Türk generalı qətlə yetirən erməni terrorçu – Dosyelər yenidən açılacaq

DÜNYA
13:00 / 01.07.2020
1195

Osmanlı dövlət adamı, generalı Tələt Paşaya (Məhməd Tələt) qarşı işlənmiş sui-qəsdlə bağlı yenidən məhkəməyə müraciət ediləcək.

HİT.Az xəbər verir ki, bu barədə Teleqraf.com-a ABŞ-da fəaliyyət göstərən Türk-Amerika Təhlükəsizlik Fondunun (TASFO) rəhbəri Fatih Özonur məlumat verib.

TASFO rəhbəri Tələt Paşanı qətlə yetirən daşnak terrorçusu Soğomon Təhrliryanın bu cinayətdən bəraət almasının ədalətsizlik olduğunu bildirib:

“Tələt Paşanı qətlə yetirən erməni terrorçu Soğomon Təhliryana hansı səbəbdən bəraət verildiyinin aydınlaşdırılmasını, məhkəmənin yenidən açılmasını və bu prosesin ABŞ-da keçirilməsini tələb edəcəyik. TASFO-nun əsas tələbi budur.

İlk növbədə, TASFO-nun Almaniya nümayəndəliyi tərəfindən bu ölkənin aidiyyəti qurumlarından məhkəmə qeydləri tələb olunacaq. İncələmələr bitdikdən sonra ABŞ-dakı aidiyyəti qurumlara (Suprem Court) müraciət olunacaq və məhkəmənin burada keçirilməsi istəniləcək. Necə ola bilər ki, Osmanlı dövlətinin qondarma soyqırım haqqında əmr verdiyi isbat edilmədiyi halda, alman məhkəməsi Tələt Paşanın öldürülməsinin səbəbini bu saxta soyqırıma göstəriş verməsi ilə izah edir?”.

Fatih Özonur məsələ ilə əlaqədar üç məhkəmə prosesinin açılacağını deyib:

“İlk növbədə, Almaniyanın ədliyyə qurumları nəyə əsaslanaraq, erməni terrorçu Soğomon Təhliryanı sərbəst buraxdığını aydınlaşdırmalıdır. İkincisi, bu suala cavab verməlidirlər: necə ola bilər ki, alman məhkəməsi heç bir dəlil olmadan Tələt Paşanı qondarma soyqırımın müəlliflərindən biri kimi qəbul edir.

Üçüncüsü, erməni terrorçunu az qala “qəhrəman” kimi təqdim edən amerikalı siyasətçi, konqresmen Cim Koştanı da məhkəməyə verəcəyik. Məlum olduğu kimi, o, 2016-cı il aprelin 22-də Təhliryann məzarında bu terrorçunun cinayətini “ədalət aksiyası” adlandırıb. Necə ola bilər ki, Koşta əlində heç bir dəlil olmadığı halda “Təhliryan erməni soyqırımının drijoru Tələt Paşanı öldürdü” deyir? Bu, Tələt Paşanın nüfuzunə xələl gətirməkdir. Bunun üçün də məhkəməyə müraciət edəcəyik”.

0