Azərbaycanla Pakistan arasında birbaşa aviareyslər açılacaq

İQTİSADİYYAT
17:08 / 03.11.2020
1164

Bu gün Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovla görüşü keçirilib.

Səfirlikdən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Pakistan arasında mülki aviasiya sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini, həmçinin sərnişin axınının və yük daşımalarının artırılması üzrə perspektiv planları müzakirə ediblər.

Səfir Cahangir Əsgərova bildirib ki, 2019-cu ildə 40 mindən artıq Pakistan vətəndaşı Azərbaycanı ziyarət etmişdir və COVID-19 pandemiyası sona çatdıqdan, eləcə də  beynəlxalq uçuşlarla bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu rəqəm daha da artacaq.

Eyni zamanda, səfir Azərbaycan vətəndaşlarının turizm məqsədilə və ticarətin inkişafı üçün Pakistana səyahətə böyük maraq göstərdiklərini də qeyd edib.

Danışıqlar zamanı Cahangir Əsgərov bildirib ki, birbaşa hava əlaqəsinin açılması iki ölkə arasında turizmin və işgüzar münasibətlərin inkişafına əlavə təkan verəcək.

2020-ci ilin yanvar ayında Azərbaycan və Pakistanın milli aviadaşıyıcıları arasında imzalanmış kod-şerinq sazişini xatırladan Cahangir Əsgərov, beynəlxalq hava əlaqələri bərpa edildikdən sonra hər hansı məhdudiyyət qoyulmadan, hər iki ölkənin istənilən hava limanına müntəzəm sərnişin reyslərinin həyata keçirilməsini təklif edib.

Görüşdə həmçinin qeyd olunub ki, Pakistanla Azərbaycan arasında birbaşa reyslərin açılmasına tələbat çoxdan yaranıb. Birbaşa reyslər uçuş vaxtını ən azı üç saatadək azaltmağa imkan verəcək, iki qardaş ölkə arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşdirilməsinə zəmin yaradacaq.

0