Dünya bazarında neftin qiymətinin azalması neft şirkətlərinə təbii olaraq mənfi təsir göstərdi. Bir çox şirkətlər xərclərini azaltma yoluna getdilər. BP şirkəti xərclərini 25%, “Schlumberger”, “Chevron” şirkətləri 30%, “Total” 20% azaldacaqlarını bildirdilər. Ötən ay bu sahədəki proqnozlar da pessimist yöndə idi.
Lakin aprelin 27-dən sonra bazarlarda neftin qiymətində artım müşahidə olunmaqdadır və indiki proqnozlar göstərir ki, karantin rejimləri yenidən sərtləşdirilmədiyi müddətcə bazarda stabillik davam edəcək. Hazırda birjalarda “Brent” markalı neftin bir bareli 36 dollar, WTI markalı neftin bir bareli 34 dollar ətrafında ticarət olunur.
Belə olan təqdirdə enerji şirkətləri elan etdikləri azalma strategiyalarında dəyişiklik edə bilərmi? Hazırkı vəziyyət şirkətlər üçün qənaətbəxşdirmi? Şirkətlər hansı addımları atdılar və hansı addımlar atıla bilər?
Bütün bu sualları enerji məsələləri üzrə ekspert, fəlsəfə doktoru Emin Axundzadə APA-ya şərh edib.
O xatırladıb ki, transmilli şirkətlər kapital xərclərini 15-50% azaldıblar. Ekspert qeyd edib ki, bəzi şirkətlərin axtarış-kəşfiyyat işlərini müvəqqəti dayandırması, qazma əməliyyatlarını müəyyən qədər azaltması, hasilatını aşağı salması işçilərin sayında bir qədər azalmalara səbəb olub. “ABŞ-da 9 həftə ərzində qazma qurğularının sayı 62% azaldılıb və ötən həftə ərzində isə qazma qurğularının sayı 683-dən 258-ə düşüb. Ümumilikdə, dünya üzrə indiyədək orta və böyük miqyaslı 100 şirkətin kapital xərcləri 85 mlrd. ABŞ dollarından çox azaldılıb. İşçilərin ixtisarının 61%-i kapital xərclərinin, 39%-i hasilatın azaldılması hesabına baş verib. Sərbəstləşmənin meydana gəlməsi əsasən qazma, tikinti, axtarış-kəşfiyyat şirkətlərində müşahidə edilib”, - o bildirib.
E. Axundzadə neft qiymətlərinin aşağı səviyyəsindən ən çox kiçik və qeyri-ənənəvi üsullarla hasilat aparan şirkətlərin təsirləndiyini qeyd edib: “Burada ilk növbədə şist neft hasilatçılarını qeyd etmək olar. ABŞ-da neft hasilatçısı olan 10 mindən çox kiçik şirkət mövcuddur və onların bir çoxu uzunmüddətli yüksək faizlə borclanan şirkətlərdir. Burada bəzi şirkətlər yaxın 2 il ərzində 90 mlrd. dollara qədər borc ödəməlidir. Maliyyə sıxıntıları ilə yanaşı, neft hasilatının da rentabelli olmaması şirkətləri çətin vəziyyətə salır. Məsələn, ABŞ-da ən böyük şist neft hövzələri olan “Permian” və “Eagle Ford”da qazma xərci 46 dollar, “Bakken” hövzəsində 51 dollar təşkil edir. Bu isə rentabelli olmadığından bir sıra kiçik neft hasilatçılarının bazardan çıxmasına, ciddi zərər görməsinə gətirib çıxarır. Dünyanın dördüncü böyük neft hasilatçısı Kanada, xüsusilə üçüncü ən böyük neft bölgəsi olan Alberta əyaləti neft qumunun çıxarılmasının mürəkkəb, hasilatın maya dəyərinin yüksək olması səbəbindən qiymətlərin aşağı düşməsindən ən çox təsirlənən ərazilərdəndir. İlin əvvəli ilə müqayisədə Kanada və ABŞ-da birlikdə təqribən gündəlik neft hasilatı 3 mln. barel azalıb. Bu miqdarın iyun ayının sonuna 4 mln. bareli keçəcəyi proqnozlaşdırılır”.
Ekspert qeyd edib ki, kiçik şirkətlərlə müqayisədə transmilli şirkətlər maliyyə dayanıqlılığının daha yüksək olmasına görə qısa və orta müddətli perspektivdə aşağı neft qiymətlərinə tab gətirə bilirlər. Onun fikrincə, böyük şirkətlərin neft qiymətlərindən təsirlənməsi daha çox müvəqqəti xarakter daşıyır.
Bazara təsir edən amillər
Ekspert bazarla bağlı hətta ən pessimist proqnozlarda belə III rübün sonu, IV rübün əvvəlindən etibarən qiymətlərin tədricən düzələ biləcəyi yönündə idi. Ancaq hazırki vəziyyətdə qiymətlərdə gözləntilərdən daha tez canlanma müşahidə edilir.
Onun sözlərinə görə, bu, karantin rejimlərinin daha tez yumşaldılmağa başlanması, emal müəssisələrinin fəaliyyətini tədricən bərpa etməsi, virus səbəbindən insanların daha çox fərdi nəqliyyat vasitələrinə üstünlük verməsi və s. səbəblərdən yanacağa tələbatın artması ilə bağlıdır.
“Aprel ayında dünyanın ən böyük neft idxalçısı olan Çinin neft idxalı hətta 2019-cu ilin müvafiq ayından daha çox olub. Çindəki tələbatın virusdan əvvəlki dönəmə qayıtdığı müşahidə edilir. Dünyanın ən çox neft istehlak edən ölkələrindən biri olan Hindistanda neft emalı müəssisələrinin emal həcmləri ötən həftə açıqlanan məlumata görə, 60% səviyyəsinə qalxıb və bu ayın axırına qədər 80%-ə qədər artacaq.
Avropanın müxtəlif ölkələrində iyun ayının soyuna kimi karantin rejimlərinin mərhələli olaraq yumşalacağı proqnozlaşdırılır.
Beynəlxalq Enerji Agentliyinin keçən həftədəki hesabatında da göstərilir ki, pandemiya dövründə 4 milyard insan özünütəcrid şəraitində fəaliyyətini davam etdirirdisə, may ayının sonunda bu göstərici 2,8 milyarda düşəcək.
Ümumiyyətlə isə, yay aylarında yanacağa tələbat yüksək olur. Bütün bunlar öz növbəsində tələbatın gözləntilərdən daha sürətli artmasına gətirib çıxardı. Beynəlxalq Enerji Agentliyi də bu il üçün tələbatdakı azalma proqnozunu dəyişdirərək 9,3 mln. bareldən 8,6 mln. barelə salıb.
Müşahidələr göstərir ki, ABŞ-da son 3 həftədə anbarlarda saxlanılan benzin ehtiyatları 10,3 mln. barel azalıb, ötən həftə azalma 3,5 mln barel təşkil edib”, - o əlavə edib.
E. Axundzadə “OPEC+” sazişinə qoşulan ölkələrin öhdəliklərini gözləntilərin əksinə olaraq tez zamanda yerinə yetirməsinin də bazara müsbət təsir etdiyini bildirib. “Digər tərəfdən isə Səudiyyə Ərəbistanının iyun ayından etibarən hasilatını əlavə olaraq 1 mln. barel könüllü azaldacağını açıqlaması, BƏƏ və Küveytin isə müvafiq olaraq 100 min və 80 min barel azaldacaqları ilə bağlı bəyanatı, Səudiyyə Ərəbistanı və Küveytin birgə neytral zonada istismar etdikləri “Əl-Xafci” neft yatağında 140 min barel azalma ilə bağlı açıqlamaları da qiymətlərə müsbət təsir edən amillərdəndir.
Bundan başaq, 16 həftədən sonra ilk dəfə olaraq ABŞ-da anbarların həcmi ötən həftə 745 min barel azaldı. Növbəti günlərdə anbarların səviyyəsi qiymətlərlə bağlı əsas göstərici olacaq.
Əvvəlki proqnozlarda qiymətlərin iyul-avqust aylarından sonra düzələcəyi gözlənilirdi, amma artıq may ayında qiymət artımı müşahidə edilir”, - ekspert əlavə edib.
Proqnozlar nikbindir
E. Axundzadə vurğulayıb ki, hazırkı vəziyyət neft bazarlarının gələcəyi baxımından ümidvericidir, bazarda müsbət ab-hava müşahidə edilir. Ekspert neft şirkətlərinin hazırkı vəziyyəti dəyərləndirəcəklərini, ixtisarlarla bağlı addımlar atmağa tələsməyəcəklərini qeyd edib: “Artıq qiymətlərdə yaxşılaşma özünü göstərir. Ən azından qiymətlər 33-36 dollar səviyyəsində stabilləşib. Əvvəlki proqnozlarda may ayının 19-da, fyuçerslərin son günündə qiymətlərin mənfiyə doğru düşəcəyi göstərilirdi, amma qiymətlərdə ciddi artım müşahidə olundu. Transmilli neft şirkətləri də hazırkı vəziyyəti ən azından növbəti bir ay müddətində dəyərləndirərək strategiyalarında dəyişiklik edə bilərlər. Hər şey bu şəkildə davam edərsə, neft şirkətlərinin zərərləri gözləntilərdən daha az olacaq. Təbii ki, tikinti və qazma şirkətlərində müəyyən müddətdə durğunluq müşahidə ediləcək və ixtisarların olması qaçılmazdır, lakin indiki vəziyyətdə bunun kütləvi xarakter alması əvvəlki proqnozlardan fərqli olaraq baş verməyə bilər”.
O xatırladıb ki, proqnozlar müsbətə doğru dəyişdirilib, “Goldman Sachs” investisiya bankı da pandemiya dövründə ilk dəfə olaraq proqnozunu müsbətə doğru dəyişərək 2021-ci ilin əvvəli üçün 48,5 dollardan 51,38 dollara, sonuna isə 65 dollara qədər yüksəldib.
Ekspert bundan sonra ciddi problem olmasa, karantin rejimləri yenidən sərtləşdirilməsə qiymətlərdə artım dinamikasının davam edəcəyini qeyd edib. “Bununla da şirkətlər zərərlərini bir qədər də kompensasiya edə biləcək. Bu da şirkətlərin maliyyə dayanıqlılığının yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bir çox şirkət öz təhlükəsizlik yastığını IV rübə qədər düşünürdü. Çünki bir ay bundan əvvəlki proqnozlarda qiymətlərin ən yaxşı halda avqust ayından sonra 35 dolları keçəcəyi gözlənilirdi, lakin qiymətlər artdığına görə, şirkətlərin dayanıqlılıq göstərəcəyi müddət də bir növ azalmış olur. Bu da onların maliyyə vəziyyətlərinə müsbət təsirini göstərəcək”.