Türkiyənin Qara dənizdə təbii qaz ehtiyatlarını kəşf etdiyini elan etməsi beynəlxalq gündəmə damğasını vurub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamada Qara dənizdəki "Sakarya" adlı kəşfiyyat sahəsinin "Tuna" adlı hissəsində 320 milyard kubmetr qazın olduğunu və bu ehtiyatın 2023-cü ilədək istismara veriləcəyini deyib.
Məlum olduğu kimi, Türkiyə enerjidə 99 faiz idxalı asılı bir ölkədir. Həmin asılılığın əhəmiyyətli bir hissəsini təşkil edən təbii qazda Türkiyənin illik istehlakı təqribən 50 milyard kub metrdir.
Qara dənizdə kəşf edilən qazın isə hazırda sadəcə Türkiyənin 7 yaxud 8 faiz ehtiyacını ödəyəcək ölçüdə olduğu bildirilib. Ancaq bu, Türkiyə tarixinin ən böyük kəşfi və dünya təbii qaz kəşifləri sırasında 12-ci kəşf olaraq təsvir edilir.
Prezident Ərdoğan isə işlər davam etdiriləcəyini və gələcəkdə Türkiyənin qaz idxalçısından ixracçı ölkəyə çevriləcəyini bildirib.
Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönməz isə açıqlamasında qeyd edib ki, Türkiyə gələcəkdə də quruda və dənizdə neft-qaz ehtiyatlarının aşkar olunması üçün kəşfiyyat işlərini davam etdirəcək.
Maraqlıdır, Türkiyə qaz bazarında yeni oyunçuya çevrilə bilərmi?
İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında Türkiyənin qaz bazarında yeni oyunçuya çevriləcəyini deyib:
Türkiyənin yerləşdiyi ərazidən, əsasən də Avropaya çıxış istiqaməti olan bölgədə belə bir qaz yataqlarının kəşf olunması, onun gələcəkdə bu bazarda oyunçuya çevriləcəyini deməyə əsas verir.
Türkiyə kimi iqtisadi dayanaqlığı ilə seçilən bir ölkə istənilən halda bu varlığı daha rahat şəkildə iqtisadi dövriyyəyə çevirə biləcək. Düşünürəm ki, əgər bu yataqlar öz təsdiqini tapsa, mütəxəssislərin irəli sürdüyü proqnozlar özünü doğrultsa, qısa zaman kəsiyində böyük oyunçuya çevriləcək. Türkiyə buna qadirdi və Avropanın kandarında olan ölkə qısa zamanda sayılan, seçilən oyunçuya çevrilə bilər”.