Rusiyanın Xabarovsk şəhərində sakinlər bir həftədən çoxdur etiraz aksiyası keçirir. Onlar qubernator Sergey Furqalın həbsinə etiraz edir.
Şəhər rəhbəri həbs olunandan – iyulun 10-dan hər gün küçələr adamla dolu olur. Bəzən etiraz edənlərin sayı 100 mini aşır. Adətən, 15-50 min arası etirazçı müşahidə edilir. Hökumət küçəyə uzağı 10 min nəfərin çıxdığını bildirir.
Təkcə Xabarovsk sakinləri etiraz etmir. Komsomolsk-na-Amur və Vladivostokda da Furqalın həbsi ilə razılaşmayanlar çoxdur.
Etirazçılardan Gennadi “Euronews”a deyib ki, qubernatorun həbsi siyasi qərardır. Aksiyalarda Rusiya prezidenti Vladimir Putinin oğru adlandırılması də təsadüfi deyil. Etirazçılar Furqalın məhz dövlət başçısının əmri ilə həbs olunduğunu düşünür.
Başqa bir etirazçı Mixail bildirib ki, xalqla belə davranmaq olmaz: “Onu biz seçmişdik. Bizim seçimimizi əlimizdən ala bilməzlər”.
Furqal haqqında sentyabrın 9-na qədər həbs-qətimkan tədbiri seçilib. O, iki qətldə təqsirli sayılır.