DTK zabitini heyrətləndirən birinci ledi: Mağazadakı bütün kürklər və qızıllar mənim olmalıdır

DÜNYA
22:41 / 09.06.2020
3812

Dövlət başçılarının xanımlarına “Birinci ledi” titulunun verilməsi ilk dəfə 1849-cu ildə Amerika Birləşmiş Ştatlarında başlayıb və sonralar bu status dünyanın digər ölkələrində də tətbiq olunub. Xüsusilə 20-ci əsrdən başlayaraq, birinci xanımlar həyat yoldaşlarının xarici səfərləri zamanı onları müşayiət ediblər və bu səfərlərdə birinci ledilər üçün xüsusi proqram hazırlanıb.

Digər ölkələrdə olduğu kimi, SSRİ də mövcudluğu dövründə öz qapılarını dövlət başçıları ilə yanaşı, onların xanımlarına da açıb və mümkün imkanlardan istifadə edərək, birinci ledilərin proqramlarının zəngin olmasına çalışıb. 

Səfərdən öncə birinci xanımların maraqları, hansı mətbəxə üstünlük verməsi, incəsənətin hansı sahəsinə daha çox maraq göstərməsi, ixtisası, zövqü öyrənilib, əvvəlcədən proqram istiqamətləri müəyyənləşdirilib. Birinci ledilərin təhlükəsizlik məsələsi isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 9-cu idarəsinə həvalə edilib. 

Sözsüz ki, bu səfərlər zamanı maraqlı hadisələr də baş verib və bəzən birinci xanımlar ətrafdakıları təəcübləndirməyi də bacarıblar. Müəmmər Qəzzafinin xanımı Safiya Fərkaş kimi...

1976-cı ildə Liviya lideri Müəmmər Qəzzafi SSRİ-də rəsmi səfərdə olanda, onu həyat yoldaşı Safiya Fərkaş da müşayiət edib. Səfər çərçivəsində xanım Fərkaş üçün xüsusi proqram hazırlanıb. Qadınlar Komitəsində və Moskva tikiş kombinatında görüşlər, Lenin Mavzoleyini və rəsm qalareyasını ziyarət, Lomonosov adına Moskva Dövlət Universiteti ilə tanışlıq, kütləvi indormasiya vasitələri nümayəndələrinə müsahibələr və ziyafət nəzərdə tutulub.


Safiya Fərkaşın Moskvadakı mühafizə rəhbəri DTK-nın 9-cu idarəsinin əməkdaşı Vladimir Kuznetsov olub. Qeyd edək ki, Kuznetsov 1969-cu ildən dövlət təhlükəsizliyi orqanlarında xidmətə başlayıb. Bir ildən sonra, 1970-ci ildə onu 9-cu idarəyə qəbul ediblər. Kuznetsov əsasən xarici dövlətlərin rəsmi nümayəndə heyətlərinin təhlükəsizliyi işinə cəlb edilib. 

Kifayət qədər təcrübəli olan Kuznetsov Liviya liderinin xanımını da bütün protokol qaydalarına uyğun qarşılayıb, proqramın icrası üçün lazımi tədbirləri həyata keçirib. Amma Safiya Fərkaş səfərin ikinci günü Kuznetsova proqramla bağlı narazılığını bildirib. 

Həmin səfər haqqında Vladimir Kuznetsov sonralar öz xatirələrində təəssüratlarını belə bölüşüb: “Mən bu illər ərzində SSRİ-yə səfər edən bir çox dövlət başçılarının xanımlarının mühafizə rəhbəri olmuşam. Açığını deyim ki, onların hərəsinin özünə görə kaprizləri olub. Təbii ki, qadınlarla işləmək çətin məsələdir və bu işdə böyük həssaslıq tələb olunur. Safiya Fərkaşın kaprizləri isə daha böyük idi. 

Səfərin ikinci günü səhər yeməyi vaxtı o, proqramla bağlı öz narazılığını mənə bildirdi:

- Mənim Moskvada gəzmək istədiyim yerlər var. Xahiş edirəm bunu, bugünkü proqramda nəzərə alın.

Mən onu diqqətlə dinlədim və harada olmaq arzusunu soruşdum:

- Biz sizin bütün istəklərinizi həyata keçirməyə hazırıq. Harada olmaq istədiyinizi söyləsiniz, bu proqramı dəyişə bilərik. 

O, bir cümlə ilə cavab verdi:

- Mən “Beryozka” mağazalarını gəzmək istəyirəm.

Bununla da biz proqramda dəyişiklik etdik...”

Qeyd edək ki, SSRİ-də “Beryozka” mağazalar şəbəkəsi 1961-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılıb. Şəbəkə Moskvada “Beryozka”, Kiyevdə “Kaştan”, Minskdə “İvuşka”, Bakıda “Çinar” və s. adı altında fəaliyyət göstərib.

 Bu ticarət şəbəkəsinin yaradılması SSRİ-nin büdcəsini xarici valyuta ilə zənginləşdirmək məqsədini daşıyıb. Belə ki, şəbəkədə alış-veriş xarici valyuta ilə aparılıb və bu mağazalar SSRİ-də fəaliyyət göstərən diplomatik korpusların və beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xaricdən gələn qonaqlar üçün nəzərdə tutulub. 

Bununla yanaşı, xaricdə işləyən və əmək haqqını xarici valyuta ilə alan sovet vətəndaşları da “Beryozka”dan istifadə etmək hüququna malik olublar. “Beryozka” mağazalar şəbəkəsində mövcud dövr üçün ən əlçatmaz, ən defisit mallar satılıb, qara kürüdən tutmuş, məişət texnikalarına, dəri, xəz və ən dəbdə olan geyimlərə, qızıl-zinət əşyalarına qədər istənilən məhsula bu mağazalarda rast gəlmək mümkün olub.

Həmin gün Safiya Fərkaşı Moskvada fəaliyyət göstərən “Beryozka” mağazalarına aparıblar. Şəbəkənin birinci mağazasında Fərkaş norka xəzdən olan bir neçə kürk geyinib, güzgü qarşısında dayandıqdan sonra satıcıya kürk almaq istədiyini bildirib. Satıcı məhz hansı kürkü alacağını soruşanda, onun cavabı ətrafdakıları təəccübləndirib: “Mən bu sırada asılmış bütün kürkləri alıram”.

Şəbəkənin digər mağazasında Fərkaş qızıl əşyalar satılan şöbəyə yaxınlaşıb. O, bir neçə qızıl boyunbağı və üzüyə baxıb, sonra tərcüməçi vasitəsilə satıcıya qızıl almaq istədiyini bildirib. Satıcı ondan məhz hansı qızıl məmulatını almaq istədiyini soruşanda Fərkaşın cavabı əvvəlki mağazadakı kimi olub: “Vitrində olan bütün qızılları”.

Təəccübünü gizlədə bilməyən tərcüməci ona öz funksiyasına aid olmayan sual verib:

- Xanım Fərkaş, bunlar çox qiymətli əşyalardır, onların pulunun ödəyə biləcəksinizmi?

Fərkaş yersiz saydığı suala istehza ilə cavab verib:

- Köməkçimə deyin, mənim əl çantamı gətirsin. 

Çantanı açmaqla Safiya Fərkaş növbəti dəfə ətrafdakıları təəccübləndirib. Çantanın içərisində 100 dollarlıq əskinazlarla dolu olan pul bağlamaları bir daha birinci xanımın imkanlarını ifadə edib.

Səfərin sonunda jurnalistlərə müsahibə verən birinci ledi səfərdən xoş təəssüratlarla geri döndüyünü söyləyib: “SSRİ-də, onun paytaxtı Moskvada hər şey gözəldir...”

0