Məlumdur ki, koronavirus infeksiyasının sürətli yayılması ilə bağlı ölkələr karantin rejiminə keçib.
COVİD-19-un yayıldığı bir sıra ölkələrdə karantin qaydalarını pozanlara cəza müəyyən edilib.
HİT.Az xəbər verir ki, Cebhe.info bununla bağlı araşdırma edib.
Sözügedən araşdırmanı təqdim edirik.
Gürcüstanda qapalı ictimai məkanlarda və nəqliyyat vasitələrində tibbi maska taxmayanlar 20 lari (11 manat 50 qəpik) cərimələnəcək. Bu barədə Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, yeni qaydalara əsasən xaricdən qayıtdıqdan sonra fərdi karantin rejiminə riayət etməyən fiziki şəxslər, həmçinin kütləvi toy, ad günü və digər mərasim keçirən şəxslər 2000 lari (1152.54 manat), hüquqi şəxslər isə 10 000 lari (5762.71 manat) cərimələnəcək. Koronavirus səbəbindən Cənubi Amerika ölkəsi olan Kolumbiyada karantini pozan şəxslər üç dəfə qamçılanaraq cəzalandırılırlar. İnsanların bu üsulla cəzalandırılması Kolumbiya xalqının etirazına səbəb olub. Filippin prezidenti Rodriqo Duterte koronavirus pandemiyası səbəbi ilə hökumət tərəfindən tətbiq edilən karantin zamanı etiraz edənlərə hərbi silahlardan atəş açılmasına göstəriş verib. Bu barədə “Philippine Star” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, prezident Keson Siti şəhərində bir neçə yoxsul vətəndaşın hakimiyyətdən əhaliyə koronavirusa qarşı lazımi ərzaq, dərman və fərdi qoruyucu vasitələrin paylanmasını tələb edərək etiraz aksiyası keçirməsindən sonra belə sərəncam verib.
“Polisə və orduya əmr edirəm. Həyatınıza təhlükə yaradan münaqişə və ya dava-dalaş varsa, onları törədənlərə atəş açın”, - prezident bildirib. Sinqapurda koronavirusla bağlı karantin qaydalarını pozanlara qarşı sərt tədbirlər görülür. Belələrini hətta vətəndaşlıqdan məhrum edirlər. İmmiqrasiya və Nəzarət İdarəsi sərt cəza tədbirləri siyahısına yenisini əlavə edib. Belə ki, 19 martda 53 yaşlı Qo İlya Viktor İndoneziyadan Sinqapura gedib. Ona 14 sutka ev təcridi yazılıb, ancaq həmin gün şəxs yenidən İndoneziyaya qayıdıb. Ona sərhəddə karantin qaydasını pozmağın ağır məsuliyyət yaratdığı bildirilib, ancaq o, buna məhəl qoymayıb.
24 martda isə yenidən Sinqapura getmək istəyəndə məlum olub ki, artıq vətəndaşlıqdan məhrum edilib. Buna görə də sərhəddə pasportu əlindən alınıb. Onu həmçinin 7 min dollar cərimə yazılıb. Əcnəbilər isə karantin qaydasını pozduqlarına görə cərimə ödədikdən sonra ölkədən deportasiya edilir. Hazırda Sinqapura gələnlər üçün 24 günlük ev karantini məcburidir. Özbəkistanda karantin qaydalarını pozan şəxslər üçün tətbiq olunmuş qaydalar sərtləşdirilib. Hazırda ictimai yerlərdə maska taxmayanların cərimə məbləği 23,4 dollar təşkil edir. Qaydanı pozanlar artıq bu məbləgi 5 dəfə artıq ödəməli olacaqlar. Karantin qaydalarını pozan şəxs digər şəxsin ölümünə səbəb olacaqsa, ona qarşı inzibati cəza tətbiq ediləcək.
Qeyd edək ki, inzibati cəzanın verilməsi daxili işlər orqanları və Milli Qvardiya tərəfindən həyata keçiriləcək. Rusiyada karantin qaydalarının pozulmasına görə cərimələr tətbiq edilib. Belə ki, karantinin pozulmasına görə 500 mindən 1 milyon rubla qədər cərimə tətbiq olunub. Karantin qaydalarının pozulmasına görə Çində 10 ildən başlayaraq ömürlük müddətədək həbs və ya edam cəzası, İtaliyada 3 ayadək həbs, Cənubi Koreyada 1 ilədək həbs və ya 10 milyon vonadək (13,930 AZN-ə qədər) cərimə, Sinqapurda 6 ayadək həbs və ya 10 min Sinqapur dollarınadək (12,066 AZN-ə qədər) cərimə, İsraildə 3 ildən 7 ilədək həbs, Çexiyada minimum 100 min avroyadək (19,074 AZN) cərimə, Özbəkistanda 9 ilədək həbs tətbiq olunur.
Azərbaycanda da maska taxmayanlar cərimə olunur. Belə ki, fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir. Bu xətanın təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnir.