Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax şəhərinin içməli su və kanalizasiya sistemləri yenidən qurulur.
"Azərsu" ASC-dən bildirilib ki, Qazax şəhərində 1970-ci illərdə yaradılmış su təchizatı sistemləri istismara yararsız vəziyyətə düşüb. Ötən dövrdə əhali artımı və məskunlaşmanın genişlənməsi səbəbindən infrastruktur mövcud və perspektiv tələbatı qarşılamaq iqtidarında deyil. Bütün bunlar nəzərə alınaraq 2019-cu ildə Azərbaycan Hökuməti və İslam İnkişaf Bankının birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qazax şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıb.
Layihə Qazax şəhərində 26 min nəfərin su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşmasına hesablanıb. Layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə layihədən 45 min sakin faydalanacaqdır.
Qazax şəhərini və ətraf kəndləri dayanıqlı içməli su ilə təmin etmək üçün Ağstafa rayonu ərazisində qazılması nəzərdə tutulan 12 subartezian quyusunun 7-si qazılıb. Su mənbəyindən Qazax şəhərinə 9 km magistral su kəmərinin 4 km-lik hissəsi çəkilib. Şəhəri dayanıqlı içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr olan su anbarının tikintisi üzrə işlərin 60 faizdən çoxu yerinə yetirilib. Qazax şəhərində inşası nəzərdə tutulan 106 km paylayıcı su şəbəkəsinin 80 km-lik hissəsi tikilib. Ümumilikdə yeni şəbəkədən 5870 ünvana birləşmə verilərək sayğaclar quraşdırılacaq. Bununla paralel olaraq şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulur. Şəhər ərazisində inşası nəzərdə tutulan 82 km kanalizasiya şəbəkəsinin, 4,4 km kanalizasiya kollektorunun tikintisi üzrə işlərin 70 faizi icra olunub.
İçməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır. Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi davam etdirilir.
İşçilərin əmək şəraitinin yaxşılaşdırılması və istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Qazax Sukanal Sahəsi üçün müasir tipli inzibati binanın tikintisi yekunlaşıb və hazırda binada son tamamlama işləri aparılır.