Yaponiyada 16 milyard il ərzində vaxtı dəqiq göstərə bilən saat hazırlandı

DÜNYA
11:57 / 05.07.2020
1102

Yapon alimləri həddən artıq dəqiq işləyən atom saatı hazırlayıblar. Bu saat 16 milyard il ərzində dəqiq vaxt göstərməyə qadirdir və həmin müddətdə onun cəmi bir saniyə xəta etmək ehtimalı var.

TASS informasiya agentliyi xəbər verir ki, professor Hidetosi Katorinin rəhbərliyi altında Tokio universitetinin mütəxəssislər qrupu tərəfindən hazırlanan qurğunun əsasına mənfi 180 dərəcəyə qədər soyudulmuş stronsium atomlarından ibarət matrisa daxildir. O, lazer şüalarından ibarət optik qəfəsə qoyulub. Vaxt intervalları isə bu kimyəvi elementin udduğu işıq tezliyi ilə ölçülür. Bu qurğu öz dəqiqliyinə görə hazırda istifadə olunan və “etalon” sayılan atom saatlarını min dəfədən də çox üstələyir.

Hidetosi Katorinin sözlərinə görə, onlar yaxın gələcəkdə vaxt ölçüsünün beynəlxalq standartlarına yenidən baxılacağına və ixtiralarının elm aləmində fəxri yerlərdən birini tutacağına ümid edirlər.

0
Modern.az