"Bakı Nəqliyyat Agentliyinin taksi şirkətləri ilə bağlı qərarı sərnişindaşıma xidmətilə məşğul olan şirkətlərin və sürücülərin haqlı narazılığına səbəb olub. İlk növbədə onu qeyd edim ki, uzun illərdir Milli Məclisdən tələb olunmasına baxmayaraq, “Rəqabət haqqında” Qanun qəbul olunmur".
Hit.Az xəbər verir ki, bunu mətbuata açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib.
Partiya sədri bildiib ki, BNA-nın yanaşması qüvvədə olan “Haqsız rəqabət haqqında” Qanunun tələblərinə də ziddir:
"İş tapa, ailəsini dolandıra bilməyən çoxsaylı insanlarımız məcburiyyət qarşısında qalıb taksi fəaliyyəti ilə məşğul olurlar. Taksi sürücüləri içərisində həkim, müəllim, iqtisadçı, mühəndis və s. peşə sahiblərinə hər gün rast gəlirik. Təəssüf ki, vətəndaşlarımız son ümid yeri kimi taksi fəaliyyətini seçməli olurlar – dolanışıq, balasına çörək aparmaq üçün. Bu imkanı da onların əlindən almağa kimsənin haqqı yoxdur. Çıxış yolu bu deyil. P.S. BNA-ya təklifim isə illər öncə tərəfimdən səslənmişdi. Yazıqlar olsun ki, kimsə o təklifi eşitmədi. Bir daha xatırladıram: Azərbaycanda üç avtomobil zavodu var.
Təklif etmişdim ki, ölkədaxili fəaliyyət göstərən taksi şirkətləri yalnız yerli avtomobilləri alsınlar və tədricən bütün taksilər yerli istehsaldan formalaşsın. Bu həm ölkədaxili istehsala, həm rəqabətə, həm də işsizliyin aradan qalxmasına yardım edəcək.
Kimsə iddia etməsin ki, yerli avtomobillərin keyfiyyəti aşağıdır və ya standartlara uyğun gəlmir. Əgər belədirsə, onda niyə bu sahəyə milyonlarla vəsait qoyulub? Əgər bir avtomobil zavodunun istehsalı taksi xidmətinə yaramırsa, nədən dövlət vəsaiti ora yönəldilib?
P.P.S. London taksilərində gəzməkdənsə, vətəndaşımızı londonlular kimi yaşamağa öyrətməliyik".