ABŞ-ın Xarici İşlər Nazirliyi bir çox ölkədəki dini məhdudiyyətlər və azlıqların vəziyyətini qiymətləndirən "Beynəlxalq Dini Azadlıq Hesabatı"nın 2019-cu il sayını dərc edib.
Yenisabah.az xəbər verir ki, XİN bu il dərc olunan 22-ci Beynəlxalq Dini Azadlıq Hesabatında təxminən 200 ölkədəki dini azlıqlara tətbiq olunan məhdudiyyətlərə diqqət çəkib. Hesabatın təqdimatını Xarici işlər naziri Maykl Pompeo və BDA-nın xüsusi nümayəndəsi Sam Braunbək edib. Pompeo təqdimat zamanı xüsusilə Çin, İran və Rusiyada dini azadlıqların pozulmasından bəhs edib. Lakin o, digər tərəfdən 2019-cu ildə dünyada dini azadlığın 2018-ci illə müqayisədə daha az pozulduğunu qeyd edib. Pompeo xüsusilə, Qambiyanın arakanlı müsəlmanlara qarşı işlənən cinayətlərlə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsini məmnunluqla qarşıladıqlarını vurğulayıb. Maykl Pompeo eyni zamanda Çində digər dinlərə qarşı təqiblərin artmasından bəhs edib. Onun sözlərinə görə, Çin Kommunist Partiyası dini təşkilatların partiya rəhbərliyinə tabe olmalarını tələb edir. Tibetli, buddist və xristianlara qarşı təqiblər daha çoxdur.
Bundan əlavə, hesabatda Səudiyyə Ərəbistanındakı dini təzyiqlərə də geniş yer verilib. Ölkədə fərqli dinlərlə bağlı heç bir tətbiqə icazə verilmədiyi, fərqli dindən olanların məhkəmələrdə ağır cəzalarına qarşılaşdığı diqqətə çatdırılıb.
Hesabatın Misir hissəsində isə Misir rəhbərliyinin ölkənin bəzi yerlərində kilsələri bağladığı, xristianların ibadət edəcəyi bir yerin təsis edilmədiyi bildirilib. Həmçinin ölkədəki şiə təriqətinə bağlı olanların da əsgər, təhlükəsizlik və kəşfiyyat bölümlərinə qəbul edilmədiyi qeyd edilib.
Hesabatın Türkiyə bölməsində ötən illərlə müqayisədə FETÖ haqqında hər hansısa bir qiymətləndirməyə yer verilməməsi diqqət çəkib. Bununla yanaşı, ölkədə xristian və yəhudi dininə mənsub olanların müxtəlif çətinliklərlə qarşılaşdığı qeyd olunub. Ayasofyanın məscidə çevrilməsi ilə bağlı məsələlər də hesabatda yer alıb.
Qeyd edək ki, ABŞ hesabata özünü daxil etmir. Lakin məlumdur ki, ABŞ-da xüsusilə, prezident Donald Tramp hakimiyyətə gəldikdən sonra islamofobik açıqlamaların artdığı və müsəlmanlarla əlaqədar məhdudiyyətlərin tətbiq olunduğu müşahidə edilir. Hətta Tramp seçki kampaniyasında müsəlmanların ölkəyə girişini qarşısını alacağını vəd etmişdi və vəzifəyə gəldikdən sonra sərt addımlar ataraq bəzi müsəlman ölkələrinin vətəndaşlarına viza məhdudiyyəti gətirdi. Bununla yanaşı maraqlı bir məqam da odur ki, hesabat məhz Corc Floydun öldüyü vaxta təsadüf edib. İrqi ayrı-seçkiliyin geniş yayıldığı bir ölkənin haqqında heç bir şeydən söz açılmaması maraq doğurub. Lakin Maykl Pompeo buna aydınlıq gətirməyə çalışıb. O, bu hadisə ilə bağlı hökümətin tədbir gördüyünü deyib. Heç təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp da bir neçə saat əvvəl Floydun ölümü ilə bağlı danışaraq hadisənin utancverici olduğunu söyləyib.