Azərbaycana milyonlar gətirəcək layihə: Qarabağa da “qapı aça bilər”

İQTİSADİYYAT
20:18 / 05.09.2020
1124

Azərbaycana məxsus təbii qazın Avropa bazarlarına çıxması iqtisadi layihə olmaqla yanaşı, həm də siyasi əhəmiyyət daşıyır.

Bu baxımdan, “Şahdəniz-2” kondensat yatağından çıxarılan təbii qazın TAP kəməri ilə Avropa ölkələrinə satılması Azərbaycana siyasi dividentlər gətirə bilər.

Qeyd edək ki, “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan təbii qazın Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsi ilə Avropaya test rejimində daşınmasına başlanılıb.

“Mavi yanacaq” Türkiyə-Yunanıstan sərhədində birləşən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə Adriatik dənizini keçəcək və İtaliyaya qədər çatdırılacaq. TAP-a test üçün və hətta xətdə qalacaq qədər sınaq məqsədilə qazın vurulduğu, eyni zamanda sözügedən boru kəmərinin 2021-ci ilin birinci rübündə tam gücü ilə fəaliyyət göstərəcəyi bildirilir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur.

Bu boru xətti Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Politoloq Natiq Mirinin sözlərinə görə, Avropanın “mavi yanacaq”la təmin edilməsində Azərbaycanın yer alması siyasi imkanlar qazanmaq üçün potensial yaradır:

“Azərbaycan Avropanın, Qərb dünyasının enerji təhlükəsizliyində önəmli yer tutur. Çünki Rusiya bütün zamanlarda qaz təminatı məsələsini Avropa Birliyinə təzyiq mexanizminə çevirib. Xüsusilə qış aylarında qiymətin artırmaqla əsas inhisarçı tərəf kimi diktəedici mövqeyə sahib olub. Rusiya bu prosesi siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə edib.

Ona görə də Qərb dünyası Avropa ölkələri daima Rusiyanın bu təzyiqlərindən xilas olmaq üçün alternativ mənbələr axtarışında olub. Azərbaycan indi məhz Qərbin enerji təhlükəsizliyi prosesində iştirak edir. İlin sonuna qədər Azərbaycan qazının Avropa bazarına çıxması hesab edirəm ki, çox önəmli geosiyasi hadisədir. Enerji məsələsi artıq geosiyasətin tərkib hissəsi olduğuna görə Azərbaycan Qərb üçün xüsusi geostrateji əhəmiyyət daşıyır. Eyni zamanda, bu imkanı fürsətə çevirmək lazımdır. Təbii qazın satılması müqabilində ölkəmiz dollar qazanacaq. Ancaq bu gəlirlə Azərbaycanın müasir iqtisadiyyatı qurulmalıdır ki, gələcək nəsillər yerin təkindən çıxan karbohidrogen ehtiyatlarından asılı vəziyyətdə qalmasın. Ona görə də ölkədə ciddi islahatlar həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, neft və qaz daimi deyil.

Azərbaycanda enerji daşıyıcılarından asılı olmayan, azad rəqabətə yönəlik liberal iqtisadiyyat qurulmalıdır. Bunun ən vacib şərtlərindən biri müstəqil məhkəmə sisteminin qurulmasıdır. Azərbaycan bu gün Qərbin enerji təhlükəsizliyində işrirak edirsə, elə bir vəziyyət yaradılmalıdır ki, Qərb də Azərbaycana siyasi töhfə versin. Söhbət Dağlıq Qarabağ probleminin həllindən gedir. Avropa Birliyi indiyə qədər bu münaqişənin həllinə heç bir töhfə verməyib. Avropanın digər təşkilatı olan ATƏT münaqişənin həllli istiqamətində hər hansı fundamental qərarlar və mexanizmlər ortaya qoymayıb. ATƏT-də bütün qərarlar konsensusla qəbul olunur. Belə bir təşkilatla Dağlıq Qarabağ problemini həll etmək mümkün deyil. Digər Avropa strukturları da Ermənistana təzyiq etməyib. Ona görə də Azərbaycan bu cür məsələləri həyata keçirəndə, yəni Qərb üçün strateji əhəmiyyət daşıyan hadisələri siyasi fürsətə çevirməlidir. Rusiyanın Ermənistana 400 silah göndərməsi bu baxımdan, Xarici İşlər nazirinin Moskva səfəri zamanı Azərbaycan üçün tutarlı arqument idi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun yalan danışdığını təsdiqlədi. Azərbaycan belə situasiyada Qərbin dəstəyini qazanmaq üçün onun əlindən təzyiq vasitəsinə çevrilmiş bir sıra bəhanələri almalıdr. İnsan hüquqları, demokratik islahatlar sahəsində Qərbin Azətrbaycana yönəlik iradlarını aradan qaldırmaq üçün bir sıra dəyişikliklər həyata keçirilməlidir.

Bundan sonra Azərbaycanın Qərbin dəstəyini əldə etməsi üçün əlverişli imkan yaranacaq”.

 

0
Cebhe.info