Uzunmüddətli müharibə aparmaq üçün dövlətlərin güclü iqtisadi təminatının olması şərtdir. Müharibə böyük vəsait tələb edən prosesidir və iqtisadi imkanları zəif olan, yetərli qədər maliyyəsi olmayan dövlətlər uzunmüddətli gərgin müharibə aparmaq qabiliyyətinə sahib olmur.
Sfera.az xatırladır ki, sentyabrın 27-də Ermənistan Azərbaycana yenidən hücum edib. Azərbaycan ordusu bu təcavüzə cavab olaraq əks-hücuma keçib və qarşı tərəfin ordusuna ağır itkilər yaşadıb. İlk 5 günün nəticəsinə əsasən, Ermənistanın itirdiyi texnika və hərbi vasitə sayı olduqca çoxdur.
Sentyabrın 27-si səhər saatlarından sentyabrın 30-u saat 21.30-dək düşmən canlı qüvvədə, hərbi və döyüş texnikasında xeyli itki verib. Azərbaycan Ordusunun bölmələrinin hücumlarının təzyiqləri altında Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu ağır itkilərlə üz-üzə qalır.
Bu müddət ərzində düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanı, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası, 1 ədəd "S-300” zenit-raket kompleksi məhv olunub.
Artıq Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni hərbi birləşmələri öz bölmələrinin maddi-texniki təminatında ciddi çətinliklərlə üzləşir. Hərbi texnika və atəş vasitələrinin məhv edilməsi Ermənistanın müdafiə qabiliyyətini zəiflətməklə bərabər işğalçının iqtisadi imkanlarını da ağırlaşdırır.
İtirilən texnikanın ümumi dəyəri çox yüksəkdir. Ermənistanın döyüşdə istifadə etdiyi tankların əksəriyyəti T-72 model tanklardır. Bu tankın bir ədədinin bazar dəyəri 2,5-3 milyon dollar səviyyəsindədir.
Digər zirehli texnikalardan BMP 1, BMP 2 kimi vasitələrdən istifadə olunub. Onların bazar dəyərinin 1-1,5 milyon dollar olduğu bildirilir. Bu qiymətlərlə itirilən tankların və digər zirehli texnikaların dəyərinin 400 milyon dollar səviyyəsində olduğunu deyə bilərik.
Ermənistan ordusu qısa müddətdə 228 ədəd artilleriya və yaylım atəşki raket sistemlərini itirib. Yaylım atəş sistemləri arasında BM-21 "Grad” qurğuları, D-20 topları üstünlük təşkil edir. Azərbaycan ordusu tərəfindən məhv olunan bu və digər vasitələrin dəyəri 150-200 milyon dollar səviyyəsindədir.
Ermənistan ordusunun dəyər ifadəsində ən böyük itkisi hava hücumundan müdafiə sistemləri ilə bağlıdır. Qısa müddətdə işğalçı ordu çoxlu sayda "OSA” zenit-raket kompleksi itirib. Bununla bərabər bir ədəd S-300 hava hücumundan müdafiə vasitəsi məhv edilib. Bir ədəd "OSA” sisteminin dəyərinin 10-15 milyon dollar olduğu bildirilir. Vurulan S-300 vasitələrinin qiyməti isə daha yüksəkdir. Bu sistemə aid bir atış vasitəsinin qiyməti 100-200 milyon dollar dəyərindədir. Azərbaycanın zərbələri nəticəsində Ermənistanın 400 milyon dollardan artıq dəyərdə hava hücumundan müdafiə vasitələrinin məhv edildiyi məlum olur.
Avtonəqliyyat vasitələri, döyüş sursatları da nəzərə alınarsa ilk 5 gündə Ermənistan ordusunun itkisi 1 milyard dollardan artıqdır. Başqa sözlə döyüşlərin hər günü Ermənistana 200 milyon dollardan baha başa gəlib.
Bu məbləğ Ermənistan üçün olduqca yüksəkdir. İllik məhsul istehsalı 13 milyard dollar, dövlət büdcəsi 3,9 milyard dollar, hərbi büdcəsi 600 milyon dollar olan ölkə üçün bu itkiləri kompensassiya etməsi mümkün deyil. Ermənistanın bir günlük hərbi büdcəsi 1,6 milyon dollardır. Bunun yarıdan çoxu hərbi qulluqçuların saxlanması xərcidir. Ermənistan hər gün itirilənlərin əvəzinə 600-700 min dollar xərcləyə bilər ki, bu da itirilənləri zərrə qədər də kompensasiya etmir.
Ermənistanın valyuta ehtiyatları da məhduddur. Son məlumatlara əsasən dövlətin Mərkəzi Bankının 2,9 milyard dollar valyuta ehtiyatı var. Bu ehtiyatlardan istifadə etmək imkanı da çox azdır. Çünki valyuta ehtiyatları Ermənistan dövlətinin 3 milyard dollardan artıq olan xarici dövlət borcunun maliyyələşməsi üçün təminatdır. Hətta bu ehtiyatlardan istifadə edəcəyi təqdirdə belə Ermənistanın valyuta ehtiyatı 10-15 günə tükənəcək.
İqtisadi və maliyyə statistikası göstərir ki, sentyabrın 27-də başlanan aktiv hərbi qarşıdurmanın uzanması Ermənistanı daha ağır iqtisadi vəziyyətlə üz-üzə qoyacaq. Müharibə başlayandan ölkənin milli valyutası hər gün dəyər itirir, ölkədən aktivlərin, maliyyə vəsaitlərinin çıxışı müşahidə olunur. Belə bir vəziyyətdə Ermənistan əvvəlki müdafiə qabiliyyətini təmin edə bilmir.
Mövcud vəziyyətin iqtisadi və hərbi nöqteyi-nəzərdən təhlili göstərir ki, müharibənin bir ay aktiv məcrada qalması Ermənistan üçün uzun müddət qapanmayan ağır yara yarada bilər. Bu gedişlə bir ay ərzində Ermənistan ordusunun itirdiyi texnikanın, silah-sursatın dəyəri 5 milyard dolları ötəcək ki, bu da təcavüzkar dövlətin 10 illik hərbi xərclərinə bərabərdir. Başqa sözlə bir aylıq müharibə Ermənistan dövlətinin çoxillik dövr ərzində yaratdığı təminatın məhv olması ilə nəticələnəcək.
Buna görə də tam əminliklə demək olar ki, Ermənistan bu müharibəni uzun müddət apara bilməyəcək və müharibənin dayandırılması üçün cəhdlərini artıracaq. Artıq bunun işartıları var. Atəşkəs çağrışları, Ermənistan baş nazirinin 2 dəfə Rusiya dövlət başçısına israrla telefon açması, müxtəlif dövlət və hökumət başçılarının Azərbaycan Prezidentinə müraciət edərək əks-hucum əməliyyatının dayandırılmasını xahiş etməsi Ermənistanın müadafiə qabiliyyətinin gün keçdikcə zəifləməsinin əlamətidir.