Pandemiya dövrünün qurbanlığı: ətin qiyməti düşdü, müştəri yoxa çıxdı

İQTİSADİYYAT
22:35 / 31.07.2020
1603

"İnsanlar icazə ilə evdən çıxırlar. Onların əksəriyyəti işləmir, maddi sıxıntı yaşayırlar. Ötən il bazarda 10 nəfərdən təxminən 6-7-si qurbanlıq alırdısa, indi təxminən 2 nəfəri alır, ya almır" - Aqil İbrahimov

Qurban bayramı ilə əlaqədar rayonlardan Bakıya qurbanlıq heyvanlar gətirilir. Maraqlıdır, təsərrüfatlarda vəziyyət necədir?

Qurbanlıq heyvanların satışını həyata keçirən, Maştağada təsərrüfatla məşğul olan Aqil İbrahimov Sputnik Azərbaycan-a mövcud durumu şərh edib:

"Keçən illə müqayisədə satdığımız qurbanlıq ətin qiymətində dəyişiklik var. Belə ki, ötən il qurbanlıq ətin kiloqramı 6-6.5 manata təklif edilirdisə, bu il 5.5-6 manata təklif edilir. Diri heyvanların qiyməti isə 170 manatdan başlayır. Bunlar 6 ayını tamamlayan qoçlardır".

Heyvanların gigiyenik şəraitdə kəsilərək təhvil verildiyini deyən həmsöhbətimiz alıcılıq qabiliyyətinin ötən illə müqayisədə zəiflədiyini söyləyir. Həmsöhbətimiz bunun səbəbini mövcud vəziyyətlə izah edir: "Ötən ilə nisbətən alıcılıq qabiliyyətinin çox aşağı olmasının səbəbi pandemiya ilə əlaqədardır. İnsanlar icazə ilə evdən çıxırlar. Onların əksəriyyəti işləmir, maddi sıxıntı yaşayırlar. Ötən il bazarda 10 nəfərdən təxminən 6-7-si qurbanlıq alırdısa, indi 2 nəfəri alır, ya almır".

Qurbanlıq qoyunlar Photo : Aqil İbrahimovQurbanlıq qoyunlar Photo : Aqil İbrahimovQurbanlıq qoyunlar Photo : Aqil İbrahimovQurbanlıq qoyunlar Photo : Aqil İbrahimovQurbanlıq qoyunlar Photo : Aqil İbrahimov1 / 5Qurbanlıq qoyunlar

Təsərrüfat rəhbərinin bazarda təklif etdiyi qiymətə isə ət kəsimi və qablaşdırılması daxildir: "Amma bəzi yerlərdə bunu da pulla edirlər. Təbii ki, burada da hər şey satıcının insafına bağlıdır. Satıcı var ki, Allah rizası üçün bunu pulsuz edir, satıcı da var ki, 5-10 manatın qarşılığında bu işi edir".

"Alıcılar arasında onlayn sifariş edənlər də var. Lakin onlayn satış üçün kifayət qədər müştəri kontingenti yoxdur, müştərilər bu sahədə yenidirlər deyə satış hələ ki, zəifdir", - deyə həmsöhbətimiz əlavə edib.

Təsərrüfatda saxlanılan heyvanlar isə əsasən İmişli, Ağcabədi, Bərdə, Beyləqan və Şamaxıdan gətirilib. Cinslər arasında Şamaxı quzuları, qaradolaq, tatarlar, eyvazlılar da var. Lakin onlar arasında əsasən Qarabağ quzuları üstünlük təşkil edir.

0