Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın həbsdən çıxması üçün 4 milyonluq girovu bir günün içində Rusiya biznesmenləri ödəyib, - eks-prezident Koçaryanın mətbuat katibi Viktor Soğomonyan bildirib.
Ermənistan Apellyasiya Məhkəməsinin qərarı ilə təxminən 4,2 milyon dollar məbləğində girov qarşılığında sabiq Ermənistan prezidenti Robert Koçaryanın həbs qətimkan tədbiri ləğv edilib və şənbə günü, iyunun 20-də girov ödənildikdən sonra Robert Koçaryan azad olunub.
Cümə günü Yerevan Apellyasiya Məhkəməsi Robert Koçaryanın vəkillərinin vəsatətini təmin edib. Məhkəmə Robert Koçaryanın 2 milyard dram (təxminən 4,2 milyon dollar) məbləğində girovla həbs-qətimkan tədbirini ölkəni tərk etməmək haqqında iltizamnamə ilə azadlığa buraxmaqla əvəzləmək barədə qərar qəbul edib.
Ermənistan Baş Prokurorluğu Apellyasiya Məhkəməsinin qərarını mübahisələndirəcəyini bildirib.
Sabahısı gün girov haqqı ödənilib və Koçaryan azad olunub.
Koçaryan ötən il mülki xəstəxanada cərrahiyyə əməliyyatından sonra bu ilin aprel ayında "bərpaetmə prosedurlarına davam etmək üçün" yenidən MTX təcridxanasından İzmirlyan adına Tibb Mərkəzinə köçürülmüşdü.
Ermənistan Baş Prokurorluğu Apellyasiya Məhkəməsinin qərarını mübahisələndirəcəyini bildirib.
4 milyon dollar girov haqqı necə ödənilib?
Yerli və Rusiya mətbuatının Koçaryan ailəsinin yüzlərlə milyon dollara malik olduğunu yazmasına rəğmən, cümə günü məhkəmədən sonra Koçaryanın kiçik oğlu Levon Koçaryan jurnalistlərə deyib ki, girovu ödəməyə eks-prezidentin dostları kömək etməyi vəd veriblər.
Məsələ bir günün içində həll olunub və eks-prezident Koçaryanın mətbuat katibi Viktor Soğomonyan bu məbləği Koçaryana Rusiya biznesmenlərinin verdiyini bildirib.
Soğomonyana istinadən, Rusiya RBK informasiya agentliyi yazır ki, pulu Samvel Karapetyan ("Taşir" şirkətlər qrupunu), Sergey Hambartsumyan ("Monarx" şirkətlər qrupu), rusiyalı biznesmen və xeyriyyəçi Genndi Stepanyan və Koçaryanın müstəqil müdir olduğu AFK "Sistema" şirkəti ödəyib.
Koçaryanın vəkilləri girov məbləğinin "Ermənistan məhkəmələri təcrübəsində misli görünməmiş" hesab edirlər.
Daha əvvəl Koçaryanın vəkilləri onun keçmiş Ermənistan baş nazirləri Vazgen Manukyan, Xosrov Harutyunyan, Karen Karapetyan və tanınmamış "DQR sabir baş naziri" Anuşavan Danielyanın zəmanətləri və 500 min dram (təxminən 1000 dollar) girovla qətimkan tədbiri dəyişmək haqında vəsatət vermişdilər.
Koçaryan nədə ittiham olunur?
Robert Koçaryan 1-2 mart 2008-ci il iğtişaşları ilə bağlı konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Həmin cinayət işi üzrə, həmçinin o zaman müdafiə naziri Seyran Ohanyan, baş qərargah rəisi və müdafiə naziri müavini olmuş Yuri Xaçaturov və keçmiş Prezident Administrasiyasının rəhbəri Armen Gevorqyan da ittiham olunurlar.
2008-ci il prezident seçkilərində Serj Sarkisyanın qələbəsini tanımayan müxalifətin iki həftə davam edən fasiləsiz etiraz aksiyaları hökumət qüvvələri tərəfindən dağıdılarkən nümayişçilərlə qarşıdurma nəticəsində martın 1 və 2-də 10 nəfər həlak olmuş, yüzlərlə insan xəsarət almışdı.
Koçaryan 2019-cu il iyunun 25-dən həbsdədir.
Bundan əvvəlki məhkəmələrdə nə baş vermişdi?
Ötən ilin noyabrında Yerevan ümumi yurisdiksiya məhkəməsində hakim Anna Danibekyanın sədrliyi ilə keçirilən prosesdə sabiq Ermənistan prezidenti Robert Koçaryanı girovla azad etmək vəsatəti təmin edilməmişdi.
Daha əvvəl isə Koçaryanın vəkilləri məhkəməni onun istintaqın gedişinə mane olmayacağına inandırmağa çalışaraq, xatırlatmışdılar ki, daha əvvəl o, müttəhim statusunda 5 ay azadlıqda olarkən nə gizlənməyə cəhd edib, nə də istintaqa maneələr törədib.
Koçaryan isə öz çıxışında əmin etmişdi ki, "Hamıdan çox ədalətli məhkəmədə" onun özü maraqlıdı: "Mənim üçün burada durub və inandırmağa çalışmaq ki, qaçmaq və istintaqa əngəllər törətmək niyyətində deyiləm, xoş olmayan bir haldır. Bu, mənim tərcümeyi-halıma ziddir... Kim nə deyir - desin, mən təkrar etməyə məcburam ki, ədalət məhkəməsindən qaçmayacağam. Bir halda ki, ədalətli məhkəmədə hamıdan çox maraqlı olan mənəm", - məhkəmə prosesini izləyən Yerevan müxbirimiz xəbər verir.
Koçaryanın işi ilə bağlı bütün məhkəmə proseslərində iştirak edən kiçik oğlu Levon Koçaryan qərarın "gözlənilməz olmadığını" bildirmişdi.
O hesab edir ki, "atası mövcud hakimiyyət tərəfindən siyasi təqibə məruz qalır" və məhkəmə "sifariş yerinə yetirir".
"Hakim Danibekyandan ədalətli qərar gözləmək sadəlövhlük olardı. Bu da onun növbəti qeyri-qanuni qərarı idi", - Levon Koçaryan məhkəmədən sonra jurnalistlərə deyib.
Onun sözlərinə görə, Koçaryanın ailəsi haqqında son 10 il ərzində mətbuatda "nə yalan deyəsən ki, yazılmasın".
"İllərlə KİV-lər bizim ailəmizi aidiyyətimiz olmayan müxtəlif bizneslərlə əlaqələndirib, ailəmizə dair mənfi ictimai rəy yaradılıb", - o deyib.