Lombardlar vergidən belə yayınır - AÇIQLAMA

İQTİSADİYYAT
16:09 / 20.08.2020
1237

Azərbaycanda fəaliyyət göstərən lombardlara demək olar ki, heç bir nəzarət edilmir. Onların nizamnamə kapitalı 5-10 manat, ən yüksək halda isə 200 manatdan çox deyil. Bundan əlavə, banklar və BOKT-lara əhaliyə xarici valyutada kredit vermək qadağandır. Amma lombardlarla bağlı belə bir qadağa yoxdur. Yəni, lombard bankdan krediti götürüb əhaliyə istədiyi formada verə bilir. 

Bank bazarı üzrə ekspert Əkrəm Həsənov “MediaPost”a açıqlamasında Azərbaycanda lombardların üzərində dövlət nəzarətinin hələlik olmadığını deyib. Lombardlar haqqında qanun qəbul ediləcəyi, lisenziya və nəzarətin olacağı bildirilir. Amma hazırda lombardlar çox azad fəaliyyət göstərirlər və onlar verdikləri kreditlərlə bağlı hər hansı məlumatı açıqlamır: “ Lombardlar 50-60%, bəzən isə daha yüksək faizlə kredit verirlər. Bunu müştəridən başqa heç kim bilmir.”


Nəzarətin olmaması bu qurumlara istədikləri kimi fəaliyyət göstərməyə şərait yaradıb: “Qanuna əsasən müştərinin qoyduğu girovu məhkəmə qərarından sonra sata bilərlər. Amma buna məhəl qoyulmur. Müştəri kredit ödənişini bir gün gecikdirsə, dərhal onun qoyduğu girov satışa çıxarılır.”

Ə.Həsənov qeyd edib ki, hesabatlılıq olmadığı üçün lombard sahibləri vergidən də yayınır: “Lombardlar vergi yoxlaması zamanı gəlirlərini az göstərirlər. Məsələn, krediti 15%-lə verdiklərini bildirirlər. Halbuki çox yüksək faizlə gəlir əldə edirlər.  Hesabatlılıq olmadığı üçün vergi orqanı bunu müəyyən edə bilmir”. 

O bildirib ki, vergidən yayınma hallarını müəyyən etmək çox asandır: “Dövlət Vergi Xidmətinə sorğu verilsə məlum olar ki, lombardların ödədiyi vergilər çox cüzidir”. 

0