Son bir neçə həftə ərzində dünya birjalarında neft qiymətləri sürətlə azalma nümayiş etdirdi. Belə ki, sentyabrın ilk günü 45,58 dollara olan Brent nefti ötən həftə 39,78 dollara qədər ucuzlaşdı. Bu isə iyundan bəri neft fyuçerslərinin qiymətində ən aşağı hədd olaraq müəyyən olundu.
İqtisadçı ekspert Rəşad Həsənov “MediaPost”a açıqlamasında neft qiymətlərindəki azalmanın bir neçə səbəbi olduğunu bildirdi:
“OPEC+ çərçivəsində razılaşma artıq başa çatıb. Əvvəlki dövrlərdə nəzərdə tutulan həcmlərdə gündəlik 9,1 milyon barel həcmində hasilatın azaldılması artıq yeni razılaşmaya uyğun olaraq 6 milyon barelə endirilir. Bu da müəyyən qədər təklifin bazarda artmasını şərtləndirir. İkinci səbəb Çin və ABŞ arasında ticarət razılaşmalarında yaranmış yeni problemlər, üçüncü səbəb isə ikinci dalğa ilə bağlı gözləntilərdir. Artıq əvvəlki illə müqayisədə ikinci dalğanın fəsadlarının daha çox olması gözlənilir. Bazarda tələb də müəyyən qədər aşağı düşüb. Çünki ümumiyyətlə yay-payız mövsümlərində tələbi formalaşdıran faktor turizm sektoru, hava nəqliyyatı hesab olunur. Lakin hələlik bu istiqamətdə tam açılma ilə bağlı qərarlar qəbul edilə bilməyib və mövsüm başa çatır. Bu da tədarük olunan neftin bazara təklif edilməsi ilə bağlı zərurət yaradır, təklifin həcmində əlavə artımlar müşahidə olunur və tədarük prosesində müəyyən fasilələr yaranmağa başlayır. Bütün bunlar neft qiymətlərinin ucuzlaşma istiqamətində dinamikasını şərtləndirir. Həmçinin bazarda korreksiya da gedir. Pandemiya dövründə OPEC+ razılaşmasından sonra neftin qiyməti 18 dollardan 45-46 dollara qədər bahalaşmışdı. İndi isə bazarda müəyyən qədər korreksiya gedir. Çünki bazar müəyyən dövrdən sonra doymaq həddinə çatır”.
Ekspert neft qiymətlərinin ucuzlaşmasının Azərbaycana təsirlərini də şərh edib: “Azərbaycan hazırda gündəlik təxminən 550 min barel neft ixrac edir və neftin bir dollar ucuzlaşması Azərbaycan üçün gündəlik neft ixracından daxil olan valyutanın həcminin təqribən 550 min dollar azalmasına gətirib çıxarır. Bu baxımdan da təbii ki, neftin qiymətinin ucuzlaşması son nəticədə ticarət saldosuna, tədiyyə balansına neqativ təsirlər göstərə bilir. Bu isə valyuta bazarlarında manat üzərində müəyyən təzyiqlər yaradır, neft-qaz gəlirlərinə neqativ təsir göstərir. Bilirik ki, Azərbaycan büdcəsinin gəlirlər hissəsinin 60-65%-ni neft sektoru təşkil edir. İndiki halda Neft Fondunun transferləri yerinə yetirməsində hər hansı bir problem yoxdur. Çünki fondun yığımları var. Lakin neft sektorundan vergi daxilolmalarında müəyyən azalmalar var. İstənilən halda Neftin ucuzlaşması bütün istiqamətlərdə Azərbaycana neqativ təsir göstərməklə ölkə iqtisadiyyatının dayanıqlı inkişafına risklər yaradır”.
R. Həsənov cari ildə devalvasiya riskinin olmadığını bildirib: “İlin sonuna az qalıb, sosial risklər çoxdur, idxal inflyasiyası ehtimalı yüksəkdir, əhalinin alıcılıq gücü və ödəmə qabiliyyəti aşağı düşüb. Bu baxımdan 2020-ci ildə devalvasiyanın baş verəcəyini düşünmürəm. Nəzərə alsaq ki, büdəcəyə transfertin həcmi də 850 mln. manat artırılıb. Bu da o deməkdir ki, faktiki olaraq ay ərzində 550-600 mln. ABŞ dolları dəyərində fondun bazara valyuta satmaq imkanları vardır. Bu da bugünkü şərtlər daxilində bazarda valyuta tələbinin ödənilməsinə şərait yaradır. Hökumət 2021-ci ildə dövlət büdcəsi üzrə manatın məzənnəsini 1.7 manat səviyyəsində proqnozlaşdırıb, neftyin qiyməti isə 35 dollardan götürülüb. Ehtiyatlı qiymət olsa da, müəyyən risklər hələ də qalmaqdadır. Düşünürəm ki, qısamüddətli dövrdə devalvasiya riski yoxdur. Son nəticədə neftin qiymətinin azalması strateji valyuta ehtiyatlarının həcminin azalmasına neqativ təsir göstərən faktor kimi çıxış edir ki, bu da prosesin uzandığı halda valyuta ödəmə qabiliyyətini azaldan amildir”.