“Azərbaycan iqtisadiyyatına 800 milyard dollar ziyan dəyib” – Komitə sədri

İQTİSADİYYAT
13:03 / 24.10.2020
1321

Silahlı Qüvvələrimizin Ermənistanı sülhəməcburetmə əməliyyatına başlaması, işğal altındakı torpaqlarımızı hissə-hissə azad etməsi Dağlıq Qarabağ münaqişəsi başlamasından indiyə qədər ötən vaxt ərzində Azərbaycana vurulan ziyanı müzakirə mövzusuna çevirib. Müdafiə Nazirliyinin azad edilən ərazilərimizdən çəkib yaydığı videogörüntülərdən də aydın olur ki, Ermənistan işğal etdiyi rayon, kənd və şəhərlərimizi, oradakı infrastrukturu, yaşayış evlərini və mülki obyektləri tamamilə dağıdıb. Ekspertlər bütün bunları nəzərə alaraq qeyd edirlər ki, erməni ideoloqlarının təhriki ilə Dağlıq Qarabağda separatçılığın baş qaldırması, ardınca Ermənistanın torpaqlarımıza təcavüzündən bu yana Azərbaycana yüz milyardlarla dollar həcmində ziyan vurulub. Maraqlıdır, müharibə Ermənistanın tam məğlubiyyəti ilə başa çatdıqdan sonra Azərbaycan ona vurulan maddi ziyanı təzminat kimi işğalçı dövlətə ödətdirə bilərmi? Beynəlxalq hüquq nöqteyi-nəzərindən belə bir təcrübə varmı?

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, müharibə başa çatdıqdan, bütün torpaqlarımız işğaldan azad olunduqdan sonra Ermənistandan dəymiş zərərlə bağlı təzminat tələb etməyimiz mümkündür:

Onun sözlərinə görə, 90-cı illərin əvvəllərində torpaqlarımızın işğal olunması nəticəsində Azərbaycan iqtisadiyyatına 800 milyard dollar ziyan dəyib:

“Bütün dəymiş zərər qiymətləndirmə komissiyası tərəfindən hesablanıb. Bizim 20 faiz torpağımız işğal edildi. Ermənilər oradakı infrastrukturu dağıtdılar. Torpaqlarımız azad olunduqdan sonra bərpaya nə qədər vəsaitin lazım olacağını bilmirəm. Ermənilər orada bizim 6 mindən çox müəssisəmizi dağıdıblar, 150 mindən çox ev, 320 min civarında mal-qara məhv edilib. Adətən, bütün dövrlərdə beynəlxalq hüququda əgər bir dövlət digərinə ziyan vurursa, dövlətin həmin ziyanı tələb etmək hüququ var. Bununla bağlı beynəlxalq sənədlər də mövcuddur. Sonuncu dəfə “Çıraqov ermənilərə qarşı” məhkəmə işində bir ailə Ermənistandan təzminat almaq üçün Avropa məhkəməsinə müraciət etmişdi və təzminatı almışdı. Belə nümunələr var. Sadəcə gərək, müharibə tam şəkildə bitsin, komissiya araşdırma aparsın, dəyən ziyan müəyyənləşsin, ondan sonra təzminat üçün müraciət edilsin. Söhbət təkcə 90-cı illərdən getmir, hazırkı dövrdə də müharibə başlayandan bəri ermənilər mülki yaşayış yerlərinə raket hücumu edirlər, Gəncədə, Tərtər və digər yerlərdə çoxlu sayda evlər dağıdılıb. Bunların hamısını qiymətləndirib Ermənistandan təzminat kimi tələb etmək  mümkündür. Əminəm ki, bu istiqamətdə də işlər görəcəyik. Çünki Baş Prokurorluq tərəfindən müvafiq araşdırmalar aparılır, sənədləşmələr həyata keçirilir. Hər halda hüquqi müstəvidə biz bunları Ermənistandan tələb edəcəyik”.

3