Sərt karantində olan regionların işsizləri 190 manatı niyə ala bilmir? - PROBLEM

İQTİSADİYYAT
14:52 / 07.08.2020
1239

Ötən gün Prezident İlham Əliyev keçirdiyi müşavirədə 190 manat müavinətin avqust ayında da əhaliyə verilməsi ilə bağlı tapşırıq verib. Nazirlik isə müavinətin yalnız sərt karantin rejiminin tətbiq edildiyi 13 şəhər və rayonda qeydiyyatda olan ehtiyacı olan şəxslərə veriləcəyini açıqlayıb.

Bəs digər rayon və şəhər qeydiyyatında olub, lakin işləri sərt karantin rejimi tətbiq olunan regionlarda yaşayan və pandemiya səbəbindən işsiz qalanlar necə?

Məsələni iqtisadçı ekspert Rəşad Həsənov HİT.Az-a şərh edib. O bildirib ki, faktiki olaraq Azərbaycanda əhalinin qeydiyyatı ilə sosial müdafiə proqramlarının, o cümlədən işsizlər üçün 190 manatlıq kompensasiyanın əlaqələndirilməsi bir sıra hallarda təhriflərə yol açır: 

"Biz bilirik ki, iqtisadiyyatın 80-90 faizi Bakı və Abşeron yarımadasında cəmləşib və regionlarda qeydiyyatda olan insanların böyük əksəriyyəti Bakı və Abşeronda tikinti və digər sektorlarında qeyri-rəsmi şəkildə fəaliyyət göstərirlər, onların qeydiyyatı yoxdur. Hətta Azərbaycanda bu qeydiyyatla bağlı məsələlər dövlət qurumlarında da var. Yəni ki bəzi dövlət idarələrinin işçiləri fərqli regionlarda yaşayır və fərqli yerlərdə fəaliyyət göstərirlər.

Əhalinin qeydiyyatı, məşğulluğu, eyni zamanda iş yeri qeydiyyatı ilə bağlı çoxsaylı nöqsanlar var. Bunun nəticəsində də 190 manatın faktiki olaraq karantin olan bölgələrdə qeydiyyatda olan şəxslərə verilməsi son nəticədə hətta işini davam etdirməyə başlayan şəxslərin də, hansı ki, həmin 13 şəhər və rayonda qeydiyyatdadırlar və karantin olmayan bölgələrdə fəaliyyətlərini davam etdirirlər, onların da proqramdan yararlana bilməsinə gəririb çıxarır. Amma rəsmi karantinin olmadığı digər 42-43 bölgədə qeydiyyatda olub, karantin zonalarında fəaliyyətini davam etdirənlər bu proqramdan kənar qalır. 

Bütün bu nöqsanların olmasında əsas amillər bunlardır:
1. Əhalinin qeydiyyatı ilə bağlı mexanizmlərin sadələşdirilməməsi; 
2. Qeydiyyatın dəqiq aparılmaması; 
3. Əhalinin siyahıya alınması zamanı imitasiyanın edilməsi və s.

Əslində pandemiya dövründə hökumət bu qeydiyyatın səmərəsiz və səriştəsiz formada həyata keçirilməsinin çox ciddi çətinliklərini görmüş oldu. Ümid edirəm ki, bundan sonra həm proqramların hazırlanmasında, həm də statistikanın, uçotun dəqiqləşdirilməsi, inkişaf etdirilməsində ortaya daha adekvat mövqe qoyacaq".

Ekspert işsizliklə bağlı mexanizmdə də ciddi nöqsanlar olduğunu diqqətə çatdırıb. Əlavə edib ki, əvvəllər işsiz kimi qeydiyyata alınanların da əksəriyyəti bu proqramdan yaralana bilməyəcəklər:

"Ümumiyyətlə istər pandemiya, istərsə də qeyri-pandemiya dövrü olsun Azərbaycanda işsizliklə bağlı mexanizm var. Təbii ki, bu mexanizmin çox ciddi nöqsanları var. Adına avtomobil, torpaq sahəsi olan insanların böyük əksəriyyətini məşğul insanlar kimi qeydiyyata götürürlər, işsiz kimi qəbul etmirlər. Bunun nəticəsidir ki, pandemiyadan əvvəl fevral ayında cəmi 90 min insan işsiz kimi qeydiyyata alınmışdı. Bu işsiz kimi qeydiyyata alınanların müəyyən mexanizmlərdən istifadə etmək kimi hüquqları var. Onlar hansısa proqramlara cəlb olunur. Proqram müddətində onlara 2 aylıq ödənişlər edilir. Əgər işdən çıxıblarsa, şərtlər uyğundursa işsizliyə görə sığorta mexanizmindən faydalana bilirlər və s. Amma indiki şərtlər daxilində düşünürəm ki, faktiki olaraq insanların böyük əksəriyyəti qeyd edilən müdafiə mexanizmlərindən də istifadə edə bilməyəcəklər. Həmişəki kimi məşğul əhalinin əhəmiyyətli hissəsi mövcud şərtlər daxilində müdafiə proqramlarından kənarda qalmaqla pandemiyadan daha zərərçəkmiş şəxslər kimi həyatlarını davam etdirirlər".

Çingiz Səfərli

0