Bakıda taksi qiymətləri 2-6 manat bahalaşacaq - AÇIQLAMA

İQTİSADİYYAT
20:58 / 03.09.2020
4661

Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı konsepsiya hazırlanıb.

Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi, sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlərin öz əksini tapdığı bildirilir.

Bəs, vahid taksi tarifinin tətbiqi bazar iqtisadiyyatına necə təsir göstərəcək?

İqtisadçı-ekspert Rəşad Həsənov Redaktor.az-a bildirib ki, Azərbaycan iqtisadiyyatının ən ciddi nöqsanı liberal olmamasıdır:

“Bunun nəticəsində də həmişə “möhtəkir, süni qiymət artımı” ifadələri tez-tez işlənir. Hansı ki, Konstitutsiya ilə bazar iqtisadiyyatını seçmiş ölkəyik. Bazar iqtisadiyyatının olduğu ölkələrdə qiymətlərin tənzimlənməsi daha çox öəl sektorun və rəqabətli şərtlərin olduğu fəaliyyət nəticəsində, tələb-təklif əsasında formalaşıb. Bu baxımdan da, qəbul edilən qərar iqtisadiyyatın təmərküzləşməsi, dövlətin iqtisadiyyata müdaxiləsi baxımından düzgün deyil. Bu, heç bir halda qəbul edilə bilməz. BNA və rəsmilərinin açıqlamalarından görünür ki, taksi qiymətləri artacaq və məqsəd də elə budur. BNA-nın açıqlamalarına baxsaq görərik ki, onlar məhz qiymətlərin aşağı olmasından narazıdır. Bu da o deməkdir ki, vahid qiyməti daha yükəsk məbləğdə müəyyən etməyə çalışacaqlar”.

Ekspertin sözlərinə görə, ümumiyyətlə qiymət artımı əhalinin azalan alıcılıq gücü qarşılığında doğru yanaşma deyil:

“Bu, həm də taksi xidmətləri üzrə fəaliyyət sektorunun dövriyyəsinin kiçilməsinə səbəb olacaq. Çünki bu xidmətlərə tələb əhəmiyyətli dərəcədə aşağı düşəcək. Son illərdə rəqabətli mühitdə taksi xidmətləri azalan qiymətlər fonunda formalaşırdı. Əgər bu imkanları aradan qaldıracağıqsa, o zaman tələb yenidən azalmağa başlayacaq və sektorun tələbi əhəmiyyətli dərəcədə aşağı düşəcək. Belə halda ictimai nəqliyyata tələb daha da artacaq. Lakin bu qərarla ictimai nəqliyyat sahəsində əldə olunan nailiyyətlərin sarsılmasına, aradan qalxmasına, sıxlığın daha da artması, keyfiyyətli xidmətin təmin edilə bilməməsi kimi nöqsanların yaranmasına gətirib çıxara bilər. Buna görə də, bu məsələyə daha adekvat reaksiya verilməlidir. Xüsusilə postpandemiya dönəmində hökümət iqtisadiyyata müdaxiləni özündə əks etdirən bütün layihələrdən qaçmalı, iqtisadiyyat müəyyən qədər liberallaşmalıdır. Tamamilə fərqli iqtisadi mühit yaradılmalıdır”.

Qeyd edək ki, bir çox nəqliyyat ekspertləri BNA-nın sözügedən konsepsiyasını Bakıda taksi ilə gediş haqqını 2-6 manat arasında bahalaşdıracağını deyirlər.

 

9