Tarix təkrarlanır: Aralıq dənizində Türkiyə-Yunanıstan qarşıdurması

DÜNYA
19:48 / 11.06.2020
1316

Yunanıstanın Baş naziri Kiriakos Miçotakisin, Milli təhlükəsizlik müşaviri Tanos Dokos Şərqi Aralıq dənizində Türkiyə ilə qarşıdurmaya girməyin Yunanıstanın istədiyi ən son şey olduğunu bildirib.

Cebhe.info xəbər verir ki, Tanos Dokos videokonfrans vasitəsilə keçirilən növbəti “Delfi” İqtisadi Forumunun Yunanıstanın Avropa və Xarici Siyasət Fondu ilə birlikdə təşkil edilmiş "Şərqi Aralıq dənizindəki yeni düzən" adlı panelində çıxış edib.

Şərqi Aralıq dənizinin qaynar nöqtə olaraq qaldığını söyləyən yunan siyasətçi bunu bölgə üçün “sıfır nöqtə” olaraq xarakterizə edib.

Dokos bölgədə bir çox "aktyor"un olduğunu, lakin heç birinin vəziyyətə nəzarət etmədiyini bildirib:

"Avropa İttifaqı adi bir müşahidəçidir. ABŞ-ın daxili problemləri çoxdur. Liviyadakı vəziyyət nəzarətdən çıxıb. Suriya problem olaraq qalır. Yeganə müsbət hal, qaçqın axınının xeyli azalmasıdır".

Dokos Avropa İttifaqının Türkiyə ilə əməkdaşlığı canlandırmaq üçün yeni üsullar tapması lazım olduğunu da sözlərinə əlavə edib.

Bildirək ki, Yunanıstanın Hərbi Dəniz Donanması Aralıq dənizində Türkiyənin yük gəmisinə maneə törətməyə çalışmış və Yunanıstana məxsus helikopteri hərbi müdaxilə üçün əraziyə göndərilmişdi. Bunun ardınca, Türkiyənin Hərbi Dəniz Donanmasına aid hərbi gəmi bölgəyə gəlmiş və Yunanıstana aid hərbi gəmini bölgədən uzaqlaşdırmışdı.

0