Prezident bu qurumu niyə ləğv etdi? – Millət vəkili

İQTİSADİYYAT
09:53 / 12.09.2020
998

Dövrün tələblərini nəzərə alsaq, deyə bilərəm ki, Azərbaycanda iqtisadiyyatın tənzimlənməsi və inkişaf dinamikasının artırılması üçün yeni baxışa, fəlsəfəyə ehtiyac var. Bu baxımdan Maliyyə Sabitliyi Şurasının ləğv edilib, əvəzində İqtisadi Şurasının yaradılması vaxtında verilmiş bir qərardır.

Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin fərmanı ilə İqtisadi Şurasının yaradılması haqda danışarkən deyib.

Onun sözlərinə görə, 2016-cı ildə Maliyyə Sabitliyi Şurasının yaradılması dünyada və ölkədəki yeni iqtisadi situasiya ilə bağlı idi:

“O zaman yaşanan qlobal iqtisadi böhran və dünya bazarlarında neftin qiymətinin düşməsi, Azərbaycanda iki dəfə yaşanan devalvasiya və milli valyutanın sabitliyi üçün yaranmış təhlükə hökuməti sərt tədbirlər görməyə vadar edirdi. Prezidentin fərmanı ilə yaradılan və geniş səlahiyyətlər verilən Maliyyə Sabitliyi Şurasının əsas missiyası, adından da göründüyü kimi, makroiqtisadi və maliyyə sabitliyinin qorunub saxlanmasına nail olmaq idi. Aradan keçən müddət ərzində qurum üzərinə düşən missiyanı yerinə yetirdi.

Ancaq pandemiya dünya iqtisadiyyatına gözləniləndən daha çox zərər vurdu. Təbii ki, dünya iqtisadiyyatının bir parçası olan Azərbaycan iqtisadiyyatı da bu zərərdən təsirsiz ötüşmədi. Son 7 ayın hesablamaları onu göstərir ki, ümumdaxili məhsulda 2.8 faiz enmə müşahidə olunub. Bir çox ölkələrdə bu göstərici daha yüksəkdir. Mövcud şərtlər ölkədə iqtisadi siyasətin yeni strateji idarəetmə çərçivəsini tələb edir. Prezidentin fərmanı ilə İqtisadi Şuranın yaradılması da məhz bununla bağlıdır”.

0