"Gediş haqqı, əlbəttə ki, sərf eləmir. Avtobuslar işləmir, əlacsız qalıb taksilərə minirik. Onlar da əvvəl 10 manata apardıqları yolu indi 20 manata qaldırıblar. Amma başqa çarəmiz də yoxdur. Bakıda qalası deyilik ki, evimizə getməliyik, ya yox?"
- Xaçmaza neçəyə aparırsınız?
- Adambaşı 20 manata. İki yerim qalıb, 10 dəqiqəyə çıxıram, gəlin əyləşin.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından rayonlara taksi xidməti göstərən minik avtomobilləri sürücülərinin dedikləri bu qiymət sərnişinlərin ürəyincə olmasa da razılaşmaqdan başqa çarələri də yoxdur. Sərnişinlərin dili ilə desək, "avtobuslar işləmir, qalıblar taksilərin ümidinə"...
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından rayonlara taksi xidməti
Sputnik Azərbaycan rayonlara və əks istiqamətə gediş-gəlişə qoyulmuş qadağanın sərnişindaşımada qiymətlərə təsiri ilə bağlı reportajı təqdim edir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında hərə bir istiqamətə sərnişin axtarır. Biz də yaxın rayonlardan birinə gediş qiyməti ilə maraqlanmaq üçün sürücülərə yaxınlaşırıq. Sürücü əvvəlcə Xaçmaza 20 manata apardığını söyləsə də, gediş haqqının ucuzlaşdığını söyləyir. Burada sürücülərlə söhbət zamanı öyrənirik ki, qiymətlər əsasən turizm bölgələri üçün bahadır. Digər istiqamətlərə isə qiymətlərdə ucuzlaşma var. Sürücü Anar Kazımov deyir ki, Bakı-Yevlax-Bərdə-Tərtər istiqamətinə gediş adambaşına 15 manatdır. Amma sürücü and-aman edir ki, rayonlara yollar bağlı olduqda bir sərnişini 30 manata aparıb: "Əvvəla, onu deyim ki, rayonlara yollar açılandan sərnişin azalıb. Sərnişin sayında azalma olduğu üçün qiymətlər avtomatik aşağı düşüb. Rayona aparmağa sərnişin tapmırıq. Əsas turizm bölgələrinə gediş haqqı bahadır".
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından rayonlara taksi xidməti Digər sürücülər də sərnişin qıtlığından şikayətlənirlər: "Yollar bağlı olanda sərnişin daha çox idi. İndi rayona gedən yoxdur. Əvvəl gedişə bir adama 30-40 manat alırdıq. İndi 15 manata sərnişin tapmırıq".
Sürücülərin sözlərinə görə, Şəki-İsmayıllı-Qəbələ, Quba-Qusar-Xaçmaz istiqamətlərinə adambaşı gediş haqqı 20 manatdan başlayır. Digər bölgələrə isə qiymətlər elə də baha deyil. Sürücülərin sözlərinə görə, sərnişin olmadığından Kürdəmir, Göyçay istiqamətinə 10 manatdan sərnişin aparmağa da razıdırlar. Rəhman adlı sürücü də bildirir ki, bəzi rayonlara gediş haqqı qiymətləri dəyişsə də, digərlərində ucuzlaşmayıb.
Sərnişinlər isə qiymətlərin bahalığından narazılıq edirlər. Bakıdan Xaçmaza gedən sərnişin Səmayə Səfərova deyir ki, qızı ilə Xaçmazın Xudat kəndinə gedir. O, ikisinə birlikdə 40 manat xərci çıxdığını söyləyir: "Gediş haqqı, əlbəttə ki, sərf eləmir. Avtobuslar işləmir, əlacsız qalıb taksilərə minirik. Onlar da əvvəl 10 manata apardıqları yolu indi 20 manata qaldırıblar. Amma başqa çarəmiz də yoxdur. Bakıda qalası deyilik ki, evimizə getməliyik, ya yox? Məcburuq 40 manat verib gedək".
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından rayonlara taksi xidməti
Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından müxtəlif istiqamətlərə minik avtomobilləri ilə yanaşı, "Vito" markalı mikroavtobuslar da çıxır. Onlarda da gediş haqqı, demək olar ki, eynidir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, avtovağzalın qarşısından rayonlara sərnişindaşıma ilə məşğul olan taksilərə qurum tərəfindən heç bir nəzarət edilmir.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından rayonlara taksi xidməti "Velotrek" kimi tanınan Ticarət Mərkəzinin qarşısından da rayonlara sərnişin daşınır. Burada da qiymətlər, demək olar ki, eynidir. Gəncə-Goranboy istiqamətinə bir sərnişin üçün gediş haqqı 20 manatdır. Sürücülər sentyabrın 8-dək Goranboya bir sərnişini 30 manatdan aşağı aparmadıqlarını söyləyirlər. Onların sözlərinə görə, gediş haqqı endirilib. Buna səbəb isə yollar bağlı olanda əlavə ödədikləri pulların ciblərində qalmasıdır. Türabə Mollayeva adlı sərnişin Sputnik Azərbaycan-a rayonlara gediş haqqının bahalığından narazılıq edir: "Biz 8 manata getdiyimiz yolu 20 manata getmək məcburiyyətində qalmışıq. Taksilər "at oynadır". İstədikləri qiyməti qoyurlar. Çünki bilirlər ki, sərnişinlər əlacsızdırlar. Avtobus yox, ümidimiz ancaq taksiyədir. Hansı qiyməti desələr, onu da verib getməliyik".