Pandemiyanın iqtisadiyyata vurduğu zərərlər qlobal arenada bir çox fəsadlara yol açıb.
Xüsusən yeni növ koronavirusun iqtisadiyyatın müxtəlif sektorlarına vurduğu ağır zərərlərin uzun müddət aradan qaldırılması çətin olacaq.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 4 avqustda keçirilən iclasında Maliyyə naziri Samir Şərifov da iqtisadiyyatın əksər sektorlarında azalmaların müşahidə olunduğunu vurğulayıb.
Məsələyə münasibət bildirən iqtisadçı- ekspert Natiq Cəfərli hazırkı vəziyət üçün iqtisaiyyatın ən çox problemli hesab olunan sektorlarından danışıb:
“Ən böyük azalma turizm sektorundadır. Xarici turistlərin ölkəyə gəlişi demək olar ki, sıfır səviyyəsindədir. Daxili turizmdə də müəyyən dövriyyə yaratmaq mümkün olmur. Çünki karantin rejimidir. Bakıdan giriş-çıxışlara müəyyən məhdudiyyətlər tətbiq edilib. Yəni turizm sektoru tamamilə iflasa uğrayıb. İkinci isə ictimai-iaşə sahəsidir, yəni kafelər, restoranlar. Bunlarda böyük itkilər var. Demək olar ki, 5 aydı qapalıdırlar.
Əsasən sərt karantin olan bölgələrdə, Bakı, Abşeron, Sumqayıt, Gəncə şəhərlərində yerləşən ictimai-iaşələrin fəaliyyəti dayanıb.
Burada da ciddi itkilər var. Həm iş yerləri qapadılıb, həm də gəlirlərin azalması var. Bundan başqa qeyri- ərzaq sektorunda, əsasən də geyim sektorunda böyük azalmalar var. Hətta fevralın sonu, mart ayının əvvəllərində yaz- yay geyimlərini ölkəyə gətirənlər var ki, çox ağır vəziyətdədirlər. Çünki onlar çox böyük məbləğdə vəsaitlər xərcləyib bu malları gətirmişdilər. Az qalsın ki, yay da bitir. Lakin onlar yaz-yay kolleksiyasından heç nə satmayıblar. Əsasən itkilər bu 3 seqmentdədir. Təbii ki, pandemiya təsirləri digər bütün sahələrə az və ya çox təsir edib. Hətta qapadılmayan sahələrə də təsirlər olub və gəlirləri azalıb”.