Elman Rüstəmov niyə belə edir? - Hər kəsin anlaya biləcəyi MÖVQE

İQTİSADİYYAT
14:54 / 10.05.2020
2253

Surxay Atakişiyev

 

Bir neçə gün əvvəl Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmovun “Real” TV-yə müsahibəsinə baxdım. Baxdım ki, görüm dünyanı ağuşuna alan maliyyə böhranının ölkəmizə vura biləcək ziyanları neytrallaşdırmaq və yaxud minumuma endirmək üçün baş bankirimiz nə düşünür, nələri planlaşdırır? Çox təəssüf ki, istədiyim müjdəni, nikbin proqnozları Elman müəllimdən eşitmədim.

Hər zaman nikbin danışan, bəlağətli cümlələr quran hörmətli baş bankirimizin bu dəfə danışmaq xatirinə danışdığını gördüm. Bir az da çarəsiz görünürdü. Elə bil günahkar axtarışına çıxmışdı. Tez-tez “Dövlətdən asılı nə var ki, dövlət neyləməlidir?!” kimi cümlələr işlədirdi. Bu yerdə rəhmətlik Akademik Bəkir Nəbiyev demişkən bir haşiyəyə çıxmaq istəyirəm. Son illər cəmiyyətimizdə xoşagəlməyən bir ənənə yaranıb.Yerindən duran məmur dövlətin adından danışır.

Onlara tutulan iradı dövlətə qarşı çıxış kimi dəyərləndirirlər. Amma bu adamlar bir şeyi unudurlar ki, dövlətin və xalqın adından danışmaq səlahiyyətinə yalnız Respublika Prezidenti sahibdir. Ona görə də dövlətin adından danışan məmur ya çarəsizdir, ya da bisavad. Amma mən Elman müəllimi savadsız adam kimi tanımıram. Ən azı 25 il bu ölkənin pul-kredit siyasətini müəyyən edən əsas simalardan biri olub. Xüsusilə də ötən əsrin 90-cı illərinin ortalarında iqtisadiyyatımızı durğunluqdan çıxarmaq üçün təklif etdiyi sərt pul-kredit siyasətinin uğurlu yekununu heç vaxt unutmaram. Lakin son 5-6 ildə maliyyə bazarında baş verən neqativ proseslər fonunda Elman müəllimin sərgilədiyi mövqe məndə dərin təəssüf hissi yaradıb. Çünki maliyyə bazarındakı qeyri-sabitlikdə və tənəzzüldə Mərkəzi Bankın və onun rəhbərliyinin payı az deyil. Məlum olduğu kimi son illər dollara olan tələbatın artması bank sektorunda tez-tez lüzumsuz təşvişlər yaradıb.

Yaranan təşvişsə son nəticədə ölkənin bank-maliyyə sisteminə ciddi ziyanlar vurub. Bu da onu göstərir ki, ölkəmizdə bank sektorunun dayanaqlılığı bu günədək təmin olunmayıb. Ona görə də dünya bazarında neftin yaratdığı şok effektlər qarşısında milli valyutamız hər zaman zavallı kimi görünüb. Məsələn, 2015-ci ildə neftin qiymətinin sürətlə düşməsi manatın da dəyərinin ən azı iki dəfə itirməsinə səbəb oldu. Mərkəzi Bank 2016-cı ildə məcburən 2 dəfə devalvasiyaya getdi. Nəticədə Dövlət Neft Fondunun və Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azaldı. Tək bir ildə 10-dan artıq bank müflis oldu. Bu da onu göstərdi ki, banklarda maliyyə hesabatlılığı şəffaf deyil. Banklar maliyyə xidmətindən daha çox sələmçiliklə və soygunçulqla məşgul olur.

Yerli və xaici maliyyə institutlarından 2-8 fazilə alınmış milli və xarici valyuta əhaliyə, sahibkarlara və işbazlara illik 40-50 faizlə paylandı. Bəli, məhz paylandı. Banklardan götürülən milyardlarla manat kreditlərin az qismi ölkədə təyinatı üzrə xərclənsə də, çox böyük hissəsi isə xarici ölkələrə çıxarıldı. Ən qəribəsi o idi ki, 10, bəzənsə 100 milyonlarla vəsait əksər hallarda girovsuz olaraq verildi. Bütün bu cinayətlər təbii ki, Mərkəzi Bankın rəhbərliyinin gözü qarşısında baş verdi.

Bəs bu özbaşnalıqlara niyə Mərkəzi Bank dur demədi? Adekvat addımlar atılmadı? Axı müasir İKT imkan verir ki, hörmətli Elman müəllim nəinki ofisində elə, təyyarədə uçarkən bank-maliyyə sisteminə nəzarət etsin. Yenə deyirəm, Elman Rüstəmov peşəkar bankirdir. Peşəkar rəhbərinsə belə cinayətləri görməməsi mümkün deyil.

Deməli, səbəb başqadır. Məsələn, məni hər zaman bir sual düşündürüb? Azərbaycan kimi balaca dövlətdə 50-dən artıq bankın olmasınına lüzum var idimi? Amma neyləyək ki, ölkəmizdəki hər imkanlı məmurun bir bank hobbisi var. Həttda elə məmur var ki, onun bir-neçə bankı var. Bu bankların fəaliyyəti üçünsə Mərkəzi Bank lisenziya verir. Burdan aydın olur ki, hörmətli Elman Rüstəmov heç bir məmurun və yaxud oliqarxın xətrinə dəymək istəmir. Hələ biz bank olmayan onlarla kredit təşkilatını demirik. Bunlar da balaca məmurların dəst-xoşudur. Bütün bunlara görə xarici faktorlarla yanaşı daxildəki subyektiv amillər son 5 ildə ölkəmizin bank-maliyyə sistemini idarəolunmaz vəziyyətə gətirib çıxarıb.

Baxmayaraq ki, dövlət hər zaman bankların yanında olub. Məsələn, devalvasiyaların yaratdığı problemləri və müflis olan banklardakı əmanətləri sığortalamaq və bank-maliyyə sistemini sağlamlaşdırmaq üçün Respublika Prezidentinin təşəbbüsü ilə 2016-cı ildə Əmanətlərin sığortalanması fondu təsis edildı. Eyni zamanda, bank-maliyyə sistemini sağlamlaşdırmaq üçün ölkə başçısının fərmanı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Lakin Palatanın rəhbəri Rüfət Aslanlı işləyə bilmədi. Və yaxud, ona işləməyə imkan verilmədi. Nəticədə ötən ilin sonunda Palata ləğv edildi və Mərkəzi Bankın səlahiyyətləri özünə qaytarıldı. Bu da onu göstərir ki, Baş Bankir istədiyini edə, istədiyini ala bilən bir məmurdur.

Deməli, hörmətli Elman müəllim istəsə, çox şey edə bilər. Amma etmir. Niyə??? Bu sualımıza isə növbəti yazımızda cavab axtaracağıq.

0
konkret.az