Karantindən sonra ticarət mərkəzlərinə axın olacaq? – “Nəinki qiymət artımı...”

İQTİSADİYYAT
18:37 / 29.04.2020
1582

Məlum olduğu kimi, karantin rejiminin bitməsinə sayılı günlər qalıb. Deyilənlərə görə, karantindən sonra insanların ticarət mərkəzlərinə, xüsusilə geyim mağazalarına kütləvi axını olacaq. Çünki ölkədə karantin rejimi elan olunanda qış fəsli idi, hazırda isə yaz fəslindəyik. Bir müddət sonra havaların kəskin istiləşməsi isə yay kolleksiyalarına üz tutulmasına zərurət yaradacaq.

Maraqlıdır, bu, ölkədə geyim sektorunda bahalaşma yarada bilərmi? Ümumiyyətlə karantin rejiminin başa çatması iqtisadi mühitdə hansı dəyişikliklərə səbəb olacaq?

Hit.Az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, karantin rejimi insanların davranış və prioritetlərinin dəyişməsinə səbəb olub:

“Karantin dönəmində iş-güc azaldı, əsasən özəl sektorda bir çox sahə qapadıldı, əhalinin gəlirlərində düşmələr oldu, nəticədə isə insanların davranış qaydaları dəyişdi. Bu da öz növbəsində prioritetlərin dəyişməsinə gətirib çıxarır, indi əhalinin əlində olan əsas vəsaiti gündəlik tələbat mallarına, ərzağa, dərmana , kommunal xidmətlərin ödənişinə yönəldiblər. 

Hətta “Mall”lar açılsa belə, geyim mağazalarına filan xüsusi tələbat olacağını düşünmürəm. Ola bilər ki, insanlar gəzmək istəsin.  Gəzmək məqsədilə axın ola bilər. Amma geyim üçün filan ajiotaj olacağını gözləmirəm. Hətta bu sahədə nəinki qiymət artımı, endirimlər də ola bilər. Satış həcminin azalması bir çox  dükanların endirimə getməsinə gətirib çıxaracaq. 

Onların  həm də kolleksiya ilə bağlı problemləri var, yaz kolleksiyası ümumiyyətlə satılmayıb və artıq yay kolleksiyası gəlməlidir, ona görə də köhnəni satmaq lazımdır, nəticə olaraq bahalıq olacağını düşünmürəm”. 

Ekspert qeyd edib ki, bahalaşma ərzaqlarda müşahidə ediləcək:

“Bunun həm yerli, həm də xaricdən qaynaqlanan səbəbləri var. Dünyada indiki dövrdə bir çox məhsulların, xammalın ucuzlaşmasını görsək də, məhz ərzaqda bahalaşma müşahidə edirik, hətta bəzi ərzaq növləri var ki, bahalaşma 10-15 faizə yaxındır. Bizim ərzaq məhsullarında xaricdən 50-60 faiz asılılığımız var. 

Daha bir məsələ ondan ibarətdir ki, bəzi ölkələr müxtəlif növ ərzaq məhsullarının  ölkədən çıxışına ya qadağa qoyub, ya çox sərtləşdirib. Məsələn, buğda ixracatını Qazaxıstan, Rusiya və Ukrayna məhdudlaşdırıb.  Bəzi ölkələr də buna bənzər addımlar atıb. Ona görə də  ərzaq infilyasiyası daha güclü olacaq”. 

İqtisadçı ümumilikdə iqtisadi mühitdəki dəyişikliklərdən də söz açaraq qeyd edib ki, biz təqribən payız aylarında  iqtisadiyyatda çarxların yenidən dönməsinin şahidi ola bilərik və bu  heç də pis deyil:

“İqtisadiyyatın yenidən işə düşməsi ciddi zaman alacaq, heç kimdə  belə bir təəssürat yaranmamalıdır ki, karantin bitti, hər şey əvvəlki vəziyyətinə qayıdacaq. Elə deyil. Biznesin öz qanunlarına görə bir çox sahələrin yenidən işə düşməsinə ciddi zaman lazım olacaq. Bəzi sahələr üzrə isə bu il itirilmiş il kimi yadda qalacaq. Bu sahələrdən biri də turizmdir. Bu dünyada da belədir. 

Mənə elə gəlir ki, hazırkı vəziyyəti gələcəkdə dərsliklərə salıb turizmlə bağlı probləmlərin necə yarandığını tələbələrə də öyrətməlidirlər. İctimai iaşə isə ən son açılacaq sahə olacaq. Amma mən tez zamanda kafe və restoranlarda bolluğun olacağını düşünmürəm. Sosial məsafə qaydalarına əməl olunması, davranışlrın dəyişməsi, müəyyən qorxuların yaranması insanların psixologiyasına təsir edən amillərdir. Ona görə də iqtisadiyyatın bir çox sahələri addım-addım, yavaş-yavaş işə düşəcək”.

0