“35 min manatlıq bayraq vətənpərvərlik deyil, vətəndaşa hörmətsizlikdir..."

İQTİSADİYYAT
15:17 / 03.11.2020
2258

"Hansısa bir göstərici üçün 35,3 min manatlıq bayraq asmaq vətənpərvərlik deyil, əksinə vətəndaşa hörmətsizlikdir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin binasında bayraq əks olunmasına 35 min manat verilməsinə aydınlıq gətirərkən deyib. Ekspert hesab edir ki, əslində sözügedən qurum bunu guya vətənpərvər hisslərlə bağlı atılmış addım kimi təqdim eləməyə çalışıb.

"Amma tamamilə absurd yanaşmadır. Çünki Məşğulluq İdarəsinin görəcəyi işlər bu deyil. Əsl vətənpərvərlik həmin idarənin doğru-dürüst çalışması, vəsaitlərdən düzgün istifadəsi və məşğulluqla bağlı olan problemlərin həllində vətəndaşlara kömək etməkdir. İndi işsizliklə, müavinətlərlə bağlı ciddi problemlər var. Pandemiya ilə əlaqədar çoxlu sayda işsizlik yaranıb. Düzdür, indi müharibə şəraitidir, hamımız tək ürək, tək dirək olmuşuq deyə bu problemləri dilə də gətirmirik. Vətəndaşlar bütün məsələlərə, problemlərə anlayışla, dözümlü yanaşır".

Natiq Cəfərli hesab edir ki, dövlət qurumları öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir:

"Və hər bir məmur doğru-dürüst, dövlət büdcəsini şəffaf şəkildə xərcləməklə vətənpərvərliyini göstərməlidir".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi inzibati binasında dövlət bayrağının əks olunması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tenderin qalibi "Lotus Co" QSC şirkətinə 35,3 min manat ödəniləcək.

4