Ünvanlı sosial yardıma cəlb edilənlərin sayı açıqlandı - RƏSMİ

İQTİSADİYYAT
18:11 / 07.08.2020
1157

“Pandemiya dövründə sosial ödənişlərin davamlılığının, hətta hər ay vaxtından əvvəl ödənilməsi təmin edilib. Təkcə pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımlar üzrə bu ilin yeddi ayında 2,3 milyondan çox şəxsə, (əhalinin 23 faizinə) 3,3 mlrd. manata yaxın vəsait ödənilib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlət başçısının tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu da ötən ilin eyni dövrünə nisbətən tərqibən 30 faiz çox olmaqla, 719 milyon manat çoxdur:

“Sosial təminat sistemi ilə əhatə olunanların da sayı 130-150 min nəfər artıb, o cümlədən, əlavə olaraq 14 min ailə üzrə 60 minə yaxın şəxs ünvanlı sosial yardım proqramına cəlb edilib, proqram artıq 350 min insanı əhatə edir və sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də 225 manatı ötüb”.

1
oxu.az