Avtobuslar rayona nə vaxt buraxılacaq? - Hamının maşını və ya taksi pulu yoxdur

İQTİSADİYYAT
19:26 / 07.09.2020
1024

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılacaq (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla).

Qərar sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minəcək. Lakin rayonlara gediş-gəliş yalnız fərdi nəqliyyat vasitələri ilə, eləcə də taksi xidmətindən istifadə etməklə mümkündür. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) şöbə rəisi, polkovnik Kamran Əliyev deyib ki, el arasında "mikroavtobus" adlandırılan, əslində isə 7-8 nəfərlik minik avtomobili olanlar da rayonlara gedib-gələ bilərlər.

Məlumdur ki, əvvələr də avtovağzaldan aztutumlu mikroavtobuslar rayonlara işləyirdi, onlarda da tutum təqribən, eyni həcmdə olurdu. Lakin hazırda şəhərdaxili ictimai nəqliyyatda insanlar olduqca sıx olmaqla 1- 2 saatını yolda keçirir ki, bu da yoluxmaq üçün kifayət edir.

Çünki metroları əvəzləyən ekspress xətlərdə də, avtobuslarda da hər gün sıxlıq müşahidə edilir.

Maraqlıdır ki, müəyyən şərtlərlə, məsələn, avtobusun yarı tutumu qədər bilet satmaqla, eləcə də avtovağzaldan kiçikhəcmli avtobusların hərəkətinə icazə vermək doğru olmazdımı? Bu yolla həm də kasıb əhalini nəzərə almaq lazımdır. Çünki hər kəsin şəxsi maşını yoxdur və ya hər kəs taksi ilə gedib -gəlmək gücündə deyil.

Cebhe.info-ya açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, bu qərarın verilməsi virusun azalma tempindən aslıdır:

"Mart ayından etibarən Nazirlər Kabinetinin qərarı ilə şəhərlərarası və rayonlararası sərnişindaşımada məhdudiyyət var idi. Bu məhdudiyyət 8 sentyabrdan etibarən də davam edəcək, məhdudiyyət aradan qalxmayıb. Yerüstü avtomobil nəqliyyatı ilə həm şəhərlərarası, həm rayonlarası, həm də beynəlxalq sərnişindaşımada məhdudiyyət davam edir. Sözügedən qərar ilə şəxsi minik avtomobilləri ilə sərnişinlərin regionlara getməsinə icazə verildi. Amma burada dediyiniz şərtlər ancaq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ola bilər. Nazirlər Kabineti də bu cür şərtlərlə yüngülləşmələrə ancaq pandemiyanın azalma sürətinin çox, yoluxmanın isə az olduğu halda gedə bilər. Biz də o qərarı gözləyirik. Ona qədər bu şəkildə bir təklif verməmişik. Çünki hər qurumdan səlahiyyətli nümayəndələr Operativ Qərargahda iştirak edir və heyət tərkibində qərar verilən zaman sizin dediyiniz nüanslar nəzərə alınır. Amma təbii ki, xəstəliyin yayılmasına uyğun olaraq, bu məhdudiyyətlər davam edir".

Onun sözlərinə görə, Operativ Qərargahın gediş-gəliş barədə məhdudiyyəti qismən aradan qaldırması o demək deyil ki, rayon və şəhərlərarası avtobusların da fəaliyyətinə icazə verilməlidir:

"Operativ Qərargah 8 sentyabrdan etibarən rayonlara gediş-gəlişlə bağlı qismən mülayişmələşməyə doğru getdi. Amma bu, o demək deyil ki, şəhərlərarası avtobuslar da qismən də olsa, açılmalıdır. Bu zaman da axın çox ola bilər. Bütün qurumlar xəstəliyin artımından ehtiyat edir. Ümumiyyətlə, sərnişindaşımada şəhərlərarası taksi fəaliyyəti də məhduddur. Əlavə olaraq qeyd edim ki, biz regionlara sərnişin axınının olacağını nəzərə alaraq, turistik zonalarımızda regiondaxilində avtobusların sayının artırılması ilə bağlı aidiyyəti regional şöbələrimizə tapşırıq vermişik. Bununla da regionlarda sərnişin axını tam təmin olunacaq".

 

0