Ötən gün ABŞ-ın Mərkəzi Bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0-025 faiz səviyyəsində saxlamaq qərarı aldı. FED-in bu qərarı almasında məqsəd pandemiyanın səbəb olduğu böhranı aradan qaldırmaq, həmçinin orta müddətli perspektivdə iqtisadi fəallığı artırmaq və inflyasiyaya təsir edəcək riskləri azaltmaq idi.
İqtisadçı ekspert Elman Sadıqov bildirdi ki, FED-in bu qərarı verməsi gözlənilən idi.
“FED başçısı Jerome Powell öncəki iclaslarda açıq aydın mesaj vermişdi ki, 2021 ci ilin ortalarına qədər onlar faiz dərəcələrini saxlayacaqlar. Belə mesajların verilməsinə səbəb odur ki, böyük investisiya banklarında, o cümlədən investisiya şirkətlərində, hec-fondlarda investisiyalar zamanı qısa və orta müddətli mövcud və gözlənilən faiz dərəcələri nəzərə alınır. Ona görə də FED adətən ciddi faiz dəyişiklərinə gedərkən hər hansı bir yaxın və orta müddətli siyasət müəyyən etmək üçün investorlarda daha inamlı bir fikir yaratmaq üçün öz niyyətini ortaya qoyur. Bu dəfə də FED-in faiz dərəcəsini artırmaması narahatlıq yaratmamalıdır. Düşünürəm ki, nəinki 2021-ci ilin mart-aprel ayına kimi, hətta 2021-ci ilin sonuna və hətta 2022-ci ilə qədər biz dünyada FED-in ciddi faiz artımını müşahidə etməyəcəyik. Bu proqnoz yalnız dünyada ciddi kataklizmlərin və ciddi inflyasiya yaradacaq risklərin mövcud olmaması fonunda baş verə bilər.’’
Hazırki iqtisadi dalğalanmalar dövründə dünyada dolların məzənnəsinin necə olacağı çoxlarını düşündürən sualdır desək yanılmarıq. Elman Sadıqov bildirdi ki, Tramp administrasiyasının 2018-ci ildən bəri ən böyük məqsədi dolların məzənnəsini aşağı salmaqdır.
“Dolların ucuzlaşması Amerikaya bir çox iqtisadi məsələlərini həll etməyə imkan verəcək. Buraya borc məsələsi, qiymətli kağızlar, xüsusilə istiqraz bazarındakı gərginlik və ən əsas məsələ, istehsal və ixracı artırmaqla ticarət kəsirini azaltmaq, iqtisadiyyatını dirçəltməkdir. Deməli, burada Amerikanın əsas hədəfi həm də ixracını artırmaqdır. Çünki ucuz dollar qiymət baxımından rəqabət qabiliyyətli və keyfiyyətli məhsulun daha da artan ixracı deməkdir. Dolların indeksini təyin edən əsas valyuta avro və yenadır. Amerikanın ən böyük iqtisadi-ticari tərəfdaşı Yaponiya və Avropa Birliyidir. Amerika məhsulları üçün də ən böyük rəqib Avropa və Yaponiya məhsullarıdır. Xüsusi ilə yapon avtomobilləri bu siyahıdadır. Amerika öz ixracını artırmaq üçün dolların avroya vəyapon yenasına qarşıkursunu zəiflətməlidir. Amma iki ildir ki, Amerika bunu bacara bilmirdi. Çünki Amerika iqtisadiyyatının sürətli tempi, dollara olan inam, digər iqtisadi mərkəz və ölkələrdə mövcud olan iqtisadi problemlər buna şərait yaratmırdı. Hazırki vəziyyətdə isə Amerika üçün şans yaranıb ki, dolları avroya və yenaya qarşı ucuzlaşdırsın.” Onu da qeyd edək ki, ABŞ-da ÜDM-nin 2 rübdə 33% aşağı enməsi iqtisadiyyatın yenidən dirçəldilməsi üçün görüləsi işlərin əhatəliliyinin ilkin göstəricilərindəndir. Yəni, tədbirlər planı daha da genişlənəcək.
İqtisadçı-ekspert bildirdi ki, dolların avroya nisbətdə hazırki məzənnəsi (1.17-1.18) AB üçün qəbul ediləndir. Lakin, bu kursun 1.25-dən yuxarı qalxması bu dəfə AB üçün arzuolunan deyil. Çünki, bahalı avro ixracı zəiflədən əsas amillərdən bəlkə də birincisidir.
“Avropa birliyi bu məsələləri əlbəttə ciddi nəzarətdə saxlayacaq. Çünki, dolların indeksinin 93-dən 80-ə, hətta 70-60-a qədər düşürülməsi məsələsi də müzakirə edilir. Bunlar çox ciddi məsələlərdir və çox ciddi təlatümlər yarada bilər.
Burada ikinci məsələ dolların üçüncü dünya ölkələrinin valyutalarına nisbətdə kursudur. Yəni, dolların sərbəst dönərli valyutalara (avro, funt, yen və sair) ucuzlaşması, sərbəst dönərli olmayan valyutalara nisbətən (rus rublu, türk lirəsi, manat) ucuzlaşacağı demək deyildir.” İnkişaf etmiş ölkələrdə valyuta kurslarının drayverləri, həlledici faktorları ilə inkişaf etməkdə olan ölkələrin valyutalarının kurslarının drayverləri, həlledici faktorları arasında çox böyük fərqlər vardır. Bunları tez-tez qarışdırırlar, amma eyniləşdirmək doğru deyildir.
Məsələn, Azərbaycan üçün əsas məsələ neftin qiyməti amilidir. Əgər neftin qiyməti qalxarsa o zaman manat üçün təzyiqin azalması baş verəcək.
“Dolların ucuzlaşması neftin qiymətinin aşağı düşməsi riskini azaldır. “Azeri light” neftinin növbəti il üçün qiyməti 45-55 dollar ətrafında olması təxmin edilir. Əlbəttə, burada da gözlənilməyən risk və kataklizmlər istisnadır. Qeyd olunan qiymət aralığı isə iqtisadiyyatımız üçün müsbət amildir.
Ümumiyyətlə dünya mətbuatında dolların ucuzlaşıb və ya bahalaşması xəbərlərini gördükdə panikaya qapılmamalıyıq. Çünki ola bilər ki, dünyada dolların qiyməti bahalaşsın, amma neftin qiyməti bizi qane edən səviyyədə olarsa manata olan təzyiq azalacaq. Bu da dollar/manat kursunda hər hansı bir problem yaşatmayacaq’’
Qarşıda dollar-manat məzənnəsində Azərbaycanı nə gözləyir?
“Hazırda növbəti 6 ayın proqnozları onu deməyə əsas verir ki, neftin qiymətlərində kəskin ucuzlaşma ehtimalı aşağıdır. Doğrudur neftin 45 dollar səviyyəsində olması bizi çox incə bir siyasət yürütməyə vadar edəcək. Çünki 45 dollar elə bir həddir ki, tədiyyə balansındakı ən kiçik dəyişikliklər kəsir və ya profisit yarada bilir. Əlavə olaraq burada idxalın səviyyəsindən, artıb-azalmasından asılı olaraq müsbətə də meyil ola bilər, mənfiyə də. Əgər növbəti 6 ay ərzində neftin qiymətinin 45 dollar ətrafında olarsa dünyada dolların qiymətinin bahalaşıb ucuzlaşmasından asılı olmayaraq manata olan təzyiqlər kifayət qədər aşağı enəcək.’’