Ötən gün Rusiyada 17 yaşlı azərbaycanlı tələbə Timur Qavrilovu qətlə yetirməkdə şübhəli bilinən Vitali Vasilyevin yaxalanması barədə məlum vermişdik.
HİT.Az Modern.az-a xəbər verir ki, bu gün Volqoqrad vilayətinin polis rəisi, general-leytenant Aleksand Kravçenko və İstintaq Komitəsinin sədri Vasili Semyonov rezonanslı cinayət işi ilə bağlı yeni detalları açıqlayıblar. Volqorad vilayətinin qubernatoru Andrey Boçarovun qəbuluna gələn generallar Azərbaycan vətəndaşı Timur Qavrilovun qətlində şübhəli bilinən şəxs barədə ətraflı məlumat veriblər.
“Saxlanılan şəxsin cinayəti törətməsində şübhə yeri yoxdur. Az sonra biz və istintaq cinayətin detallarını açıqlayacayıq. Əməliyyatçılarımız addım-addım onu tutmağa yaxınlaşırdı. Bu işdə yüksək professionalıq göstərən Smolensk vilayətinin polis həmkarlarına da təşəkkürümü bildirirəm"- deyə polis rəisi Aleksandr Kravçenko söyləyib.
22 yaşlı Vitali Vasilyev ötən gün Smolensk şəhərində taksidə olarkən yaxalanıb. İstintaqın məlumatına görə, Azərbaycan vətəndaşı Timur Qavrilova 20 bıçaq zərbəsi vurub onu qətlə yetirdikdən sonra Volqoqrad şəhərini tərk edən şübhəli, Rostov-na-Donu şəhərindən keçərək Smolenk şəhərinə gəlib və cinayətdən yayınmaq üçün Belarus respublikasına keçməyə cəhd göstərib. Vasilyevin Azərbaycan vətəndaşını qətlə yetirməsinin motivləri hələ də müəyyən olunmayıb.
Rusiyada geniş rezonans doğuran qətl hadisəsi ilə bağlı qubernator Andrey Boçarov cinayətkarın tutulmasına yardım göstərəcək şəxsə 1 milyon rulb mükafat təyin etmişdi.