Ermənistanın Azərbaycanı münaqişəyə çəkmək cəhdləri sentyabr ayının 27-dən etibarən Qarabağda yeni toqquşmalara səbəb oldu. Nəticədə, Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı və bir sıra yaşayış məntəqələri düşməndən azad edildi.
Ölkə başçısının bu məsələdə prinsipial mövqeyi və atılan addımlar Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa edilməsinə qədər davam edəcəyini göstərir.
Bəs Qarabağın düşməndən azad edilməsinin Azərbaycana iqtisadi cəhətdən hansı müsbət təsirləri olacaq?
Qarabağ kənd təsərrüfatı və turizm üçün əvəzsizdir
İqtisadçı-ekspert Rəşad Həsənov “MediaPost”a açıqlamasında torpaqlarımızın azad olunmasının Azərbaycana qazandıracağı iqtisadi avantajları sadalayıb. O bildirib ki, torpaqlarımızın düşməndən azad edilməsi Azərbaycanın iqtisadi inkişafı üçün çox vacib elementdir:
“Burada kənd təsərrüfatı, turizm və istehsal üçün kifayət qədər səmərəli torpaqlar var. Ən önəmli məsələ bu torpaqların Azərbaycan iqtisadiyyatına qazandırılmasıdır”.
Qarabağ Azərbaycana xarici investisiyanı kəskin artıracaq
Ekspertin sözlərinə görə, işğal edilən ərazilərin azad edilməsində ən önəmli faktor ondan ibarətdir ki, Azərbaycana xarici investisiya axını kəskin artacaq:
“Birincisi Qarabağın azad edilməsi ilə təmir bərpa işlərinə başlanılacaq. Bu isə beynəlxalq fondların bu istiqamətdə prosesə cəlb edilməsi deməkdir. BMT bu istiqamətdə 5 milyard dollar ayırıb, amma mövcud vəziyyətlə bağlı bu vəsait dondurulub. Və bu, sadəcə bir fonddan ayrılan vəsaitdir. Avropa Yenidənqurma və İnkişaf Bankın, Asiya İnkişaf Bankı, Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan bu istiqamətdə humanitar məqsədlərlə vəsaitlərin ayrılması gözlənilir”.
Digər tərəfdən sülhün bərpa edilməsi dolayısı ilə bölgəyə, o cümlədən Azərbaycana xarici investor marağını kəskin artıracaq:
“Uzunmüddətli investisiya qoyuluşlarına müharibə amili çox böyük təsir göstərir. İndiyə kimi bu amil Azərbaycanın bölgələrinin inkişafına mane olur. Amma sülhün təmin edilməsi xarici investor üçün bu kimi riskləri aradan qaldırmış olacaq. Və beləliklə, Azərbaycan dünya səviyyəsində xarici investorların maraq dairəsində olacaq”.
Dövlət büdcəsi əlavə yükdən xilas olacaq və sosial xərclərə yönələcək
R.Həsənov qeyd edib ki, 1 milyondan artıq məcburi köçkünün öz torpaqlarına qayıtması Azərbaycan dövlət büdcəsi üzərində bununla bağlı maliyyə yüklərini aradan qaldıracaq:
“Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması, sosial təminatının gücləndirilməsi üçün həm dövlət büdcəsi, həm də Dövlət Neft Fondundan iri həcmli vəsaitlər ayrılır. Bir neçə ildən sonra ərazilərin təmizlənmə, təmir-bərpa işlərinə başlanması və insanların bu ərazilərə köçürülməsindən sonra dövlət büdcəsindən bu istiqamətdə hər hansı bir ayırmalara ehtiyac qalmayacaq, büdcənin maliyyə yükü əhəmiyyətli səviyyədə azalacaq. Bu isə büdcənin digər istiqamətlərə yönləndirilməsinə və sosial xərclərin artırılmasına şərait yaradacaq”.
Tikinti sektoru canlanacaq, məşğulluq artacaq
Ekspert hesab edir ki, Qarabağın azad edilməsi tikinti sektorunda canlanmaya və eyni zamanda işsizlik problemini həll etməyə kömək edəcək:
“Ərazilər tamamilə işğaldan azad ediləndən sonra ciddi işçi qüvvəsinə ehtiyac yaranacaq. Tikinti sektorunda yenidən xüsusi canlanma müşahidə olunacaq və bu sektor Azərbaycan iqtisadiyyatının lokomotivinə çevriləcək. İlk 5-10 il ərzində beynəlxalq donor fondların, BMT-nin iştirakı ilə həmin bölgələrdə böyük həcmdə investisiya qoyuluşları, əsas kapitala yatırımlar istiqamətində fəaliyyətlər olacaq. Bu isə məşğulluğa çox böyük tövhə verəcək”.
Qələbə ilk 5 ildə 15-20 milyard yatırım deməkdir
R.Həsənov hesab edir ki, hazırda Azərbaycanın dövlət büdcəsinin illik əsas kapitala investisiya yükü çoxdur. Bu cəhətdən torpaqlarımızın azad edilməsi ilk 5 il ərzində 15-20 milyard dollar dəyərində əsas kapitala vəsait yatırımına səbəb olacaq proses olacaq:
“Qarabağ bütün aspektlərdən iqtisadi dəyər yaradan bölgədir. İlk dövrlərdə daha sürətli şəkildə iqtisadiyyatımıza qatqıları olacaq. Qələbə iqtisadiyyatımızın dayanıqlılığı, insanların rifahının yüksəlməsi, rahat həyat tərzinin təmin edilməsi istiqamətində çox böyük töhfə olacaq”.
Qarabağ iqtisadiyyat üçün neftdən də əhəmiyyətlidir
Ekspert vurğulayıb ki, Qarabağın iqtisadiyyata qazandırılması Azərbaycana neftdən də əhəmiyyətli dividendlər gətirəcək: “Çünki bu ərazi davamlı inkişaf göstərən bölgədir”.