Paşinyanın cinayət şəbəkəsi: Ermənistan rus silahlarını terrorçulara necə daşıyır?

DÜNYA
11:31 / 18.06.2020
1214

2012-ci il, 30 noyabr: “Ridge Airvays” aviaşirkətinə məxsus Lil-76 təyyarəsi Konqonun paytaxtı Brazzivalidə Maya-Maya hava limanından 500 metr uzaqlıqdakı yaşayış məntəqəsi ərazisində qəzaya düşdü. Nəticədə göyərtədə olanlar və təyyarəni düşdüyü ərazidə yaşayan 32 yerli sakin həlak oldu. Təyyarənin göyərtəsində olan 5 nəfər Ermənistan vətəndaşları idi: uçuş mühəndisi Andranik Qevorqyan, kapitan Varazdat Balasanyan, Stenapakert (Xankəndi) hava limanının keçmiş rəhbəri Ara Tovmasyan, Tadevos Hovhannisyan və Edqar Avetyan.

Bu qəza təkcə 5 erməninin və 32 konqolunun həyatına son qoymadı, həm də qəzadan sonra ortaya çıxan faktlar Ermənistanın qanunsuz silah alverinin üstündəki sirr pərdəsini açdı. Ermənistan hakimiyyəti təyyarənin saxta qeydiyyat nömrəsi ilə uçduğunu, iki il reysterdən çıxartdıqlarını iddia etsə də, “Ridge Airvays” şirkətini qeyri-rəsmi olaraq idarə edənin Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Stepan Qalstyanın arvadı Natalia Qalstyan olduğu haqda məlumatlar erməni şəbəkəsinin günümüzə qədər uzanan qanunsuz fəaliyyətini izləməyə imkan verir.

Xanım Qalstyan sənədlərdə aviaşirkətin baş meneceri olaraq göstərilir, şirkətin sahibi isə Sergey Koçarov adlı naməlum şəxsdir. Qalstyanın əri general-leytenant Stepan Qalstyan Ermənistan hava qüvvələrinin zabiti olub, keçmiş hakimiyyətin dövründə silahlı qüvvələrin baş qərargah rəisinin müavini təyin olunub. Diqqətçəkən məqam odur ki, S.Qalstyan 2018-ci ilin 18 iyununda (Nikol Paşinyanın hakimiyyətində) prezident Armen Sarkisyanın sərəncamı ilə baş qərargah rəisinin müavini təyin olunub, yəni tutduğu vəzifəyə yenidən təyin edilib. Ermənistanın yeni idarəçiliyində bu və digər yüksək postlara namizədləri baş nazir Nikol Paşinyan irəli sürür, prezident formal olaraq qəbul edir.

Keçmiş hakimiyyətin bütün qalıqlarına “müharibə elan edən” Paşinyan Afrikaya qanunsuz silah daşıyan “Ridge Airvays” şirkətinin de-fakto sahibi olan Stepan Qalstyanı orduda “üçüncü şəxs” olaraq saxlayır;

Ermənistanın Vatikandakı sabiq səfiri Mikael Minasyan Paşinyanın siqaret, brilyant qaçaqmalçılığı və silah alveri ilə məşğul olduğuna dair informasiyalar yayır;

Bu iki detal önəmlidir, lakin əvvəlcə bəzi məqamlara diqqət edək.

“Ridge Airvays” haqqında internet üzərindən apardığımız axtarış aviaşirkətin deaktiv olduğunu ortaya çıxardı, hər-halda məlumatlar bu yöndədir. Aviaşirkət haqqında olan məlumat: 2011-ci ilin 20 aprelində yaradılıb, 2012-ci ildə fəaliyyətini dayandırıb. (Mənbə).

Hərçənd, Afrikada işləyən erməni pilotlar bu qəzadan sonra Ermənistan mediasına bildirmişdilər ki, Stepan Qalstyana məxsus “Ala International LTD” şirkətinin adı altında daha 4 təyyarə Qara Qitədə uçur. “Hetq” nəşrini araşdırmasında isə Konqo ofşor zonasında qeydiyyatdan keçən “South Airlines CO” aviaşirkətinin rəhbəri Vaqram Simonyana məxsus təyyarələrin də Afrikada silah qaçaqmalçılığı ilə məşğul olduğu bildirilirdi.

Nəşrin jurnalisti Vaqe Saruxanyan yazırdı ki, Somalidə, Cənubi Sudanda və Konqoda işləyən beynəlxalq təşkilatların əməkdaşları ona Vaqram Simonyanın təyyarələrinin Konqo ordusu üçün yük daşıdığını bildiriblər.

“BMT ekspertləri Vaqramdan daşınan yük haqqında soruşanda o, bunun humanitar yük olduğunu deyib, lakin dəqiqləşdirilib ki, daşınan mallar silah və digər hərbi mallardır”, - jurnalist qeyd edirdi.

Ermənistana məxsus təyyarələr Cənubi Sudanda vətəndaş müharibəsi zamanı da bu ölkədəki qruplaşmalara silah daşıyıb. Həmçinin, uzun müddət Afrikanın münaqişə ocaqlarına silah daşınmasını həyata keçirib və bu fəaliyyətin hələ də davam etməsinə dair məlumatlar var.

Vaqram Simonyana məxsus silah daşıyan aviaşirkətlər arasında “V-Berd Avia”, “South Airlines” və “Reliable Unique Services Aviation” adlı şirkətlər də var. Qara Qitədə silah-sursat daşınmasını həyata keçirən erməni şirkətlər arasında “Ayk Avia” və “Air Armenia” şirkətlərinin də adı hallanır. Avropa Aviasiya Təhlükəsizliyi Təşkilatının sənədində göstərilir ki, Ermənistanda qeydiyyatdan keçən 28 təyyarənin 11 Afrika ölkələrində, xüsusilə Cənubi Sudanda və Çadda fəaliyyət göstərir və bu təyyarələr yükdaşıma işini həyata keçirir. Təşkilat ötən ilin payızında bu haqda Ermənistan Aviasiya Komitəsinə xəbərdarlıq göndərsə də, məsələyə ciddi yanaşılmayıb.

Xaricdə fəaliyyət göstərən Ermənistana məxsus aviaşirkətlər:

Armavia Air Company LLC
Atlantis European Airways LLC
Ark Airways LLC
Air Armenia CJSC
Ayk Avia Air Company CJSC
Reliable Unique Services Aviation LLC.
South Airlines LLC
Skiva Air LLC
Sky Net Airline LLC,
Veteran Avia LLC
Taron-Avia LLC

Bu aviaşirkətlərin əsasən Yaxın Şərq və Afrikada daşıma işini həyata keçirdiyi bildirilir. Marqlıdır ki, 2012-ci ildən etibarən xaricdə fəaliyyət göstərən erməni aviaşirkətlər təyyarələrin qeydiyyat nömrələrini dəyişdirməyə başlayıb. Buna səbəb bu təyyarələrin qanunsuz daşımalarına görə müxtəlif ölkələr tərəfindən “qara siyahıya” salınmasıdır, erməni mafiyası da çıxış yolu kimi qeydiyyat nömrələrini dəyişdirməkdə görüb.

2012-ci ildən etibarən Ermənistana məxsus qeydiyyat nömrələri dəyişdirilən bəzi təyyarələr:

Təyyarənin ilk nömrəsi / Məxsus olduğu keçmiş şirkət / Hazırkı nömrəsi / Hazırda sahib olduğu şirkət:

EK-76425 / Reliable Unique Services Aviation / YI-AQX / Al-Naser Airlines (İraq);

EK-76485 / Reliable Unique Services Aviation / EY-701 / Khatlon Air (Tacikistan);

EK-76111 / Reliable Unique Services Aviation / ER-IAW / Aerotrans Cargo (Moldova);

EK-76808 / Reliable Unique Services Aviation / EY-608 / Par Air (Tacikistan);

EK-76464 / Phoenix Avia / EY-609 / Par Air (Tacikistan);

EK-76787 / Phoenix Avia / RA-76416 / Kosmos Airlines (Rusiya);

EK-76643 / Taron-Avia / EY-703 / Khatlon Air (Tacikistan);

EK-76603 / Ark Airways / ER-IBZ / Aerotrans Cargo (Moldova);

EK-76812 / Veteran Avia / ER-IAL / ER-IAL Jet Star (Moldova);

EK-76401 / Veteran Avia / ER-IAL / ER-IAK Jet Star (Moldova);

(MƏNBƏ).

Bunların Ermənistanın beynəlxalq silah qaçaqmalçılığında istifadə etdiyi əsas təyyarələrdən bir neçəsi olduğu deyilir. Beynəlxalq silah və digər qanunsuz malların qaçaqmalçılığı şəbəkəsinin təməli Ermənistanın keçmiş hakimiyyətlərinin dövründə qoyulub. O zaman sual yaranır: Serj Sarkisyanın kürəkəni olan keçmiş səfir Minasyan niyə Paşinyanı silah qaçaqmalçılığında ittiham edir?

Minasyan mayın 31-də yayımladığı videomüraciətdə Nikol Paşinyanın tütün və brilyant qaçaqmalçılığı ilə yanaşı, beynəlxalq silah qaçaqmalçılığı ilə də məşğul olduğunu deyir və bildirir ki, sırf dövlətin təhlükəsizlik məsələləri ilə bağlı olduğu üçün detallarını açmır.

Paşinyan isə bu iddialarla bağlı heç bir təkzib verməyib, hakim partiyanın deputatları da təkzib etməyə çalışarkən ciddi arqument irəli sürə bilməyiblər, əvəzində Minasyan haqqında cinayət işi açılıb və beynəlxalq axtarışa verilib.

Halbuki, xüsusi məqamlardan biri də Nikol Paşinyanın hakimiyyətə gələndən sonra keçmiş hakimiyyətin dövründə erməni aviaşirkətlərinin Afrikada qanunsuz silah daşıdığından zaman-zaman bəhs etməsi və bunun qarşısını almaq istiqamətində çalışacaqlarını bildirməsidir. O zaman “Minasyan qaynatasının hakimiyyəti dövründə silah qaçaqmalçılığının olduğunu bilə-bilə Paşinyanı niyə ittiham edir” sualı ilə yanaşı, “Paşinyan doğrudanmı qanunsuz silah daşımasının qarşısını aldı” sualı da önə çıxır.

Əslində keçmiş səfirin açıqlamasında “dövlətin təhlükəsizlik məsələləri ilə bağlı olduğu üçün detallarını aça bilməyəcəyi” qeydi təsadüfi deyil. Minasyan demək istəyir ki, “silah qaçaqmalçılığı Ermənistan hakimiyyətinin yox, dövlətinin işidir və keçmiş hakimiyyət tərəfindən həyata keçirildiyi kimi, indiki hakimiyyət tərəfindən də icra olunur”.

Minasyan qaynatası Sarkisyanın göstərişi ilə - bunun belə olduğu şübhəsizdir – Paşinyan hakimiyyətini ittiham etdiyini və iddiaların həqiqətdən uzaq olduğunu hesab etmək olardı, amma onun açıqlamasında irəli sürdüyü faktlar kifayət qədər əhatəli və detallıdır və Paşinyanın təkzib edə bilməməsinin əsas səbəbi də məhz açıqlanan təfərrüatlardır.

Keçmiş səfirin açıqlamasında silah qaçaqmalçılığına dair qeydlər:

- Paşinyan Müdafiə Nazirliyi vasitəsilə David Qalstyana Ermənistan Respublikası adına silah alma səlahiyyətləri verib. Ermənistan Rusiyadan daxili bazar qiymətinə silah alma haqqına sahibdir. Bundan istifadə edən Paşinyanın adamı Qalstyan Ermənistan Respublikası üçün məsələn, şərti olaraq 100 ədəd silah alınması üçün Rusiya ilə müqavilə imzalayır. Daha sonra ofşor zonadan ödənən pulla Qalstyanın aldığı silahlardan 60 ədədi Ermənistana gətirilir. Geri qalan 40 ədəd silah isə Ermənistana gətirilmədən, Rusiyadan üçüncü ölkəyə, oradan da dördüncü ölkəyə satılır. Bu silahlar istifadə edildiyində, əlbəttə harada və hansı dövlət tərəfindən istehsal edildiyi, hansı dövlətə satıldığı haqda məlumatlar bazadan öyrənilir. Rusiya Paşinyan-Qalstyan cütlüyünün bu əməliyyatından xəbər tutan kimi Qalstyanı ölkəsində “arzu edilməyən şəxs” elan edir və on il Rusiyaya girməsinə qadağa qoyur. Paşinyanın silah qaçaqmalçılığı inventarında adi silahların deyil, zenit-raket komplekslərinin də olduğu haqqında ciddi iddialar var.

Ermənistan mediası Qalstyanın 30 ildir “silah baronu” olaraq fəaliyyət göstərdiyini yazır. Minasyanın iddialarına görə, Paşinyan silah və digər malların qaçaqmalçılığı ilə şəxsi sərvətini artırır. Lakin burada əsas məqam Ermənistan dövlətinin rəhbərliyinin beynəlxalq silah qaçaqmalçılığı ilə məşğul olması, münaqişə ocaqlarını daşınan silahlarla alovlandırmasıdır. Və keçmiş səfirin iddiasından məlum olur ki, Ermənistan Rusiyadan daxili bazar qiymətinə aldığı silahları münaqişə ocaqlarına daşımaqla külli miqdarda pul qazanır. Burada itirən tərəf Moskvadır, çünki Kreml Ermənistana həm daxili bazar qiymətinə, həm də kreditlə silah verir, bu silahların bir qismi terrorçuların əlinə düşəndə isə rus istehsalı olması Rusiyanı dövlət olaraq çətin vəziyyətə salır.

Keçmiş səfirin iddialarının boş olmadığını, Paşinyanın beynəlxalq silah qaçaqmalçılığı ilə məşğul olduğunu deməyə əsas verən mühüm bir detal da var: Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Stepan Qalstyan.

1990-cı illərdən başlayaraq, Ermənistan Afrika ölkələrinə silah qaçaqmalçılığını həyata keçirir və keçmiş səfir Minasyanın siyasi ambisiyaları naminə olsa da, açıqladığı yarımçıq faktlar bu silahların böyük bir hissəsinin Rusiyadan daxili bazar qiymətinə alınanlar olduğunu təsdiqləyir. Nikol Paşinyan erməni təyyarələrinin Afrika ölkələrinə qanunsuz silah daşıdığına dair məlumatları tənqid etsə də, S.Qalstyan faktoru bu qaçaqmalçılığın başında onun da dayandığını deməyə əsas verir. Qeyd etdiyimiz mühüm detal özündə iki amili birləşdirir:

1. Afrikada qanunsuz silah və digər malların daşınmasını həyata keçirən erməni aviaşirkətlərinin böyük əksəriyyətinin sahibləri Ermənistan ordusunun keçmiş zabitləridir. Məlumatlara görə, Ermənistan Hərbi Hava Qüvvələrinin zabiti kimi fəaliyyət göstərən, hazırda da Baş qərargah rəisinin hərbi hava qüvvələri üzrə müavini olan Stepan Qalstyan uzun illərdir bu şəbəkənin başında dayanır. General-leytenant Qalstyan Afrikada narkotik və silahdan tutmuş qeyri-qanuni mühacirlərin daşınmasına qədər həyata keçirilən bütün “qara” işləri idarə edir. Ermənistan mediasının bəzi iddialarına görə, hətta general Afrikadakı erməni mafiyasının de-fakto lideridir, qanuni dövriyyədən kənar qiymətli daş-qaş, brilyant, almaz alverini də həyata keçirir.

2. Qalstyan uzun müddət baş qərargah rəisinin müavini vəzifəsini icra edib. İqtidara gələndə keçmiş hakimiyyətin bütün qalıqlarını təmizləyən və hələ də buna davam edən Paşinyan bu generala toxunmadı və onu vəzifəsində saxladı. Hərçənd, erməni baş nazir Afrikaya qanunsuz silah daşınmasını tənqid edərkən, bu prosesdə Qalstyanın adının hallandığını bilməli idi, əslində bilməmiş də deyil. O zaman niyə qalmaqallı generalı ordunun mühüm postunda saxladı? Cavab məlumdur: Paşinyan da keçmiş hakimiyyətin dövründən qalan silah qaçaqmalçılığı şəbəkəsini idarə edir, qanunsuz silah dövriyyəsini də məhz Qalstyan vasitəsilə həyata keçirir. (Böyük ehtimalla Paşinyan brilyant alverini də Afrikada erməni mafiyasını idarə edən Qalstyan vasitəsilə reallaşdırır).

Açıq mənbələrdən əldə edilən bütün bu faktlar qanunsuz silah alverini birbaşa Ermənistan dövlətinin həyata keçirdiyini, Levon Ter-Petrosyanın, Robert Koçaryanın və Serj Sarkisyanın cinayətlərini Nikol Paşinyanın da davam etdirdiyini göstərir.

 

0
Publika.az