"Dövlət şirkətlərinin mühasibatlığı bərbad vəziyyətdədir. Çünki onların uçotu, qeydiyyatı, hesabatı yoxdur və beynəlxalq standartlara uyğun deyil. Lakin digərlərindən fərqli olaraq, SOCAR-ın hesabatları onun saytında mövcuddur".
HİT.Az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu internet kanallarının birinə müsahibəsində deyib. O bildirib ki, bir çox qurumların saytında onların hesabatlarına rast gəlmək olmur, SOCAR isə hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və saytında yerləşdirilir:
"SOCAR təxminən bir ay əvvəl ötən ilin hesabatını saytında yerləşdirib. Digər şirkətlər barəsində isə bunu demək mümkün deyil".
Ekspert vurğulayıb ki, SOCAR daha böyük həcmdə sərmayələri həyata keçirdiyi üçün hesabatları daha tez dərc edir: "Qurumdan tələb olunur ki, beynəlxalq səviyyədə tanınmış auditor yoxlamasından keçsin və onun nəticələrini dərc etsin. Bu baxımdan SOCAR sözügedən fəaliyyətləri digərləri ilə müqayisədə daha tez edib, auditor yoxlamalarını keçirərək hesabatlarını dərc edib".