2020-ci ildə səyahət üçün ən təhlükəsiz ölkə Vyetnamdır.
Kronavirusa qalib gələn və səyahət üçün tövsiyə olunan ölkə və şəhərlərin tam siyahısını "İndependent" nəşri dərc edib.
Belə ki, jurnalistlərin məlumatına əsasən, Vyetnamda ümumilikdə cəmi 342 yoluxma qeydə alınıb, koronavirusdan ölən isə olmayıb. Bu nəticələrin hökumət orqanlarının operativ reaksiyası və sərt tədbirləri sayəsində əldə olunduğu bildirilir.
Yunanıstan təhlükəsiz dövlətlər arasında ikinci yerdədir.
Burada da dövlət vaxtında lazımi tədbirlər görüb: koronavirusun Saloniki şəhərində ilk aşkarlandığı günün səhərisi burada hər il keçirilən karnaval ləğv olunub, ardınca məktəb, bar, kafe və muzeylər bağlanıb, məcburi sosial məsafə tətbiq olunub.
Reytinqdə həmçinin Honkonqun da adı var.
Burada tibbi maska taxmaqla bağlı qanun qəbul olunub və Çinə səfərlər məhdudlaşdırılıb.
Siyahıda dördüncü olan İslandiyada əhali aktiv şəkildə koronavirus testindən keçirilib.
Bundan əlavə, nəşrin redaktorları reyinqə Yeni Zelandiyanı, Trinidad və Tobaqo ada dövlətlərini də daxil ediblər.
Xatırladaq ki, daha öncə də Ümumdünya Səyahət və Turizm Şurası (World Travel & Tourism Council, WTTC) bu yay təhlükəsiz səyahət edə biləcəyimiz ölkələrin adlarını açıqlamışdı. Həmin reytinqdə Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı turistlər üçün ən təhlükəsiz ölkələr hesab olunur. Bu ölkələrdə BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən təsdiqlənmiş xüsusi təhlükəsizlik protokolları tətbiq edilib.