“Əlləri qana bulaşanlar” daha burada mülk ala bilməyəcək - Siyahıda kimlər var?

DÜNYA
15:18 / 07.07.2020
1634

Böyük Britaniya xarici işlər naziri Dominik Raab bəyan edib ki, onun hökuməti bütün dünya boyunca insan haqlarını kobud pozan ölkələrə və onların rəsmilərinə ağır sanksiyalar qoyur. İlkin olaraq sanksiyalar Rusiya, Səudiyyə Ərəbistanı, Birma və Şimali Koreyanı hədəfləyəcək. Dominik Raabın iyulun 6-da elan etdiyi sanksiyalara adı çəkilən ölkələrin rəsmilərinin Britaniyaya səfərlərinin qadağan olunması da daxildir.

“The Guardian” yazır ki, beləliklə də London “Breksit”dən sonra insan haqlarını pozan şəxslərə və təşkilatlara müstəqil olaraq cəza tədbirləri görəcəyini nümayiş etdirib. Raab parlament qarşısında etdiyi çıxışında deyib ki, onun hökuməti ölkənin bütün dünyadakı rolunun yüksəldirməsinə sadiqdir. Britaniyanın sanskiyaları insanların yaşamaq, azadlıq hüquqlarını pozanlara, habelə işgəncələrdən və quldarlıqdan istifadə edənlərə qarşı yönələcək.

Bu da qeyd olunur ki, sanksiyalar təkcə insan haqlarını pozanlara yox, bu pozuntulardan mənfəət əldə edənləri hədəfləyəcək: "Əlləri qana bulaşanlar artıq bu ölkədə vals rəqsi edə, Kinqs Roud küçəsində mülk ala, Naytsbricdə bahalı milad hədiyyələri seçə və ya çirkli pullarını Britaniya banklarında yuya bilməyəcəklər”.

Məsələn Rusiya rəsmilərindən qara siyahıya salınanların arasında Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrykin də var.Britaniya bundan iki il əvvəl, 2018-ci ildə Sanksiyalar Qanunu qəbul edib. Bu qanundan məqsəd Britaniyanın müstəqil şəkildə sanskiayalr qoymaq qabiliyyətinin bərqərar edilməsidir.Britaniya 2016-cı ilədək Avropa İttifaqının və BMT-nin sanksiya rejimlərinə qoşulmaq öhdəliyinə malik idi.

Amma Britaniyanın sanksiyaları hazırkı mərhələdə Kanada və ABŞ qanunlarında olduğu kimi korrupsiya hallarını əhatə etməyəcək. Hökumət bunu da bildirir ki, Britaniya sanksiyaları əsasən ölkə Xarici İşlər Nazirliyinin illik insan haqları hesabatlarında “narahatlıq doğuran ölkələri” əhatə edəcək. “The Guardian” yazır ki, bütün dünyada müxtəlif avtoritar rejimlərin insan haqları pozuntularının böyüyən miqyası Britaniya hökumətini sərt addımlara məcbur edir.

 

İnsan haqları kampaniyaçıları bildirirlər ki, hökumət insan haqlarını pozan ölkələrdə sanksiyalarla təkcə aşağı ranqlı məmurları yox, həm də həmin ölkələrin liderlərini hədəfləmək məcburiyyətində qalacaq.

Britaniyanın indiki xarici işlər naziri Raab, hələ adi millət vəkili olduğu vaxt, 2014-cü ildə İnformasiya və Daxili İşlər nazirliklərinə Rusiyada insan haqlarını pozan 60-dək fərdin Britaniyaya səfər hüququnun olub-olmadığı barədə sərt sorğu vermişdi.

Bu arada daha bir qərarla Britaniya vəkil Sergei Magnitskinin ölümüylə əlaqədar 20-dən çox Rusiya rəsmisinə sanksiya tətbiq edib. London Moskvanın sabitsizlik yaradan hərəkətlərini qınayandan iki ölkə arasında münasibətlərdə gərginlik yaşanır.

İyulun 6-da açıqlanmış siyahıya 25 rusiyalı rəsminin adı daxildir. Nüfuzlu İstintaq Komitəsinin sədri Aleksandr  Bastrıkin də həmin siyahıdadır. O, Prezident Vladimir Putinin yaxın adamı sayılır. Siyahıda hakimlərin, prokurorların da adları yer alıb.

ABŞ-dan investor Uilyam Broderin  vəkili olmuş Magnitsky 2009-cu ildə Moskvada xəstəxanada vəfat edib. O, Rusiya rəsmilərini 230 milyon dollarlıq vergi fırıldağında ittiham edirdi. Birləşmiş Ştatlar 2012-ci ildə Magnitsky Aktını qəbul edib, Rusiyanın bir sıra məmurlarına sanksiyalar tətbiq edib, 2016-cı ildən qanunu digər ölkələrdən olanlara da şamil edib.

Britaniya isə qanunu 2018-cu ildə qəbul edib, ancaq 2020-ci ildə Avropa Birliyindən rəsmi çıxanadək onun icrasını təxirə salıb.

Britaniyanın sanksiya siyahısına habelə jurnalist Camal Kaşıkçının ölümündə əli olan bir sıra səudiyyəlilər, həmçinin Şimali Koreya rəsmiləri daxildir. Sanksiyalar viza qadağasından, bu şəxslərin aktivlərinin dondurulmasından ibarətdir.

0
Virtualaz.org