Keçən il dövlətdən 14 milyon manat alan şirkət ləğv olundu

İQTİSADİYYAT
15:20 / 11.08.2020
1721

Bir il əvvəl 14 milyon manat dövlət vəsaiti alan DG TELEKOM şirkəti artıq ləğv olunduğunu elan edib.

HİT.Az xəbər verir ki, bu barədə ekspert Osman Gündüz məlumat verib. O, ötən il Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) qurumu Bakı şəhəri və ətraf ərazilərdə telefonlaşma və internetin inkişafı üçün sözügedən şirkətə 14 milyon 221,7 min manat ödəyib:

"O zaman heç kimin tanımadığı, yenicə yaranan bir İT şirkətin tenderdə necə qalib olması ilə bağlı müzakirələr də olmuşdu. Şirkət 130 000 abunəçi şəbəkəsinin qurulması və 80 000 mənzillə GPON texnologiyasının tətbiqi ilə bağlı işləri icra etməliydi.

Layihənin icrası ilə bağlı indiyədək hər hansı hesabat verilməyib, görüşlər, müzakirələr təşkil olunmayıb. Nə dərəcədə səmərəli olmasını müəyyən etmək üçün hər hansı qiymətləndirmə və monitorinq nəticələri açıqlanmayıb. Vətəndaş cəmiyyəti bu prosesə cəlb edilməyib.

Lakin mətbuatda çıxan bir elandan belə qənaətə gəlmək olar ki , Baktelekom və DG TELEKOM artıq işlərini bitiriblər.

Belə ki, DG TELEKOM 20 iyul 2020-ci il tarixdə bu şirkətin ləğv edilməsi haqqında məlumat yayıb".

Ekspert bildirib ki, dünyada bu cür ildırım sürətli şirkət yaratma, vəsait əldə etmə və ləğvetmə nümunəsinə rast gəlinməyib:

"Görəsən bu cür tələskənliyə ehtiyac vardımı? Ümumiyyətlə, layihə qarşıda qoyulan məqsədlərə çatıbmı?

Səmərəsi və faydası nədən ibarət olub?

Bu layihənin internetə əlçatımlığa, internetin keyfiyyətinə və qiymətinə təsirləri necə olacaq?
Qurulan şəbəkə nə dərəcədə dayanıqlıdır, audit olunubmu, aidiyyatı qurumlar prosesdə iştirak edibmi?

Ümid edirəm NRYTN ölkə üçün mühüm əhəmiyyət kəsb edən və internetin inkişafı ilə bağlı 14 milyonluq bir layihənin icrasının yekunu haqqında maraqlı tərəflərin içtirakı ilə bir görüş keçirib yekun hesabatı təqdim edəcək".

0