Koronavirus pandemiyasının yeni ocağına çevrilmiş Rusiyada gündəlik 10 mindən çox yoluxma faktı qeydə alınır. Rusiyanın bu göstəriciyə görə dünyada ABŞ-dan sonra 2-ci ölkə olmasına baxmayaraq, COVID-19-dan ölüm sayına görə dünyada heç ilk onluğa belə daxil olmaması bir sıra sualların ortaya çıxmasına səbəb olub.
“Report” xəbər verir ki, CNN-in müxbiri, tibbi təhlilçi Kent Sepkovits bununla bağlı araşdırma aparıb.
O, araşdırmanın yekunlarına dair məqaləsində yazır: "Demək olar ki, son iki həftədə ABŞ, Rusiya və Braziliya gündəlik yoluxma faktlarının sayına görə siyahıya başçılıq edirlər. Bunun məntiqə uyğun izahı var: bu 3 ölkə dünyanın ən sıx əhalisi olan ölkələrdəndir. Bunda başqa, hər 3 ölkə üçün qeyri-mütəşəkkillik və xəstəliyin yayılmasının ilkin mərhələlərində buna qeyri-ciddi yanaşma xarakterikdir.
Bununla belə, Rusiyanı digər iki ölkədən fərqləndirən cəhət var: Mayın 11-nə olan məlumata görə, pandemiyanın, demək olar ki, 2 aydır tüğyan etdiyi ABŞ-da koronavirusdan ölüm səviyyəsi 6% təşkil edib. Virusun sürətlə yayılması ilə mübarizə aparan Braziliyada isə bu göstərici artıq 7%-ə çatır. İtaliya, Fransa, İspaniya, Belçika və Birləşmiş Krallıq daxil olmaqla, Avropanın bir sıra ölkəsində ölüm səviyyəsi 10%-i də ötüb.
Rusiyada pandemiyanın başlanğıcı təxminən Braziliyadakı ilə eyni vaxta təsadüf edir. Buna baxmayaraq, Rusiyada ölüm səviyyəsi 1%-dən belə azdır. Bu necə ola bilər?
Rusiya Səhiyyə Nazirliyinin mütəxəssisi Yelena Malinnikova bunu belə izah edir: Bu cür aşağı ölüm səviyyəsi vaxtında diaqnozun qoyulması, həmçinin rusiyalıların xəstəliyin əlamətləri ortaya çıxar-çıxmaz həkimə müraciət etməsi ilə bağlıdır.
Rusiyalı jurnalistlərin yazdığına görə isə, ölkədə qeydə alınmış yoluxma hallarının 60%-dən çoxu bölgələrdən fərqli olaraq gənc və sağlam nəslin yaşadığı Moskvada aşkarlanıb.
Səbəbin nə olmasına baxmayaraq, Rusiyada ölüm səviyyəsinin belə aşağı olması gözlənilməz olub.
Rusiya və Braziliyada keçirilən test sayına görə böyük fərq var. Bu baxımdan Y.Malinnikova və ölkə rəhbərliyi bununla fəxr etməlidir. Belə ki, son məlumata görə, Rusiyada hər milyon nəfərə 40 995 keçirilmiş koronavirus testi düşüb, Braziliyada isə bu göstərici 3 459-dur (müqayisə üçün, ABŞ-da bu göstərici 30 937 təşkil edir).
Böyük miqdarda testlərin keçirildiyi İsveçrə, Almaniya və digər ölkələrdə gördüyümüz kimi, ölüm səviyyəsi aşağıdır, çünki yoluxma halları xəstəliyin ilkin mərhələsində aşkarlanıb və beləliklə, xəstəlik ağırlaşma mərhələsinə keçməyi çatdırmır. Bununla belə, pandemiyanın pik nöqtəsində Almaniyada ölüm səviyyəsi 0,5%-dən 4,5%-ə yüksəlib.
Ola bilər ki, testlərin kütləvi şəkildə keçirilməsi ölüm səviyyəsinə də ciddi təsir edir. Ancaq ölüm riskini artıran digər faktorlar da var: kişi cinsi, yaşlılıq, ürəkçatışmazlığı, ağciyərlərin xronik xəstəliyi, diabet və piylənmə. Qeyd etmək lazımdır ki, Rusiyada bu xəstəliklərə əsasən koronavirusdan ölən kişilərdə rast gəlinib.
Təəssüf ki, nə Rusiya, nə də Braziliya koronavirusdan ölənlərin yaşı və cinsinə dair ətraflı məlumatlar təqdim etmir. Bununla belə, Braziliya aprelin sonu pandemiya qurbanlarının 59%-nin kişi olduğunu açıqlamışdı. Qeyd etmək yerinə düşər ki, Dünya Bankının məlumatına görə, Rusiya əhalisinin 15%-ni yaşı 65-dən yuxarı olan insanlar təşkil edir. Braziliyada bu göstərici 9%, ABŞ-da isə 16%-ə bərabərdir. Bunu nəzərə alaraq, Braziliyada ölüm səviyyəsi Rusiyadan aşağı olmalı idi.
Bundan başqa, Rusiyada ürək xəstəlikləri Braziliyadakından daha yayğındır. Aparılmış yeni araşdırmaya əsasən, Rusiyada ürək-damar çatışmazlığı xəstəliyi Braziliyadan iki dəfə daha çox qeydə alınır. Bu, Rusiyada koronavirusdan ölüm səviyyəsinin Braziliyadan daha yüksək olmalı olduğu göstərən daha bir səbəbdir.
Rusiya və Braziliyada ağciyərlərin xronik xəstəliyinə dair dəqiq statistik məlumat mövcud deyil. Lakin ağciyər xəstəliklərinin başlıca səbəblərindən olan siqaret çəkmə Rusiyada (57% kişilər, 23% qadınlar) Braziliyadan qat-qat daha çox yayğındır (17% kişilər, 10% qadınlar). Bununla belə, Rusiyada ağciyər xəstəliyindən ölüm səviyyəsi Braziliyadan təqribən 2 dəfə aşağıdır.
Braziliyada Rusiyadan fərqli olaraq diabetə, demək olar, iki dəfə daha çox rast gəlinir, ölkələrdə əhalidə piylənmə nisbəti isə təxminən eynidir. Beləliklə, bütün məlum və ölçülən faktorları qarşılaşdırma bizə Rusiyada koronavirusdan ölüm səviyyəsinin ən azı Brazilidakı ilə eyni olmalı olduğunu göstərir.
Rusiya Səhiyyə Nazirliyinin mütəxəssisi haqlıdırmı? Ölüm səviyyəsindəki bu qədər fərq sadəcə keçirilən testlərin miqdarı və ya yüksək səviyyəli səhiyyə sistemi ilə izah edilə bilərmi?
Ola bilər, ancaq bu fərqi başqa yollarla da izah etmək olar. Misal üçün, Rusiyada koronavirusdan ölüm hallarının necə qeydə alındığını bilmirik. Əgər ürəkçatışmazlığı olan pasiyent koronavirusdan ölürsə, “ölümünə səbəb qrafası”na nə yazılır? Bundan başqa, Moskvaya bölgələrdəki vəziyyətlə bağlı məlumat nə dərəcədə sürətlə çatdırılır?
Bəs qocalar evindəki ölümlər necə? Testlər keçirilməsə belə, orada ölənlərin hansı kateqoriyaya aid edirlər? Birləşmiş Ştatlar və digər ölkələrdə olduğu kimi ölümlərin dəqiq təsnifatlandırılması çox vacib məqamdır. Bu koronavirusun özəlliklərini anlamağımız üçün vacibdir.
Xəstəliklər bir-birindən ayrı inkişaf etmirlər. Ürəkçatışmazlığı olan insanda pnevmoniya daha ağır keçir. Ancaq həmin şəxs ölərsə, onun ölümünün gerçək səbəbi nə olacaq? Ola bilər ki, həmin insan konkret olaraq bir xəstəlikdən deyil, bir neçə xəstəliyin birləşməsindən ölür.
Bununla belə, siyasi gərginliyi də artıran koronavirus pandemiyası dövründə ölüm səbəblərindəki bu qeyri-müəyyənlik və ya qeyri-müəyyənlikdən istifadə etmə İosif Stalinin adına yazılan məşhur ifadəni yada salır: “Kimin səs verməsi vacib deyil, vacib olan kimin saymasıdır”.
Başqa sözlərlə, Rusiya və digər ölkələrdə koronavirusdan ölüm səviyyəsi beynəlxalq ictimaiyyətin razılaşdığı qaydalara görə deyil, bu məlumatları dərc edən hakimiyyətin taktikasına əsasən hesablanır. Beləliklə, siyasi gedişatlar koronavirusun özəlliklərini anlamağımıza ciddi əngəl yaradır.