistləri” QHT-nin vəkili Xanum Mkrtçyan yuxarıda göstərilən ekspertiza nəticələrinə əsasən prokurorluğa vəsatət qaldırmaq niyyətindədir.


Təşkilat ibtidai istintaq orqanı tərəfindən törədilən cinayətlərlə əlaqədar səhlənkar istintaq işləri ilə bağlı qətlə yetirilən Andranik Mkrçhyan, Artur Qasparyan, Qevork Haroyan və Volodya Qaloyanın işlərinə dəfələrlə toxunub. Bu işlərlə əlaqədar nəşrlərimizin hər biri cinayət işi açılması üçün əsas ola bilər, lakin bu baş verməyib. Yəqin ki, istintaq zamanı törədilən cinayət faktlarını açıqlamaq istəyi yoxdur.
 

0
Ordu.az