2020-ci ilin 3-cü rübündə də müəyyən məhdudiyyətlərin tətbiqi iqtisadiyyatın bir çox sahələrində çətinliklər yaratmaqda davam edir. Bu sahələr arasında ən çox zərər görən iaşə obyektləri, mehmanxanalar və otellərdir. Tikinti sektoru da sahələr arasında yer alır.
Bəs, Azərbaycan iqtisadiyyatı qarşıdan gələn 4-cü rübdə də bu çətinlikləri yaşacaqmı? İqtisadçı ekspert Rəşad Həsənov Redaktor.az-a açıqlamasında bu suala belə aydınlıq gətirib:
“Bilirsiniz ki, 2020-ci ilin 4-cü rübü dünyada koronovirus pandemiyasnın ikinci dalğası ilə müşahidə olunur. Baxmayaraq ki, ÜST pandemiya dövründə iqtisadiyyatın bloklanmasını deyil, müəyyən standartlara əməl olunmaqla prosesin idarə edilməsini tövsiyyə edir. Lakin bir çox ölkələr pandemiyanın yayılma sürəti artdıqca karantinə getməli olur.
Azərbaycanda da 4-cü rübdə iqtisadiyyatın inkişaf dinamikası bundan asılı olacaq. Ümumiyyətlə götürsək, avqust ayında iqtisadiyyatın bəzi sahələrində manelər aradan qaldırılsa da, kiçilmə dinamikası müşahidə olunub. Nəticədə iqtisadiyyatın ümumi ressesiyası əvvəlki aylarla müqayisədə 2.8 %-dən 3%-ə dək yüksəlib. Hökümətin proqnozu isə ondan ibarətdir ki, bu kiçilmə prosesi 4.3%-ə qədər arta bilər".
Rəşad Həsənov karantin qaydalarının yenidən sərtləşdirilmədiyi təqdirdə, bu ilin 4-cü rübündə müəyyən qədər inkişafın hiss olunacağını bildirib:
“Biz hesab edirik ki, karantin qaydaların yumşaldılması nəticəsində iaşə obyektlərində və turizm sahəsində iqtisadiyyatın bərpası baş verə bilər. Hazırda xarici turizmdə olmasa da, daxili turizmdə canlanma müşahidə edilir”.