Mikayıl Cabbarovdan iqtisadiyyatın azalma tempiylə bağlı AÇIQLAMA

İQTİSADİYYAT
20:03 / 24.09.2020
914

“Pandemiya dövründə dövlət başçısının müvafiq göstərişinə əsasən, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş tədbirlər planının icrası çərçivəsində ölkə iqtisadiyyatında fəaliyyət göstərən sahibkarlara əhəmiyyətli dərəcədə güzəştlər olunub”.

Bunu “AzerGold”un istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bu dövrdə bir sıra yeni alətlər, güzəştli kreditlər, vergi güzəştləri və azadolmaları və digər biznesə dəstək tədbirləri həyata keçirilib:

“Əsas hədəfimiz iş yerlərinin qorunub-saxlanmasından ibarət idi. Həmçinin, ölkə iqtisadiyyatının dayanıqlılığının qorunub-saxlanılması, karantin tədbirləri yumşaldıldıqca ölkə iqtisadiyyatının tam fəaliyyətinin təmin edilməsi, son illər müşahidə etdiyimiz iqtisadi artımın bərpa edilməsi idi.

2020-ci ildə ümumi daxili məhsulun (ÜDM) azalmasını gözləsək də, azalma tempi gözlədiyimizdən daha aşağı olacaq. Biz may-iyun ayında ÜDM-nin 4,5-4,75 faiz olmasını gözləyirdik. Hazırda iqtisadiyyatın azalma tempini 3,5-3,7 faiz ətrafında proqnozlaşdırırıq”.

Nazir qeyd edib ki, bu proqnozlarda pandemiyanın ikinci dalğasının olub-olmaması, olduğu halda hansı dərəcədə sərt olması vətədaşların müvafiq normalara riayət etməsi ilə bağlıdır:

“Çünki iqtisadiyyat və iqtisadi aktivlik birbaşa olaraq sosial aktivliklə bağlıdır. Bu mənada, hər iki sahədə qəbul olunan addımların bir-biri ilə ahəngdarlığı, icra olunması, nəzarətin nəticəsidir ki, əmək müqavilələrinin sayına, qeyri-neft sektoru ilə vergi gəlirlərinin qorunub-saxlanılması və ilkin proqnozdan aşağı olmasını müşahidə edirik”.

0
Oxu.az