Regionlarda taksilərin qiyməti artacaq? - RƏSMİ CAVAB

İQTİSADİYYAT
09:26 / 03.09.2020
1036

Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyəti ilə bağlı yeni təkliflər irəli sürüb. Burada həm dispetçer xidməti, həm vahid qiymət, həm kvota kiki məsələlər yer alır. Bəs görəsən bu fəaliyyət təkcə paytaxt ərazisində olacaq, yoxsa bütün ölkəni əhatə edəcək.

HİT.Az xəbər verir ki, məsələ ilə bağlı "Avtosfer"ə açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəsmisi Nuridə Allahyarova bildirib ki, məlum konsepsiya ilə bağlı xüsusi bir məsələ yoxdur:

"Çünki konsepsiya başqa qurumun - BNA-nın Bakı Şəhər İnzibati ərazidə taksilərlə bağlı hazırladığı konsepsiyadır və orada taariflərin artımı, azalması və ümumiyyətlə taariflərlə bağlı hər hansı standartların müəyyən olunması, limitlərin müəyyən olunması məsələsi BNA-nın konsepsiyasında Bakı şəhəri inzaibati ərazi daxili üçündür. Amma Dövlət Avtomobil Nəqliyyatı Xidməti paytaxt istisna olmaqla, respublikanın digər şəhər və rayonlarda, eyni zamanda şəhərlərarası sərinişin daşımada taksi xidmətinə də nəzarət edir, tənzimləyir. Ümumi sistemi nəzarətdə saxlayan qurum olaraq bunu deyə bilərəm ki, bizim ümumi nəqliyyat konsepsiyamız var və bu nəqliyyat konsepsiyanın daxilində taksilərlə bağlı, onların taarifləri ilə bağlı hər hansı bir məsələ yoxdur".

DANX sözçüsü bildirib ki, təmsil etdiyi qurum daha çox nəqliyyat sahəsində ümumi qanunvericilikdəki müəyyən boşluqların yerinin doldurulması üçün qanunvericiliyə dəyişikliklər və əlavələrin olunması üçün təkliflərlə çıxış edib:

"Bu da xüsusiilə nəqliyyat sektorunda, ictimai və ümumi nəqliyyatda bütün yol iştirakçılarını qane edə biləcək və bütün yol iştirakçıları üçün xidmətin səviyyəsini yüksəldəcək. Həm sürücü, həm sərnişin, həm də daşıyıcı üçün xidmətin səviyyəsini yüksəldəcək təkliflərdir. Digər tərəfdən orda təbii ki, taksi xidmətinin zamanla yaxşılaşdırılmasına baxılacaq. Amma hələlik regionlarda taksilərlə bağlı, onların tarifinin hər hansı bir standartlara uyğunlaşdırılması ilə bağlı məsələ gündəmdə deyil. Taksi xidmətinin də yaxşılaşdırılması məsələsi bizim də konsepsiyamızda öz əksini tapır. Lakin burada taarif məsələsi gündəm deyil. O ki, qaldı münasibətimə xüsusi bir münasibət bildirə bilmərəm".

"Hər hansı bir qurumun öz səlahiyyətləri çərçivəsində hər hansı tənzimlədiyi sahə ilə bağlı təkliflər vermək hüququ var. Təkliflərin realizə olunması zamanı vətəndaş cəmiyyətinin mövqeyi nəzərə alınır. Digər bir məsələ bununla bağlı mövqeyimiz soruşulur. Düşünürəm ki, hər hansı bir konsepsiya varsa, o konsepsiyanın əsaslandırılması da var. Əsaslandırılmasını da konsepsiyanın hazırlayanlar söyləcəklər". - N.Allahyarova əlavə edib.

0