“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin nümayəndələri Türkiyəyə səfər edib.
Bu barədə açıqlamasında müəssisənin Mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov məlumat verib.
Onun sözlərinə görə, səfərin məqsədi zavodun istehsal etdiyi elektrobusları qonşu ölkənin bazarına çıxarmaqdır.
“Türkiyə tərəfi Azərbaycan istehsalı olan eloktobusları bəyənib və hazırda ixracla bağlıı danışıqlar ilkin mərhələdədir. Razılıq əldə edilsə, görüşlər çərçivəsində müqavilə imzalanacaq. Onu da deyim ki, “Gəncə Avtomobil Zavodu”nun Türkiyədə nümayəndəliyi fəaliyyət göstərir. Bu isə Türkiyə bazarını daha yaxşı araşdırmağa imkan verir”, – deyə M.Rəhimov qeyd edib.
Xatırladaq ki, “Gəncə Avtomobil Zavodu”nun əsası 1986-cı ildə qoyulub. İstehsalat Birliyi 1989-cu ildə istismara verilməli olsa da, SSRİ-nin dağılması onun tikintisini yarımçıq qoyub və nəzərdə tutulandan 15 il sonra – 2004-cü ildə zavod işə düşüb. Onun istehsal gücü ildə 30 min ədəd orta tonnajlı avtomobildir.